GÜNDƏM

BSU ilə Türk Dil Qurumu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb.

Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Rektor Anar Nağıyev qonağa BSU-nun tarixi, universitetdə tədris və tədqiqatların vəziyyəti barədə ətraflı məlumat verib. O, BSU-da türk dilinin tədqiqinin mühüm yer tutduğunu qeyd edərək bu ali təhsil müəssisəsində Türk araşdırmaları tədris-mədəniyyət mərkəzinin və Türkologiya kafedrasının fəaliyyət göstərdiyini bildirib. BSU-nun Türkiyə universitetləri ilə geniş əlaqələri olduğunu deyən A.Nağıyev ötən il oktyabrın 31-də BSU-nun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” konfransı çərçivəsində xarici panel təqdimatlarının Mərmərə Universitetinin Türk Araşdırmaları İnstitutunda keçirildiyini diqqətə çatdırıb.

Osman Mert rəhbəri olduğu qurumun tarixindən, fəaliyyət istiqamətlərindən söz açıb. Qonaq Türk Dil Qurumu ilə BSU arasında əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Görüşdə əməkdaşlıq imkanları, elmi nəşrlərin mübadiləsi, tədqiqat layihələrinin, o cümlədən birgə konfransların həyata keçirilməsi məsələləri müzakirə olunub.