Əlyazmalar İnstitutunun alimləri Məhəmməd Füzulinin yubiley tədbiri ilə bağlı müzakirələrdə iştirak ediblər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri Nəzakət Məmmədli, Əzizağa Nəcəfzadə və Xatirə Yusifova dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilə əlaqədar EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) – Azərbaycan və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransın elmi şurasına üzv seçiliblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, füzulişünas alimlər Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzində görkəmli tədqiqatçı, ictimai xadim, naşir və pedaqoqların, media mənsublarının qatıldığı təşkilat komitəsinin ilk iclasında Məhəmməd Füzuli irsinin tədqiqi, təbliği və tədrisi ilə bağlı mövcud problemlər ətrafında müzakirələrdə iştirak ediblər. Onlar konfransda təkcə füzulişünas alim və mütəxəssislərin, dahi şairin həyat-yaradıcılığını tədqiq edən doktorant və dissertantların deyil, eyni zamanda, ümumi təhsil məktəblərində çalışan müəllimlərin, həmçinin filoloji təhsil alan magistrant və tələbələrin qatılmasının faydalı ola biləcəyi fikrini irəli sürüblər.
Qeyd edək ki, konfransın elmi şurasına AMEA-nın elmlər doktoru hazırlığı proqramı üzrə dissertantı Aytən Hacıyeva da üzv seçilib.