ELM VƏ TƏHSİL

Agentlik: Tələbələrin köçürülməsi yay tətili dövründə həyata keçirilir

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydaları açıqlanıb.

Elminfo.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tələbələrin köçürülməsi elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız bir dəfə həyata keçirilir.

Qaydalara əsasən, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə yol verilmir.

Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) təhsil alan tələbələrin köçürülməsinə yol verilmir.

Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində tələbələrin ixtisasının dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır.

Magistraturada tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.

Təhsilalma forması tələbənin qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda dəyişdirilir.

Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ya ixtisasını dəyildirməsinə yol verilmir.

Xüsusi təyinatlı ali təhsil müəssisəsindən köçürülmə yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda həyata keçirilir.

Xaricdə dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisəsinə köçürülməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verdiyi halda mümkündür.

Qəbul imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak etməyən və ya iştirak edib xarici ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi ilə qəbul olunan tələbələrin köçürüllməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:

-bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

-tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.

Magistraturada tələbənin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlə aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.

Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.