Növbədənkənar Prezident seçkilərinin keçirilməsi yeni mərhələnin başlanğıcıdır.
Zəfər seçkilərinin keçirilməsindən sonra tariximizdə yeni dönəm başlamışdır. Zəfərimizi həzm edə bilməyən Ermənistan və onun beynəlxalq dəstəkçiləri indi arsenallarında qalan son patronlarını işə salıblar. 30 il əvvəl evlərindən didərgin düşmüş insanlar Zəfər seçkilərində artıq müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, öz doğma torpaqlarında Zəngilanda, Laçında, Şuşada, Fizulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə iştirak etdilər. Bu gün ölkəmiz regionda yeni reallıq yaradıb. Formalaşmış yeni geosiyasi düzən nəinki Cənubi Qafqazda, hətta beynəlxalq münasibətlərdə də yeni mərhələnin başlanğıcı hesab edilir. Bu baxımdan, növbədənkənar seçkilərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki, seçkilər həm də beynəlxalq ictimaiyyətə bir növ ismarıcdır. Hazırda bir sıra qüvvələr və dövlətlər ölkəmizin regionda artan, nüfuzuna, müstəqil siyasət həyata keçirməsinə qısqanclıqla yanaşırlar. Növbədənkənar seçkilər həm bu istiqamətdə təxribatların qarşısının alınması, siyasi sistemin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Seçkilərin keçirilməsi beynəlxalq hüququ əsaslanır və region ölkələrinin bir çoxunda bu baş verir. Məsələn, ötən ilin martında Türkmənistanda, noyabrda Qazaxıstanda, bu ilin yayında isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu, bir daha Azərbaycanda açıq, şəffaf və ədalətli rəqabət mühitinin formalaşdığından xəbər verir. 1993-cü ildən ötən 30 ildə Azərbaycanda demokratik şəkildə baş tutan 7-ci prezident seçkisi olmuşdur.
Dövlət başçısı Xankəndindəki ermənilərlə bağlı mövqeyini dəfələrlə bəyan edib, müsahibələrində “bu məsələdə Azərbaycan israrlıdır və heç bir güzəştə getməyəcək” demişdir. Son 30 ildə regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədə məğlub olub kapitulyasiya aktına imza atsa da, öz təcavüzkar siyasətindən əl çəkmir. Məğlubiyyətini həzm edə bilməyən bəzi qüvvələr revanşist mövqedən çıxış edir, “bəlkə də qaytardılar” xülyası ilə yaşayaraq müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törədir, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan Azərbaycanın sülh təklifinə məhəl qoymur, onu imzalamaqdan boyun qaçırır. Məğlub ölkənin bu davranışları isə haqlı olaraq qalib Azərbaycanı regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülh müqaviləsinin bağlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını zəruri hesab edir. Ölkə başçısı hər dəfə bunun qarşı tərəfə daha çox fayda gətirəcəyini vurğulayır. Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürlər. Azərbaycan qətiyyətlə bildirir ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, söhbət gedə bilməz! Azərbaycanın Konstitusiyası ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi qeyri-mümkündür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin taleyi ilə bağlı heç bir narahatçılığa əsas olmadığını bəyan edir, çünki respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir, ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri dinc, yanaşı şəraitdə yaşayır və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür, çünki onlar da Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə biləcəklər. Azərbaycan güclü dövlətdir və ölkəmizin orada yaşayan erməni əhalisinin dövlət təminatlarını ödəməsi üçün hər cür imkanlar var. Maraqlısı budur ki, postmuharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müfaviq qurumlarına daxil olan müraciətlərdə onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər. Ermənistan dövləti də bütün bunları nəzərə almalı, revanşist davranışlarla iki xalqın nümayəndələrinin dinc, yanaşı yaşamasının təmin edilməsi üçün addımlar atmalıdır. Qarabağda müəyyən sayda olan erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinə kömək göstərməlidir. Düşünürük ki, bu ən doğru seçimdir, çünki dövlət başçımızın dediyi kimi:”onlar peşman olmayacaqlar”. Bu gün Azərbaycan torpaqlarının bütün ərazilərində üçrəngli bayrağımız dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib:”Mən demişəm ki, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır”. Dekabrın 13–də Qazax rayonunda iki ölkə arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu – Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycan tərəfi isə erməni əsilli 32 hərbçini qarşı tərəfə təhvil verib. Əgər ermənilər “daşı ətəklərindən töküb” yaxşı-yaxşı fikirləşsələr görərlər ki, himayədarlarının boş vədlərinə rəğmən, onların yaxşılığını istəyən elə Azərbaycandır. Özünün təsdiqini tapmış belə bir deyim var:”Üçüncü artıqdır!” Bu mənada, Azərbaycan ikitərəfli görüşlərin keçirilməsində maraqlıdır. Seçkilərin nəticəsi 20 ilin uğurlarına söykənəcək.
Müasir tariximizə qızıl dövr kimi yazılan son 20 ildə Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara söykənən, yeni geosiyasi şərtlərə uyğun daxili və xarici siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ölkəmiz bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə problemlərini həll edən qüdrətli bir dövlətə çevrilib. Ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsüsən də Prezident İlham Əliyevin müəllifi olduğu milli iqtisadiyyat sayəsində regionumuza sülh, əmin-amanlıq və tərəqqi üçün yeni imkanlar yaradıb. Bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub. İlk dəfə 2003-cü ilin prezident seçkilərində İlham Əliyevi dəstəkləyən xalqımız bununla Ulu Öndər Heydər Əliyevin ideyalarının davamına, təhlükəsizliyə və inkişafa səs verdi. Ötən 20 ildən artıq dövrün reallıqları xalqımızın həm bu seçiminin, həm də sonrakı seçkilərdə İlham Əliyevə etimadının nə qədər düzgün və müdrik qərar olduğunu təsdiq edir. Azərbaycan Respublikası müstəqilliyin 30 ili ərzində özünün bütün vəzifələrini uğurla yerinə yetirmişdir. Ümummilli lideri Heydər Əliyev müstəqilliyin ilk illərində xalqımızı və dövlətimizi böyük bəlalardan xilas etmiş, dövlətin möhkəm əsaslarını yaratmışdır. Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 ildən atrıq bir dövr ərzində müstəqil dövlətimizi böyük addımlarla irəli aparmışdır. Onun rəhbərliyi ilə “Əsrin müqaviləsi” uğurla davam etdirilərək, ölkəmiz Avropanın əsas neft-qaz ixracatçısına çevrilmişdir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanı dünyanın həlledici səsə malik olan söz sahibi səviyyəsinə qaldırmışdır. Ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın əsas problemi olan Qarabağ məsələsi həll edilmişdir. Cəmi 44 gün ərzində erməni işğalçıları tarixi Azərbaycan torpağı olan Qarabağda darmadağın edilərək, xalqımız böyük Zəfər qazanmışdır. Bu ilin 20 sentyabrında isə cəmi 24 saatlıq uğurlu lokal xarakterli antiterror hərbi əməliyyatından sonra Qarabağda davam edən separatçı rejimin mövcudluğuna son qoyulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Bütün bunlara görə Azərbaycan Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə daxil olmuşdur. Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, doğma xalqından aldığı sarsılmaz etimad onu dünya liderlərinin ön sırasına çıxarmışdır.
7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən Zəfər və Qələbə seçkisi olaraq tarixə düşdü. Artıq Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam edən Böyük Qayıdış hərəkatı Qarabağ əhalisinin əksəriyyətinin özlərinin dədə-baba torpaqlarına qayıtmasına şərait yaratdı. Azərbaycanın çoxəsrlik tarixi ərzində ilk dəfə Azərbaycanın bütün ərazisində dövlət bayrağımızın dalğalandığı şəraitdə keçirilən birinci Prezident seçkisi kimi də mühüm böyük ictimai-siyasi əhəmiyyətə malikdir. Bu isə öz növbəsində Azərbaycanda müstəqil dövlətimizin suverenliyinin tam təsdiq olunduğu tarixi bir məqamın yerinə yetirilməsi deməkdir. Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir. Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə qəbul edildi. Azərbaycan Respublikasına rəhbərlik edən, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın hesabatını təqdim edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.
Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan – intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli lider olmaqla yanaşı tam düzgün seçimdir. Xalq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı işğaldan azad edən və erməni separatizminə son qoyan siyasətin davamına səs verdi. Azərbaycan Prezidenti İlham Əliyevin bütün müsahibə və çıxışları bir qayda olaraq həmişə istər yerli, istərsə də dünya KİV-də böyük rezonans doğurur. Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevin Qarabağ münaqişəsində göstərdiyi fədakarlığı yüksək qiymətləndirir və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı onun şah əsəri sayır. Buna görə də xalqımız seçkilərdə öz namizədi İlham Əliyevi gördü. Əbədiyaşar lider, fenomen şəxsiyyət Heydər Əliyev siyasətini davam etdirərək xalqımızı xoşbəxt gələcəyə aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəhrəmanıdır. Şərəfli zəfərlərimizin müəllifi kimi Sizə yeni qələbələr və uğurlar arzulayırıq.
Cəmil QULİYEV
AMEA–nın Lənkəran Regional Elmi Mərkəzinin
Elmi katibi, tarix üzrə fəlsəfə doktoru