GÜNDƏM

İrlandiyalı ekspert: Paşinyan Qərb himayədarlarının dəstəyini almaq istəyir, amma bu planı iflasa uğrayacaq

Ermənistan Cənubi Qafqazda vəziyyəti kökündən dəyişməyə çalışır və bu məqsədlə Qərbdən olan himayədarlarının dəstəyini almağa can atır.

Elminfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş aprelin 5-nə planlaşdırılan Aİ, ABŞ və Ermənistanın üçtərəfli konfransına münasibət bildirərkən deyib.

“Paşinyan Qərbin müdafiəsini həm özünün, həm də Ermənistanın gələcək təhlükəsizliyi üçün zəruri hesab edir. O, bir çox ermənilər kimi Ermənistanın ənənəvi müdafiəçisi olan Rusiyanın addımlarından məyus olub. Paşinyan, həmçinin onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalifət tərəfindən də təhlükə hiss edir”, – o bildirib.

Ekspert vurğulayıb ki, Ermənistan siyasi manevrlər nəticəsində uduzan tərəfə çevrildikdən sonra Cənubi Qafqazda vəziyyəti kökündən dəyişməyə çalışır.

Onun sözlərinə görə, Bakı Qərb və Şərq arasında ənənəvi balanslaşdırılmış xarici siyasətindən kənara çıxmaq istəmir. İrəvan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla böyük ölçüdə istisna edilən “Böyük Geosiyasi Oyunu” regiona idxal edib: “Güman edə bilərəm ki, Bakı ABŞ, Fransa və digər Avropa ölkələrini regiona siyasi oyunçu kimi cəlb etməkdə həvəsli deyil. Azərbaycan həm də qonşularının – Türkiyə, İran və Rusiyanın regionda Qərbin mümkün iştirakı ilə bağlı narazılığından xəbərdardır. Bakı görünür ki, erməniyönümlü siyasət yürüdən Qərb gündəmini qəbul etmək əvəzinə, Avrasiya gələcəyi çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək, Qərblə məsafəli münasibətlər saxlamaq istəyir”.

Lakin ekspertin fikrincə, Ermənistanın addımları sülh prosesini dalana aparır: “Ola bilsin ki, o, itirəcək heç nəyi olmadığına inanır. Amma xatırlamağa dəyər ki, digər dövlətlər də oxşar avantüralar nəticəsində daha çox şey itiriblər”.