ELM VƏ TƏHSİL

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında birgə fəaliyyət planı imzalanıb

Aprelin 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.

Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.

Görüşdə institutun baş direktoru professor Misir Mərdanov ötən ilin noyabrında Mingəçevirə səfərini xatırladaraq MDU ilə əməkdaşlığın qurulmasından məmnunluğunu dilə gətirib. Rəhbərlik etdiyi institutun mövcud elmi potensialından və buna müvafiq surətdə işbirliyi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin mümkün istiqamətlərindən bəhs edən baş direktor region universiteti olan MDU ilə əməkdaşlıq etməyə və onun potensialının inkişafına töhfə verməyə daim açıq olduqlarını bildirib.

MDU-nun rektoru Şahin Bayramov universitetdə riyaziyyat sahəsində kadr hazırlığının mövcud vəziyyətindən və ehtiyaclarından bəhs edib. Qarşılıqlı əməkdaşlığın universitetdə elm və ali təhsilin inteqrasiyasına, eləcə də MDU-nun yerləşdiyi regiondakı ümumtəhsil müəssisələrində riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında 2023-cü ilin noyabrında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda həyata keçiriləcək konkret tədbirləri özündə əks etdirən birgə fəaliyyət planı imzalanıb.

Fəaliyyət planında institut əməkdaşlarının MDU-da ustad dərsləri keçirməsi və magistr dissertasiyalarına rəhbərlik etməsi, MDU əməkdaşlarının institutun elmi seminarlarında iştirakı, birgə elmi tədqiqatların aparılması və ortaq elmi məqalələrin dərc olunması, MDU-da Riyaziyyat festivalının təşkili, Mingəçevirdə Riyaziyyat olimpiadasının keçirilməsi və digər tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da kadr hazırlığının və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi məqsədilə qabaqcıl yerli və xarici universitetlərlə, eləcə də elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilir.