ANALİTİK MƏQALƏLƏR

Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri

Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması.

Azərbaycanın xarici siyasətinin yeni tarixi mərhələdə əsas istiqamətlərinin hər biri aktualdır. Onların sırasında dördüncü istiqamətin xüsusi yeri vardır. Çünki bu istiqamət özündə regional və qlobal xarakterli bir sıra mühüm geosiyasi və siyasi məqamları birləşdirir.

Region: təhlükəsizlik arxitekturası və qlobal problemlər

Xarici siyasətin dördüncü istiqaməti regional və beynəlxalq təhlükəsizliyin təmini aspektində çox mühüm siyasi, geosiyasi və hüquqi məqamları özündə ehtiva edir. Həmin istiqamət aşağıdakı kimi formulə edilib: “Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması”.

Burada milli və regional təhlükəsizlik kontekstində beynəlxalq miqyasda Azərbaycanın geosiyasi statusu (Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi), dünya miqyasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasında ölkəmizin fəal iştirakı (beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılması) və ilk iki faktor əsasında qlobal problemlərin həllində Azərbaycanın rolu (qlobal problemlərin həllində rolunun artırılması) məsələləri üzvi surətdə nəzərə alınır.

Bu istiqamətin geosiyasi və siyasi əhəmiyyəti nəzəri-politoloji və praktiki-siyasi aspektlərin qarşılıqlı əlaqəsində aydın görünür. Bunun üçün yuxarıda vurğuladığımız üç aspektin siyasi-nəzəri qarşılıqlı əlaqəsi müstəvisində bir sıra anlayışlara nəzər salaq.

Öncə vurğulayaq ki, Azərbaycanın xarici siyasətinin yeni tarixi mərhələdə həmin istiqaməti keçən əsrin 90-cı illərində formalaşmış “yeni regionalizm” nəzəriyyəsinin əsas müddəalarına uyğundur. Həmin nəzəriyyəni İsveç alimləri B.Hettne və F.Söderbaum işləyib hazırlayıblar. “Yeni regionalizm”in təhlükəsizlik, sabitlik və əməkdaşlıq aspektlərində məğzini regional miqyasda dövlətlərin münasibətlərinin yekun effekti kimi cəmiyyətin hər bir sferası üzrə təhlükəsizliyin təmini ideyası təşkil edir. Buradan “yeni regionalizm”dən beynəlxalq miqyasda dövlətlərarası münasibətlərin məzmununa çıxış vardır.

Regionlar arasında münasibətlər öz növbəsində qlobal təhlükəsizlik məsələsində toplumların bütün fəaliyyət sferalarını əhatə edən konstruktiv və bərabərhüquqlu münasibətləri önə çəkir. Deməli, “yeni regionalizm” həm ayrıca region səviyyəsində təhlükəsizliyin təməlinə sabitliyi, hüququ, əməkdaşlığı qoyur, həm də bu özəlliklərin qlobal miqyasa praktiki proyeksiyasını tələb edir.

Burada nəzəriyyə müəlliflərinin bir təsnifi maraqlıdır. Onlar elə regionları dünya sisteminə təsir edən faktor kimi götürürlər ki, həmin regionlarda təhlükəsizlik və regional münasibətlər yüksək inkişaf mərhələsindədir (1).

Belə çıxır ki, müasir mərhələdə regional lider dövlətin qlobal miqyasda uğurlu olması üçün öncə yerləşdiyi regionda sabitlik, əməkdaşlıq və təhlükəsizlik arasında yüksək əlaqələr qurmalı, eyni zamanda, praktiki-siyasi müstəvidə onun işlək olmasını təmin etməlidir. Buna görə də Azərbaycanın yeni tarixi mərhələ üçün vurğuladığımız üç aspekti üzvi surətdə bir istiqamətdə birləşdirməsi böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi problemə müasir nəzəri tədqiqatlar kontekstində və yerli şəraiti ciddi nəzərə alaraq yanaşır. Bu prizmadan regional və beynəlxalq təhlükəsizliyin əsas əlamətləri üzərində qısa dayanmağa ehtiyac yaranır.

Politoloji ədəbiyyatda beynəlxalq təhlükəsizlik beynəlxalq qanunlara əməl olunduğu geosiyasi məkan kimi nəzərdən keçirilir. Burada beynəlxalq qanunlar siyasi subyektlərə, onların qanuni suverenliyinə təminat verir. Regional təhlükəsizlik isə bu və ya digər regionların ölkələri arasında münasibətlər sisteminə aiddir. Bu zaman dövlətlər öz iqtisadi, siyasi və mədəni inkişaflarını suveren müəyyən etmək imkanına malik olurlar. Region dövlətləri həm müharibə təhlükəsindən, həm də iqtisadi, siyasi təxribatlar və daxili işlərə müdaxilədən azaddırlar (2).

Təhlükəsizlik və “yeni regionçuluq”: Cənubi Qafqaz reallıqları

“Yeni regionalizm” təlimi çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sıx əlaqədə götürülür. Regional təhlükəsizliyin qlobal təhlükəsizliyin tərkib hissəsi kimi nəzərdən keçirilməsi həmin münasibətlərin müasir mərhələdə ana xəttini təşkil edir. Çünki hər iki miqyasda təhlükəsizliyin təmini, faktiki olaraq, konkret siyasi, geosiyasi və təhlükəsizlik faktorlarının vəhdətini tələb edir. Bu prizmadan iki digər siyasi və geosiyasi xarakterli parametr aktuallıq kəsb edir. Onlardan biri regional təşkilatlanma forması, digəri isə institusional əlaqələrin beynəlxalq münasibətlərin iştirakçısı olmasıdır.

Azərbaycanın xarici siyasətinin dördüncü istiqaməti kontekstində vurğuladığımız məqamların qarşılıqlı əlaqələrinin siyasi və geosiyasi əhəmiyyəti danılmazdır. Onların fonunda Azərbaycanın beynəlxalq münasibətlərinin möhkəmlənməsi, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması və qlobal problemlərin həlli daxili siyasi məntiqi bağlılığa malikdir.

Burada Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənməsi açar hədəfdir. Çünki yalnız güclü dövlət buna nail ola bilər. Deməli, dördüncü istiqamət, faktiki olaraq, Azərbaycanın Cənubi Qafqazın güclü dövləti kimi beynəlxalq münasibətlər sistemində öz yerini müəyyən etməsini və buna uyğun rol oynamasını nəzərdə tutur. Bu əsas məqsədə çatmaq üçün Azərbaycan diplomatiyası konkret iki mexanizmi də müəyyənləşdirib. Onlardan biri ölkənin beynəlxalq təhlükəsizlik sistemi arxitekturasında fəal iştirakının təmini, digəri isə qlobal problemlərin həllində iştirakla bağlıdır. Maraqlıdır ki, hər iki mexanizmin özü də konkret mexanizmlərə söykənir: regional təşkilatlanma və institusional əlaqələrdə Azərbaycanın aparıcı rol oynaması.

Bununla geosiyasi və siyasi anlamlarda ciddi əhəmiyyəti olan bir fəaliyyət sistemi yaranmış olur. Bunu konkret faktlarla sübut edə bilərik. Bunun üçün öncə beynəlxalq təhlükəsizlik arxitekturasının müasir məzmununa nəzər salaq. Ənənəvi olaraq beynəlxalq miqyasda təhlükəsizliyi iki üsulla təmin etməyə çalışırlar. Onlardan biri güc üstünlüyünə malik olaraq digərlərini buna tabe etməklə bağlıdır. Digəri dövlətlərarası münasibətlərdə güc formasını yaxına buraxmamağa rəğmən, yenə də gücə əsaslanmaqla əlaqəlidir və istənilən təcavüzkara qarşı ciddi müqaviməti nəzərdə tutur (3). Sonralar dövlətlərin kollektiv özünümüdafiə hüququ bir sıra sənədlərdə, məsələn, Versal sülh müqaviləsində öz əksini tapdı (4).

2022-ci ildə Beynəlxalq Şiller İnstitutunun sədri Sepp-Laruş Helqa beynəlxalq təhlükəsizliyin arxitekturasının 10 yeni prinsipini təqdim edib. Bunlar aşağıdakılardır:

BMT-nin dinc yanaşı yaşamaqla bağlı 5 prinsipi əsasında milli dövlətlərin tam suverenliyi; hər bir ölkədə yoxsulluq səviyyəsinin aşağı salınmasının mütləq prioritetliyi; müasir səhiyyə sistemlərində insan ömrünün uzadılmasına ciddi diqqət yetirilməsi; ümumi təhsilin hər bir insan üçün əlçatan olması; beynəlxalq maliyyə sisteminin vurğulanan prinsiplərin həyata keçməsinə əhəmiyyətli yardım etməsi; yeni iqtisadi nizamın yaradılması; geosiyasi proseslərdə bloklara bölünmə düşüncəsinə son qoyulması; dünyaya yeni qlobal baxış formalaşması; münaqişələrin aradan qaldırılması üçün yeni qlobal yanaşmanın formalaşdırılması; insanın fəzilətli varlıq olduğu düşüncəsinin dominant olması (5).

Söhbət ondan getmir ki, bu prinsipləri dünya qəbul edib. Bunlar yalnız təkliflərdir, lakin onların məzmunu müasir mərhələdə beynəlxalq təhlükəsizliyə risk gətirən faktorlarla bağlıdır. Həmin səbəbdən 10 yeni faktor maraq doğurur. Bununla yanaşı, politoloqlar strateji geosiyasi sabitliyə təminatın olmaması kimi digər riskli özəlliyi vurğulayırlar. Bunun səbəbi isə rəqəmsallıq şəraitində kibersilahların sürətli inkişafıdır. Bu prosesin nəticələrindən biri, ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminin dəyişməsi ola bilər (6).

Bu fikirlərdən iki mühüm siyasi nəticə çıxara bilərik. Birincisi, bütövlükdə müasir mərhələdə qlobal təhlükəsizlik sisteminin məzmunu birmənalı aydın deyildir və fərqli təkliflər vardır. Bunlar hazırda təhlükəsizlik arxitekturası üçün risklərin mövcud olduğu anlamına gəlir. Deməli, onun fonunda hər bir regionda daha fəal, uğurlu lider olan dövlətin təhlükəsizlik aspektində rolu daha da artmalıdır. Cənubi Qafqazda bu, Azərbaycandır. Azərbaycan regional lider kimi beynəlxalq təhlükəsizlik arxitekturasında konkret proqramları ilə iştirak edir. Onlar sosial, iqtisadi, enerji, nəqliyyat-logistika və informasiya xarakterlidir.

Təsadüfi deyil ki, indi Qərb siyasi liderləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rol oynadığından danışır. Bu prosesi Azərbaycan həm regionda yeni təşkilatlanma platformaları yaratmaqla, həm də institusional əlaqələri yeni səviyyəyə çatdırmaqla koordinasiya edir. Dördüncü prioritet istiqamət məhz həmin aspektlərdə Azərbaycanın rolunun yeni tarixi mərhələdə artmasına xidmət edir.

Həmin sırada konkret fakt kimi bərpaolunan enerji və informasiya təhlükəsizliyi sferalarında rəsmi Bakının atdığı addımları göstərə bilərik. Hər iki sferada Azərbaycan region dövlətləri də daxil olmaqla bir çox ölkələrlə faydalı əməkdaşlığa imkan verən yeni layihələrə imza atır. Bu sırada Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində Bakının təşəbbüsləri diqqəti çəkir. Maraqlıdır ki, Azərbaycan rəhbərliyi bu təşkilatlar daxilindəki fəaliyyətini Rusiya ilə əlaqələrin inkişafı ilə uğurla əlaqələndirməkdədir. Son zamanlar Rusiya tərəfi ilə konkret məhsuldar layihələr üzərində işləyən məhz Azərbaycandır. Həmin layihələr həm regional miqyasda, həm TDT miqyasında, həm də QH miqyasında əməkdaşlığa zidd deyil, əksinə, onlarla tam uzlaşır.

Təhlükəsizlik aspektində də Azərbaycanın təşəbbüsləri faydasını verməkdədir. O cümlədən “3+3” formulunun reallaşması zərurətini getdikcə regionun hər bir dövləti anlamaqdadır. Bunun fonunda Zəngəzur dəhlizi ilə bağlı son proseslər müəyyən ümid yaradır. Bundan başqa, hətta İran dərk etməyə başlayır ki, Ermənistanın başlıca niyyətlərindən biri Qərbi regiona gətirməklə bağlıdır. Rəsmi Tehran təkrar-təkrar bəyanat verir ki, Qərbin regiona gəlişi qəbuledilməsdir. Deməli, ən faydalı olanı Azərbaycanın təklif etdiyi “3+3” formulunu reallaşdırmaqdır. Onun reallaşması Zəngəzur dəhlizinin də İran üçün təhlükəsiz və faydalı olacağını göstərəcəkdir. Deməli, Azərbaycan rəhbərliyi artıq dördüncü istiqamətin həyata keçməsinə başlayıb.

Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətin dördüncü istiqamətində beynəlxalq mövqelərini möhkəmlətməsi üçün beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında və qlobal problemlərin həllində aktiv iştirakını real edə biləcək daha iki fakt vardır. Onlardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlıdır. İkinci fakt isə Azərbaycanın regional miqyasda sabitliyi pozmağa yönəlmiş xarici təsirləri neytrallaşdırmaqda liderlik etməsidir.

Yeni reallıqlar:COP29 və “daşları tərpədənlər”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hazırda qlobal miqyasda çox ciddi qəbul edilən iqlim dəyişikliyi probleminin həlli mexanizmidir. Bu tədbirə ev sahibliyi etmək çətin prosesdir və dünya dövlətlərinin yüksək etimadını tələb edir. BMT-də rəqabət əsasında onun təşkil edilməsi hüququna sahib olmaq proseduru vardır. Azərbaycan ciddi rəqabət şəraitində həmin haqqı qazandı. 2024-cü ildə COP29 Azərbaycanda keçiriləcək və tədbirdə müxtəlif ölkələrdən nümayəndələr iştirak etməlidir.

Tədbirdə iqlim dəyişikliyinə qarşı dünya dövlətlərinin əlaqələndirilmiş tədbirləri müzakirə olunacaqdır. Azərbaycanın da təşəbbüslər irəli sürəcəyi gözlənilir. Bütün bunlar qlobal miqyasda davamlı gələcək inkişafa doğru daha bir addım atmaq məqsədi daşıyır (7).

Sirr deyil ki, COP dünyanın ən inkişaf etmiş kəsimi də daxil olmaqla bəşəriyyət üçün ciddi əhəmiyyət daşıyır. Hazırda bu məsələ qlobal problemlər sırasında ən aktualı hesab olunur. COP çərçivəsində atmosferin təmizliyi kontekstində yeni “yaşıl texnologiyalar”ın tətbiqi və bütövlükdə dünyanın “yaşıl iqtisadiyyat”a keçidi kimi strateji əhəmiyyətli məsələlər müzakirə ediləcək (8).

Tərəflər Konfransının növbəti sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksək səviyyədə olduğunu sübut edir, Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir: “Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq”(9).

Vurğulanan məqamlar onu ifadə edir ki, Azərbaycanın xarici siyasətinin dördüncü prioritet istiqaməti qlobal problemlərdə ölkənin aktiv iştirakı aspektində artıq faktiki olaraq reallaşmağa başlayıb. Təhlükəsizlik sferasında da bu prosesin getdiyini “3+3” formulunun və kommunikasiyaların açılması istiqamətində atılan yeni addımların mövcudluğu təsdiq edir. Xüsusilə Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyət miqyasının nəzarətdə saxlanması kontekstində və sərhədlərin delimitasiyası ilə bağlı müşahidə edilən diplomatik proseslərdə həmin məqam özünü göstərir. Bu proseslərdən hər hansı kənara çıxmalar olduqda rəsmi Bakı iradəsini ortaya qoyur. Maraqlıdır ki, artıq Nikol Paşinyan da hər hansı addımı atmaq istəyəndə Azərbaycanın siyasi və geosiyasi iradəsini arqument kimi gətirir.

Digər fakt kimi Azərbaycanın regional təşkilatlanmaya verdiyi töhfələri göstərə bilərik. Bu aspektdə isə “Qafqaz Evi” ideyasının hələ də gündəmdə olmasını xatırlamaq olar. Həmin ideya BMT-nin Nizamnaməsində nəzərdə tutulan və yeni regionalizmin prinsipləri əsasında reallaşmalıdır. Bu istiqamətdə rəsmi Bakının yeni təşəbbüslərinin şahidi ola bilərik.

Nəhayət, regional təhlükəsizliyə qarşı kənardan olan informasiya, ideoloji, terror və digər təhdidlərlə Azərbaycan xüsusi xidmət orqanlarının apardığı mübarizəni vurğulamaq gərəkdir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümüilə bağlı dərc edilən məqaləsində ətraflı bəhs edib. Onu da qeyd edək ki, hələ 2021-ci ildə Ə.Nağıyev region üçün təhlükə törədən dörd istiqamətdən bəhs etmişdi. Onlar aşağıdakılardır:

Vətən müharibəsindən sonra bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri; Ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti; Bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi; İnformasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlər (10).

Məlum olur ki, həmin təhlükələr bütövlükdə region miqyasında indi də qalmaqdadır və hətta yeni konkret detallar əlavə olunub. Onları DTX sədri yığcam ifadə edib. Həmin sırada Ə.Nağıyev vurğulayıb ki, “Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışa bilməyən Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır” (11).

Deməli, söhbət, faktiki olaraq, BMT TŞ-nin daimi üzvlərindən birinin Cənubi Qafqazda təhlükəsizliyin təmininə ciddi təhlükə törətməsindən gedir. Digər təhlükələrin – təxribat, terror, informasiya müharibəsinin elementləri və s. haqqında da DTX sədri danışıb.

Beləliklə, yuxarıda aparılan təhlil göstərir ki, Azərbaycan rəhbərliyi xarici siyasətin dördüncü istiqaməti üzrə konkret fəaliyyətə göstərir. Meydana çoxlu sayda məqamlar çıxır. Ölkə rəhbərliyi onların hər birini nəzərə alaraq dördüncü istiqaməti reallaşdırmaqdadır.

Mənbələr

Hettne Björn, Söderbaum Fredrik.The New Regionalism Approach // Politeia, Vol 17, №3. – 1998. – pp. 6-21. Словарь по политологии / под ред. проф. В.Н.Коновалова. – Ростов н/Д.: Изд-во РГУ, 2001. – 285 с. Радиков И.В. Архитектура безопасности в системе международных отношений: эволюция и перспективы обновления // ПОЛИТЭКС. – 2010. – Т. 6. – № 4. – С. 229-248. Версальский мирный договор / Под ред. Ю.В. Ключникова, А. Сабанина. М.: Издание Литиздата НКИД, 1925. C. 7-15. Хельга Цепп-Ларуш. Десять принципов новой архитектуры международной безопасности и развития // Устойчивое инновационное развитие:проектирование и Управление [Электронный ресурс] // гл. ред. А.Е. Петров. – Дубна. 2023, Tом 19 № 2 (59), c. 47-50.URL: http://www.rypravlenie.ru/wp-content/uploads/2023/07/Prilozhenie_HZL.pdf. Müraciət tarixi 31.03.2024. Сергей Себекин. Будущее международной системы информационной безопасности в условиях кризиса архитектуры стратегической стабильности. РСМД, 16 ноября 2020. URL: https://russiancouncil.ru/analytics-and-comments/columns/cybercolumn/budushchee-mezhdunarodnoy-sistemy-informatsionnoy-bezopasnosti-v-usloviyakh-krizisa-arkhitektury-str/?sphrase_id=130486627 COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək // Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 11 dekabr 2023 // https://eco.gov.az/az/nazirlik/xeber?newsID=20466 The Hub: COP29 to nudge global climate policy in a more pragmatic position. 28 mart 2024 // https://report.az/en/cop29/the-hub-cop29-to-nudge-global-climate-policy-in-more-pragmatic-position-regarding-hydrocarbons-and-green-financing/ Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir // “Xalq qəzeti”, № 64 (30468), 29mart 2024-cü il. DTX-nın Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib // “Səs” qəzeti, № 196 (6396), 27 oktyabr 2021-ci il. Əli Nağıyev. Dövlətin təhlükəsizliyi naminə // “Respublika” qəzeti, № 63 (7821), 28mart 2024-cü il.

Kamal Adıgözəlov

V məqalə

https://www.turkustan.az/news/authors/79146