Türküstan Basmaçı hərəkatı
Basmaçı hərəkatı 1917-1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı Türküstan türkləri tərəfindən Orta Asiyada başladılmış olan üsyanların adıdır.Bu hərəkatın əsas savaşçılarını müsəlman türklər,qismən də taciklər təşkil edirdi.
Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində yaşayan özbəklər arasında 1917-ci ildə oldu və tez zamanda Orta Asiya (Türküstan) türkləri arasında yayıldı.
Bolşeviklərin Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasət ilə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq,Bolşevik dövrünün çar dönəmindən daha irticaçı olmağını, hətta xüsusi ilə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənçilik bəslədiklərini (halbuki Çar Rusiyası dövründə özəl mülkiyyət sərbəst idi) görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olunduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar. Türküstanın hər yerində “qırmızı terror” tuğyan edirdi.Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, ”əksinqilabçı” və “təxribatçı” adı ilə dərhal “Qırmızı terror”un qurbanı olurdu.
Buxara və Xivə xanlığının hakimiyyət strukturlarını dağıtmaq üçün hər iki xanlıq ərazisinin hər yerində İnqilab Komitələri yaradıldı və onlara fövqəladə səlahiyyətlər verildi.Bolşeviklər Türküstanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasında parçalanma və düşmənçilik salır,əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Onlar xalqı öz tərəflərinə çəkmək məqsədilə, guya “istismarçılara qarşı fəhlə-kəndli hakimiyyəti” yaratmağa çalışdıqları barədə geniş təbliğat kompaniyası aparırdılar.
Lakin zahiri təbliğatla real hərəkət daban-dabana zidd idi. Əslində, hər şey Xivə və Buxara xanlığı ərazisində xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı kommunist diktaturasının yaradılmasına yönəldilmişdi. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.
Elə həmin məqsədlə də Alaş Ordada (1917-1920) milli dövlətçilik strukturları məhv edilir, bolşeviklərin (rusların) yeni güc strukturları yaradılırdı. Bu sahədə atılan ilk addım Alaş Orda, Xivə və Buxara xanlığı ərazisində polis təşkilatını ləğv edərək fəhlə-kəndli milisi (“qırmızı milis”) yaradılmasından ibarət oldu. Fəhlə-kəndli milisi ilə yanaşı, Fövqəladə Komissiya (“ÇK”-Çrezvıçaynaya Komissiya) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı.
Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur “əksinqilaba və təxribatçılığa qarşı mübarizə” pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə Türküstanın ziyalı potensialını məhv etməyə başladı.
Kommunist rejiminin bərqərar olması ilə Türküstanda siyasi partiyalaşma və azad mətbuata son qoyulur. Təqribən yetmiş il ərzində Türküstanda birpartiyalı sistem bərqərar olur.
Türküstanda Basmaçı Hərəkatının başlanması
Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci ilin əvvəlindən etibarən ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Lakin Türküstan (Orta Asiya) türkləri özlərinə “İslam əsgərləri” və ya “Türküstan azadlığının əsgərləri” deyirdilər.Basmaçı termini dünya ədəbiyyatında ilk dəfə, 1918-1919-cu illərdə Orta Asiyaya səfər edən, Cozef Castagne tərəfindən 1925-ci ildə Parisdə nəşr etdirilən “Basmaçılar” məqaləsindən sonra yer aldı. Daha sonra Orta Asiyalı Mustafa Çokayın, 1928-ci ildə Asiatic Review (Asiya İcmalı) adlı, Londonda yayımlanan jurnalda, “The Basmacı movement Turkestan” (Türküstan Basmaçı hərəkatı) adlı məqalədə basmaçı termini işləndi. Beləliklə 1930-cu ildən sonra Basmaçı sözü bütün dünya ədəbiyyatında işlənməyə başlandı.
Basmaçı hərəkatının başlanğıc nöqtəsi Kokand şəhəri oldu. Rus ordu qüvvələrinin Kokand şəhərini işğalı sırasında, şəhər müdafiəsiniun başçısı olan Kiçik Erqeşin 27 fevral 1918-ci ildə öldürülməsindən sonra silahdaşları Baçır adlı kənddə yığıncaq keçirərək Katta (Uzun) Erqeşi başçı seçdilər.Türküstanın azadlığının əsgərləri 1919-cu ilin noyabrına qədər Fərqanə vadisinin böyük hissəsini ələ keçirdilər. Qorxuya qapılan Sovet idarəçiləri üsyanı yatırdacaq tədbirlər gördülər,ancaq bunların heç biri işə yaramadı. Çünki üsyanın əsas qüvvəsini olan kəndlilərin yanına, sənətkarlar, yenilikçilər və din adamları da qatılmışdılar.
Katta Erqeşin 1918-ci ildə öldürülməsindən sonra üsyanın başına Margilanlı Məmməd Emin bəy keçdi. Onun komandanlığı altında Türküstanın azadlıq əsgərləri çox mühüm qələbələr əldə etdilər. Orta Asiyada işləyən Georgi Safarovun fikrinə görə,1919-cu ildə Sovetlərin Orta Asiyada vəziyyətləri çox ağırlaşmışdı. Çarələr arayan işğalçılar ən sonda, Qızıl Ordunun şərq komandanı Mixail Vasilyeviç Frunzeni,13 avqust 1919-cu ildə Orta Asiya cəbhə komandanı olaraq təyin etdilər.
Frunze Bişkek şəhərində 1885-ci ildə anadan olmuş, milliyətcə moldovan idi. Gəncliyini Türküstanda (Orta Asiya) keçirdiyi üçün, türklərin adətlərini çox yaxşı bilirdi. Orta Asiya cəbhə komandanı təyin olunduqdan sonra Frunze, ilk məqsəd olaraq “bütün Orta Asiyanı ələ keçirəcəyini” duyurdu. Frunzeyə mərkəzdən, yəni Moskvadan hərbi yardımlar göndərilirdi.Bölgənin böyük bir qismində Basmaçılar ilə rus orduları arasında şiddətli savaşlar davam edirdi. Fərqanə vadisində Məhəmməd Emin bəy rusları qorxuya salmışdı.Bu arada 24 sentyabr 1919-cu ildə Məmməd Emin bəy başçılığında Fərqanə hökuməti də quruldu.
Türküstan azadlığının əsgərləri (Basmaçılar) hərəkatı bütün Orta Asiyaya yayılmışdı ancaq liderlər arasında milli birlik təmin edilə bilməmişdi. Hər lider öz bölgəsinin hökmdarıymış kimi hərəkət edirdi. Bu dağınıqlıq isə rusların işinə gəlirdi. Ruslar üsyanın yatırılması üçün bir tərəfdən əsgəri güc işlədərkən,bir tərəfdən də üsyan liderlərini sülh təklifləri ilə ələ almağa çalışırdılar. Rusların üsyan liderlərinə təklif etdikləri sülh şərtləri arasında, üsyan liderlərinə işğal etdikləri əraziləri özlərinin idarə edə biləcəklərinə, silah və əsgərlərini Qızıl orduya təslim etməyəcəklərinə, liderlik etdikləri vilayətlərdə Sovet idarələri təşkil olunmayacağına dair vədlər vardı. Üsyan liderlərindən bəziləri rusların bu vədlərinə inanaraq sülh təklifini qəbul etməyə hazırlaşdılar.Bunlardan biri Məmməd Emin bəy idi. O, 7 mart 1920-ci ildə Qızıl ordunun Kazan Tatar komandiri Yusif İbrahimov vasitəsi ilə, Qızıl ordunun Fərqanə vadisində savaşan 2-ci piyada ordusu komandiri Poxalski ilə sülh müqaviləsi imzaladı. Məmməd Emin bəyin ruslarla anlaşdığını duyurmasından sonra ona qarşı çıxan Hal Hoca adlı üsyançı onu öldürdü. Məmməd Emin bəyin öldürülməsindən sonra onun yerinə Şir Məhəmməd bəy keçdi. Onun başkanlığında 3 may 1920-ci ildə Türküstan müstəqil hökuməti quruldu.
Frunze mücahid üsyançı liderlərlə sülh müqaviləsi imzalamanın mümkün olmayacağını başa düşdüyünə görə, 12 sentyabr 1921-ci ildə Basmaçılar əleyhinə bütün qüvvələrini səfərbər etmək haqqında qərar verdi. O tarixdən etibarən ruslar qəti olaraq hücumlara başladılar.
Basmaçılar üsyanı, Osmanlı İmperatorluq Erkan-ı Harbiye-i Umumiye Reisi və Harbiye Naziri İsmail Enver Paşanın Türküstanda görülməsindən və liderliyi qəbul etməsindən sonra daha mütəşəkkil və sürətli bir şəkildə böyüdü. Ənvər Paşa Osmanlı İmperatorluq ordusunda Hürriyət Qəhrəmanı və Edirne Fatihi kimi tanınırdı. Ənvər Paşa I Dünya savaşında izlədiyi siyasətdə məruz qaldığı uğursuzluqlara rəğmən,Türk Dünyasının birliyi məsələsinə bütün səmimiyyəti ilə inanan bir şəxs idi. Dünya savaşında (1914-1918) Osmanlı Orduları Başkomutan Vəkili və Osmanlı Orduları Başkomutanlık Kurmay Başkanı olmuşdu.
1920-ci ilin sentyabr ayında Bakıda Şərq millətləri konqresi toplanmışdı.Bu iclasda Ənvər Paşa da iştirak edirdi. Ənvər Paşa bu konqres sırasında Orta Asiyadan gəlmiş siyasilər ilə görüşlər keçirdi və onlardan xalq üsyanı haqqında məlumatlar aldı. Daha sonra Buxaranı görmək məqsədi ilə, 1921-ci ilin sentyabrında bölgəyə getdi.Buxaranın millətçi gəncləri və xalq kütləsi Ənvər Paşanın gəlişindən çox məmnun oldular. Xalqın ona göstərdiyi bu sevgi və mehribanlıq, I Dünya müharibəsində böyük Osmanlı imperatorluq ordusunun komandanı olan Ənvər Paşanı da həyəcanlandırdı və o Buxarada qalaraq milli üsyanı idarə etməyə qərar verdi.Buxarada 23 gün qalan Ənvər Paşa Ora Asiya türkləri üçün bir qurtuluş şəxsiyyəti kimi qəbul edilirdi.Ayrıca onun Osmanlı Sultanının damadı olması və hərb sənətini yaxşı bilməsi, Türküstan türklərinin ümidlərini artırırdı. Ancaq heç şübhəsiz onu sevənlər və lider olaraq görmək istəyənlər kimi, ona qarşı müxalifət edən xalq öndərləri də vardı. Onlardan biri Zeki Velidi Toqan idi.O sırada Başqırdların lideri olan Zeki Velidi,müstəqil bir Başqırd respublikasının qurulmasına çalışırdı. Ənvər Paşanın gəlişi və bütün Orta Asiya türklərini öz ətrafında birləşdirməyə çalışması onun heç xoşuna getməmişdi. Ənvər Paşa isə mücahidlərin arzusuna razı olaraq, bütün Orta Asiya türklərini əhatə edən “Türküstan İslam Dövləti” qurmaq əməli və məqsədi ilə Sovetlərə qarşı mübarizəyə başladı.Bolşeviklər qonşularından daha çox bir neçə heyvana və ya 2 hektar torpağa sahib olan kəndliləri də qolçomaq olaraq yarqılayırdılar.Kəndlilərin əksəriyyəti üçün kiçik torpaq payları norması məcburi tətbiq edilirdi. Kiçik torpaq payları şəhərlərdə ərzaq çatışmazlığı ilə nəticələnirdi.Bütün bunlar Türküstan əhalisini qəzəbləndirirdi. Lenin iddia edirdi ki, ”kiçik istehsal elementar qüvvə ilə və böyük nisbətdə daim, hər gün, hər saat doğur kapitalizmi və burjuaziyanı meydana çıxarır”.
Basmaçı hərəkatının hədəfi, Türküstanı Bolşevik hakimiyyətindən qurtarıb öz milli dövlətlərini qurmaq idi.Türküstanlıların bağımsızlık istəyinin Basmaçı hərəkatına yol açdığı görüşü qaynaqlarda hakimdir.
Ənvər Paşa 19 may 1922-ci ildə Rusiya hökumətinə bir ultimatom verərək Qızıl ordunun Türküstanı tərk etməsini tələb etdi. Rusların rədd cavabı ilə iki tərəf arasında çarpışma başlandı. Top və pulemyot silahlardan yoxsun Ənvər Paşa qüvvələrinin güclü rus ordusunu Düşənbə şəhərində məğlub etməsi hər tərəfdə səs küyə səbəb oldu.
Ruslar şəhəri tərk edərək qaçmağa başlarkən, Ənvər Paşanın adı bütün Orta Asiyada dillərdən dillərə dolaşmağa başladı.Bu zəfərdən sonra Ənvər Paşa ətrafına yeni qüvvətlər qatıldı.
Ardı var.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
https://www.turkustan.az