Süni intellektli gələcəyə baxış
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Dövlət başçısı bu sahədə atılacaq addımlarla bağlı tapşırıqlar verib.
Bəli qeyd edək ki, XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Bu müşavirə məhz ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlətimizin başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, strateji seçimdir.
Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir. Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.
Onu da qeyd edək ki, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.
Dövlət başçısı həmçinin regionların rəqəmsal imkanlarının genişləndirilməsinin vacibliyini vurğuladı. Onun fikrincə, paytaxtla bölgələr arasında rəqəmsal fərqin aradan qaldırılması sosial ədalətin təmin olunmasına və iqtisadi fəallığın artmasına xidmət edəcək. Bu məqsədlə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin artırılması, elektron xidmətlərin regionlarda əlçatanlığının təmin edilməsi və rəqəmsal savadlılığın yüksəldilməsi prioritet vəzifələr sırasındadır. Onun sözlərinə görə, investisiya mühiti də rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması, uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb.
Bir pedaqoq kimi demək istəyirəm ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm də yumşaq bacarıqların öyrədilməsi daha da vacib hala gəlir. Nəticə etibarilə süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm də öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq etmək və mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Ən vacib bacarıq isə öyrənməni qısa yollardan üstün tutmağı, yəni işi süni intellektə tapşırmadan əvvəl onu özünün bacarmağını öyrənməkdir.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müşavirə onu göstərdi ki, ölkə rəqəmsallaşmanı artıq ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan və vahid idarəetmə ilə həyata keçirmək mərhələsinə keçir.
Nizami NOVRUZOV, texnika üzrə fəlsəfə doktoru
