TEXNOLOGİYA

Bu üsulla dərmanlar ucuzlaşa bilər

Amerikalı elm adamları gələcəkdə dərmanların ucuzlaşmasına səbəb ola biləcək mühüm bir yeniliyə imza atıblar. Belə ki, Kaliforniyanın Skripps Tədqiqat İnstitutunun mütəxəssisləri müxtəlif dərman preparatlarının tərkibindəki komponentlərin istehsalı üçün ucuz başa gələn üsul hazırlayıblar.

“Nature Synthesis” jurnalında dərc olunan araşdırmaya görə, mütəxəssislər doymuş heterosikllərin – əksər dərmanlarda rast gəlinən halqavari kimyəvi strukturların sintezini sadələşdirməyə nail olublar. Qeyd edək ki, doymuş heterosikllər ən azı bir qeyri-karbon atomu və bir azot atomundan ibarət olan üzvi birləşmələrdir.

Hansı ki, bu qiymətli birləşmələri əldə etmək üçün mövcud üsullar məhduddur. Onlar bahalı və mürəkkəb materiallar tələb edir.

Tədqiqatçılar karbon və hidrogen arasındakı əlaqəni pozmaq üçün palladium katalizatorundan istifadə ediblər. Təcrübələr göstərib ki, yeni texnologiya praktiki olaraq sıfırdan bitkilərdən əldə edilən ucuz amin birləşmələrindən doymuş heterosikllər istehsal etməyə imkan verir.

“Apple” ev robotu hazırlamağı planlaşdırır

Dünyanın ən bahalı brendlərindən olan “Apple”  elektromobil layihəsini ləğv etdikdən sonra yeni gəlir mənbələrinin axtarışına çıxıb. Bu dəfə şirkət evdə istifadə üçün fərdi robotlar istehsal etməyi planlaşdırır.

Anonim mənbələrdən verilən məlumata əsasən, “Apple”   ev işlərini görə biləcək avtonom robotun hazırlanması ideyasını nəzərdən keçirir. Lakin şirkət bu layihə çərçivəsində olduqca çoxlu sayda mühəndislik problemlərini həll etməlidir. Bunun üçün isə illərlə vaxt sərf edilə bilər. Məlumata görə,  robotlaşdırılmış smart ekran artıq bir neçə ildir ki, şirkət daxilində hazırlanır. Lakin Apple bu texnologiyanı inkişaf etdirib-etdirməmək mövzusunda qərarsızdır.

Qeyd edək ki,  “Apple” uzun illər ərzində elektromobil sahəsinə daxil olmağa çalışırdı. Lakin nəticədə şirkət bu layihəsini tamamilə bağlamalı oldu. Hazırda səhmdarları şirkətin yeni gəlir mənbələrini tapa bilməməsi narahat edir. Ehtimal edilir ki, personal robototexnika sahəsinə çıxış  bütün dünya üzrə milyonlarla insanların ev işlərini asanlaşdıra bilməklə şirkətə yeni gəlir imkanları aça bilər.

“Google”un ödənişli axtarış sistemi gəlir

Süni intellekt əsaslı axtarış sistemlərinə daha biri də əlavə oluna bilər. Belə ki, “Google” şirkəti yaxın zamanda ödənişli süni intellekt axtarış sistemini işə salmağa hazırlaşır.

Bildiyimiz kimi, “Google” dünyanın ən çox istifadə olunan axtarış sisteminə sahibdir. Hətta bir çox texnologiya nəhəngləri onunla rəqabətə girərək  bəzi axtarış sistemləri hazırlasa da “Google” onları ötməyi bacarıb. Hazırkı sistemlər süni intellektdən istifadə edərək istifadəçilərə daha rahat axtarış imkanı təklif edir. Görünən odur ki, “Google” şirkəti də süni intellektin imkanlarından faydalanmaq niyyətindədir.

“Google”  axtarış sisteminin hazırkı versiyası artıq iki süni intellektə əsaslanan funksiyanı dəstəkləyir. Lakin bu funksiyalar yalnız test rejimində işləyir və bütün regionlar üçün əlçatan deyil. Bunlardan birincisi “SGE” və ya “məhsuldar axtarış təcrübəsi” adlanır. Bu funksiya axtarış nəticələrinin təkmil icmalını ehtiva edir və istifadəçilərin məqalələri, yaxud uzun məlumatları daha yığcam halda qısa müddətdə oxumasına imkan yaradır. İkinci funksiya isə axtarış nəticələrində əsas məqamları vurğulamaq üçün bir düymə və ya göstərilən səhifənin xüsusi hissələrinə yönləndirən keçid ehtiva edir. Məlumata görə, “Google” bu funksiyaların hər ikisini gələcəkdə ödənişli etməyi planlaşdırır. Qeyd edək ki, axtarış sisteminin stabil versiyasında süni intellekt funksiyalarının nə vaxt istifadəyə veriləcəyi tarix və tarif barədə hələlik məlumat yoxdur.

“Instagram”a yeni funksiya əlavə  edilib

Bu yaxınlarda “Meta” şirkətinin   ilk olaraq “WhatsApp”da aktivləşdirdiyi “Meta AI” çatbotu artıq “Instagram”da da mövcud olacaq. Hazırda beta istifadəçiləri üçün əlçatan olan bu funksiyadan tezliklə bütün “Instagram” istifadəçiləri də istifadə edə biləcək.

“Meta AI” ilə söhbət etmək “Instagram DM” vasitəsilə bir dostla yazışmadan fərqlənməyəcək. Məlumata görə,  “Instagram”da aktivləşdirilən və “ChatGPT” kimi söhbət edə bilən bu süni intellektin əslində “WhatsApp”a əlavə olunandan heç bir fərqi yoxdur.

İlkin olaraq  sistemdə axtarış bölməsinə daxil olan istifadəçilər “Meta AI” ilə DM pəncərəsinə keçəcəklər. Bundan sonra onlar süni intellektlə söhbətləşmək və ya əvvəlcədən hazırlanmış göstərişlərdən istifadə etmək imkanı əldə edəcəklər. Bundan əlavə, istifadəçilər “Instagram”da öz istəklərinə uyğun məzmun tapa biləcəklər. Onu da qeyd edək ki, “Meta”nın süni intellekt botuna öz dili olan “Llama 2” daxildir. Bununla belə şirkət  yaxın zamanda “Llama 3” süni intellekt dilini də inkişaf etdirməyi nəzərdə tutur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.