ANALİTİK MƏQALƏLƏR

Tarixin izi ilə – Xəlil ağa Lenini yox, yaxın qohumu Leylini söyübmüş

Xəlil ağa qardaşı Zeynal ağa Alabaşlı dəmir yolu vağzalında ermənilər tərəfindən qəsdən faciəli şəkildə qətlə yetiriləndən çox narahat idi. Axtarışda olduğundan nə üzə çıxıb açıqdan-açığa şikayət edə, nə də irəli durub ermənilərlə haqq-hesab çəkə bilirdi. Bu dərdin intiqamı ilə qovrula-qovrula yaşayan Xəlil ağanın 1924-cü ildə bir yersiz hərəkəti onu da, illərlə orda-burda gizlənən ailənin digər üzvlərini də yenidən hədəfə gətirir.
Gürcüstan tərəfindən gələn rus əsgərlərinin Şəmkirin ərazisinə girməyə yaxın buraxmayan Şamxor qiyamının əsas dəstə başçılarından və təşkilatçılarından olan qolçomaq Xəlil ağa günün-günorta çağı küçədə, qonşuların yanında yeni quruluşun ən böyük rəhbəri, bolşeviklərin sevimlisi Vladimir İliç Lenini söyür, rəhbərin vəfatının ili çıxmamış onun ruhunu narahat edir. Bunu da çuğul dərhal əzizinə yas saxlayan yeni quruluşun böyüklərinə çatdırır. Yarım saat çəkməmiş “cinayətkarı” həbs edib, axşamı yatab edirlər Kirovabad (Gəncə) türməsinə.
Narahat olan qohum-əqrəba əl-ayağa düşür. Söhbət gedib Xəlil ağanın anası Güllünün Gəncədə yaşayan dayısı oğlu, yeni hökumətin yanında sözü ötənlərdən olan, diviziya komandiri Cəlil Əliyevə çatır. Sən demə, Cəlil Əliyev əslən Gorandan olan Şamxor (Şəmkir) rayon prokuroru ilə (Təəssüf ki, adı unudulub) köhnə dost imiş. Hər iki dostun “məsləhət-məşvərətindən” sonra vəziyyət dəyişir. Səhəri axşam tərəfi Cəmil Əliyevin kiçik qardaşı Musa müəllimin vasitəçiliyi ilə Xəlil ağanı qazamatdan qurtarmağa söz verənlərə istənilən qədər qızıl pul çatdırılır. Bundan sonra aparılan istintaq işinin nəticəsindən və alınan yeni şahid ifadələrindən məlum olur ki, Xəlil ağa küçədə, camaatın içində qonşusu ilə höcətləşəndə Lenini yox, öz qohumu Leylini söyübmüş.
Prokuror və müstəntiqlər çuğulun yeni quruluşun məmurlarına yanlış xəbər gətirməsinə “təəssüflənib”, onu ayıq-sayıqlığına görə tərifləyirlər. Sonda Xəlil ağa Bədirbəylini qohumu Leyli ilə münasibətlərini barışıb qaydaya salmaq şərtilə azadlığa buraxırlar.
Bu zaman Gəncəbasar bolşeviklərinin lideri Əliheydər Qarayev qolçomaqlara qarşı mübarizədə yaxın qohumlarla yanaşı, qapıbir qonşuları da biri-birinə qarşı qoymağı ən vacib amillərdən biri kimi hər çıxışında tövsiyə edirdi. Bununla da insanları öz dini-mənəvi dəyərlərinə qarşı çıxmağa, doğmalarından, yaxınlarından üz döndərməyə vadar edirdilər. Xəlil ağanın qonşusunun timsalında bu, real nəticə idi
Lenin və Leyli əhvalatından üç il sonra Xəlil ağanı yenidən repressiya maşınının ağzına itələyirlər… O, evindən çıxanda, küçədə yeni quruluşun adamları tərəfindən öyrədilmiş qapı-qonşusu ilə heç nədən sözləri çəpləşir. Qonşu haqq-nahaq dirəşir ki, sənin Gədəbəy qaçaqları ilə əlaqən var, arvadın Zinyət xanım Gədəbəy qaçaqlarının başçısı Məcid ağanın yaxın qohumu Məşədi Məhəmmədin qızıdır. Qayınatan mülkədardır, özünün də qaçaqlarla əlaqən var… Sən hər yerdə deyirsən kolxoza yazılmayın, camaat arasında yeni quruluşa qarşı əks-təbliğat aparırsan… Bu saat gedib NKVD-yə çatdıracam…
Əsəblərini cilovlaya bilməyən Xəlil ağa hamının gözü qarşısında ona böhtan atan, yalandan üzünə durmaq istəyən qonşusunu bıçaqlayıb öldürür.
NKVD və Siyasi İdarə əməkdaşlarının gecə-gündüz göz dustağına çevrilən qolçomaq oğlu mülkədar Xəlil ağanı 1928-ci ildə yenidən həbs edirlər. Bu zaman qohumların Xəlil ağanı güllələnmədən, yaxşı halda gedər-gəlməzə sürgündən qurtarmaq üçün Gəncəbasarda döymədikləri qapı qalmır… Bir ilə yaxın istintaq aparan NKVD müstəntiqləri yaxşı qızıl pul müqabilində Xəlil ağa Bədirbəylini Fövqəladə Üçlüyün qərarı 10 il müddətinə sürgünə göndərilməsinə nail ola bilirlər.
Bir neçə ildən sonra Rusiyadan başqa adamın vasitəsi ilə Xəlil ağanın Gəncədə yaşayan rus əsilli uzaq tanışlarından birinin ailəsinə məktub gəlir. Məktubda yazılan üstüörtülü anlaşmadan təxminən bir ay sonra bu “xoş xəbər” Şəmkirdə, Morul kəndində axşamdan xeyli keçmiş Xəlil ağanın ailəsinə çatdırılır. Bundan az müddət sonra rus dili bilən qohumlardan biri məktubun izi ilə Sibirə – çətinliklə də olsa, məktub gələn kəndə gedir, yaxınlıqdakı sürgün düşərgəsini tapa bilir. Beləliklə, vaxtilə həmin sürgün düşərgəsində olmuş, sonradan yaxınlıqdakı kənddə ailə qurub-yaşayan adamla gizli əlaqələr yaranır. Bu əlaqələr nəticəsində küllü miqdarda qızıl pulun hesabına Xəlil ağa 6 ildən sonra, 1933-cü ildə sürgündən qayıda bilir.
xxx
Sürgündən qayıdan Xəlil ağanın səsi alınmışdı, heç bir sovet idarəsinə, kolxoz işinə yaxın buraxmırdılar. Neçə il idi ki, ailəsini və özünü həyətyanı təsərrüfatı ilə dolandırırdı. Şamxor NKVD-sində döyülə-döyülə öldürülən atası Qədim ağanın 40-ı çıxmamış, 1937-ci il sentyabr ayının 10-da gecənin yarısı Xəlil ağanı “qolçomaqsan” deyə üçüncü dəfə həbs edirlər. İstintaqın gedişində onun sovet hökumətini devirməyə, sarsıtmağa, zəiflətməyə və ayrı-ayrı əksinqilabi cinayətlər etməyə çağıran təbliğat və təşviqata meylli olduğunu boynuna qoyaraq, özünün də iştirakı olmadan keçirilən məhkəmə iclasında Fövqəladə Üçlüyün 7 oktyabr 1937-ci il tarixli qərarı ilə əmlakı müsadirə edilməklə, “xalq düşməni” elan edilərək 10 il müddətinə – 5 il siyasi hüquqlardan məhrum edilməklə yenidən Sibirə sürgün edilir.
x x x
Ailəsi və yaxınları uzun illər bilməyiblər ki, Xəlil ağa Rusiyanın hansı cəhənnəminə sürgün edilib. Nə qədər yaşayıb, nə vaxt ölüb, harada dəfn olunub… Doğmaları illərlə sovetlər birliyinin aidiyatı orqanlarına bu suallarla dolu məktublar, ərizələr, müraciətlər ünvanlasalar da, istənilən cavabı ala bilməyiblər.
Bilinən odur ki, 62 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1990-cı il 6 mart tarixli qərarı ilə Bədirbəyli Xəlil ağa Qədim ağa oğlu haqqında 1937-ci il 7 oktyabr tarixli qərarı ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

Rəhman SALMANLI,
“Azərbaycan”

turkustan.az