ELM VƏ TƏHSİL

Multikulturalizmin Azərbaycan modeli: yeni dövrün çağırışları – ictimai müzakirə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yeni dövrdə yeni ideyalarla” mövzusunda silsilə tədbirlər çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizmin Azərbaycan modeli: yeni dövrün çağırışları” mövzusunda ictimai müzakirə keçirilib.

Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Təqdimatla çıxış edən UNEC Multikulturalizm Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva bildirib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır.

Tədbirdə iştirak edən amerikalı albanşünas alim Nil Vilyams isə Qafqaz Albaniyasının memarlıq abidələrindən, alban tarixindən, Azərbaycanın multikultural ölkə kimi dünyada tanınmasından söz açıb.

Sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.