ELM VƏ TƏHSİL

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin dəstəyi ilə Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində ümumi təhsil müəssisələri tərəfindən fəaliyyətlər davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, MİP-in reallaşdırıldığı ümumi təhsil müəssisələrində mütəmadi olaraq metodik görüşlər təşkil edilir. Metodik görüşlər MİP-də əksini tapan inkişaf istiqamətlərinə uyğun hədəflərin reallaşdırılmasına xidmət edir. Belə ki, 51, 91, 111, 154, 159, 227, 238, 242, 301 nömrəli tam orta məktəblərin pedaqoji heyətinin iştirakı ilə keçirilən metodik görüşlər müəllimlərin pedaqoji bacarıqlarının inkişafına və dəstəkləyici mühitin səmərəli təşkili mövzularına həsr olunub. Müzakirə zamanı müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirmə və tapşırıqların hazırlanması, dərsin planlaşdırılması, interaktiv təlimin iş üsulları, əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin etik davranış qaydaları, tədrisdə genderyönümlü yanaşmanın tətbiqi və s. mövzuların praktiki tətbiqi, qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı fikir irəli sürülüb. Görüşlər ümumi təhsil müəssisələrinin idarəetmə heyəti və pedaqoji heyət ilə birgə keçirilib.

Metodik dəstək göstərilən bütün məktəblərdə MİP çərçivəsində şagird nailiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.