Şərqşünas alim “Varlıq” dərgisində Azərbaycan Demokrat Firqəsinin dövlətçilik siyasətindən yazıb
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “Azərbaycan Demokrat Firqəsinin dövlətçilik siyasəti (1945-1946-cı illər)” adlı məqaləsi Ankarada nəşr olunan “Varlıq” dil, ədəbiyyat, mədəniyyət və cəmiyyət araşdırmaları dərgisində dərc olunub.
Məqalədə bildirilir ki, 1941-1945-ci illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkatın nəticəsi olaraq 3 sentyabr 1945-ci il tarixində Təbriz şəhərində Seyid Cəfər Pişəvərinin sədrliyi ilə təsis edilərək fəaliyyətə başlayan Azərbaycan Demokrat Firqəsi öz platformasında dövlət quruculuğu siyasətinin sosial, iqtisadi və siyasi istiqamətlərinin müəyyənləşdirilməsi və icrasında xalqın bütün təbəqələrinin iştirakını əsas amillərdən biri hesab etmişdir. ADF-nin əsas hədəflərindən biri millətlərin və xalqların hüquqlarını təmin edən əsas qanunu diriltmək yolunda mübarizə idi.
S.Bayramzadə qeyd edir ki, 1945-ci ilin dekabr ayının 12-də (21 Azərdə) Təbriz şəhərində açılan Azərbaycan Milli Məclisi və S.C.Pişəvərinin rəhbərliyi ilə təşkil edilən Azərbaycan Milli Hökumətinin fəaliyyətində ADF-nin müraciətindən doğan dövlətçiliyinin təməl prinsipləri öz əksini tapdı. Belə ki, yeni qurulmuş məclis və hökumət Azərbaycanın siyasi quruluşu idi.
Məqalə müəllifi ADF-nin özünün milli dövlət quruculuğu siyasətində azərbaycançılığı əsas ideoloji platforma seçdiyini, Azərbaycan türkcəsini Azərbaycanda rəsmi hökumət və maarif dili elan etdiyini vurğulayır. Məqalədə bildirilir ki, ADF 21 Azər hərəkatına rəhbərlik və AMH-ni təşkil etməklə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçiliyi əldə etməyin mümkünlüyünü ortaya qoydu. İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı.
www.science.gov.az