“Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda”
Elminfo.az xəbər verir ki, 24.05.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Cümhuriyyət fədailərinə həsr edilmiş qısa sənədli filimin nümayişindən sonra qonaqları salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova konfransın işinə uğurlar arzulayıb. O, bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Konfransda çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov vurğulamışdır ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın qürur mənbəyidir. Daha sonra BDU Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, BDU Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, BDU Azərbaycan tarixi kafedrasının dosenti Arifə Adıgözəlova, BDU Tarix fakültəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyev, BDU Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Aytən Abbasova, BDU Tarix fakültəsinin tələbə elmi cəmiyyətinin sədri Nurəli Məmmədov, BDU Tarix fakültəsinin I kurs magistrantı Hilalə Əliyeva, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva, Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutova, Kompleksin əməkdaşları Namiq Bağırlı, Abutalib Turabov, Səriyyə Abidova, Ülkər Zeynalova, İslam Aslanov elmi məqalələri ilə çıxışlar etmişlər.
Qeyd edək ki, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Keçirilən konfransın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, regionda elm və tarixin inkişafına dəstək olmaq, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.