Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib
Mayın 27-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində keçirilən növbəti elmi seminar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və 28 May – Müstəqillik Gününə həsr edilib.
Elminfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev bildirib ki, 1918-ci il may ayının 28-də Tiflisdə müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir.
Milli dövlətçilik tariximizdə məhz AXC dövründə xalqın demokratik hüquq və azadlıqları bərqərar edilmiş, müsəlman dünyasında ilk dəfə qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, Milli Ordu, parlament, hüquq-mühafizə orqanları, ən nəhayət, ilk ali təhsil müəssisəsi olan indiki Bakı Dövlət Universiteti yaradılmışdır.
Sonra Lənkəran rayonu, Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Əlisəfa Bünyatzadənin “AXC parlamenti (1918-1920-ci illər)” mövzusunda məruzəsi dinlənilib. O, qeyd edib ki, ilk parlamentimiz 80 müsəlman, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır. 1918-ci ilin mart soyqırımından cəmi iki ay keçməsinə baxmayaraq, parlamentdə 21 erməni nümayəndəsi də təmsil olunmuşdur. Bu faktın özü Azərbaycan xalqının demokratik təbiətinin, insan haqlarına göstərdiyi hörmətinin və əsrlər boyu sahib olduğu multikultural dəyərlərə sadiqliyinin parlaq təcəssümüdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin baş məsləhətçisi Emin Həmidli “Cümhuriyyət dövründə dövlət-din münasibətləri” mövzusunda etdiyi məruzədə deyib: “Xalq Cümhuriyyəti digər sahələrdə olduğu kimi, vicdan azadlığı sahəsində də demokratik mövqedə qayanaraq dinə biganə yanaşan, yaxud dini qəbul etməyənlərin cəzalandırılması və ya hüquqlarının məhdudlaşdırılması üçün tədbirlər görməmiş, əksinə, dindarlarla dinə inanmayan ateist vətəndaşların dinc, yanaşı yaşaması üçün şərait yaratmışdır. Hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürmüşdür.”
DQİDK Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Mərkəzin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və başqaları müzakirə olunan mövzularla əlaqədar mülahizələrini bölüşüblər.
Maraqlı diskussiya şəraitində keçən elmi seminarda iştirak edən Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin tələbələrindən Arzu Hadiyeva, Şəhla Bağırzadə, Nərmin İsmayılzadə, Səbinə Qafarova, Gülnaz Hadiyeva və Mərd Fərəməzovu maraqlandıran suallar cavablandırılıb.
Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev LDU-nun və LTK-nın rəhbərliyinə, müəllim-tələbə heyətinə və bütün iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkilib.