GÜNDƏM

“Qərbi Azərbaycan həqiqətləri” – elmi-praktik konfrans

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və tarixi həqiqətlərin gənclər arasında təbliğ olunmasının əhəmiyyətindən söz açıb.

Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlılardan və onların hüquqlarının beynəlxalq müstəvidə bərpası istiqamətində görülən işlərdən danışan dosent Vazeh Əskərov Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması baxımından İcmanın həyata keçirdiyi tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb və bundan sonra da müvafiq istiqamətdə genişmiqyaslı iş aparılmasının vacibliyini qeyd edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov gənclər arasında belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb.

İcmanın Aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev və tarix elmləri doktoru Vasif Qafarov Qərbi Azərbaycan həqiqətlərinin tarixi kökləri, siyasi proseslər və bu həqiqətlərin dünyada tanıdılması prosesindən və görülən işlərdən danışıblar. Tədbirdə, həmçinin Qərbi Azərbaycan həqiqətlərinə dair tarixi sənədlərin müxtəlif dillərdə hazırlanaraq bütün nüfuzlu ölkələrin dövlət qurumlarına, beynəlxalq təşkilatlara göndərilməsi və gündəmə gətirilməsi, Ermənistanın işğalçılıq siyasətinin müxtəlif arxivlərə istinadən elmi səviyyədə meydana çıxarılmasının mühüm olduğu bildirilib. Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bu tarixi faktların və Qərbi Azərbaycan həqiqətlərinin bundan sonra dünyaya daha dinamik şəkildə yayılacağı diqqətə çatdırılıb.