AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancarla görüşüb.

Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, görüşdən öncə dünya şöhrətli alim AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub. Eyni zamanda AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib, mərkəzin xatirə dəftərinə ürək sözlərini yazan ilk qonaq olub.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonağa dəvəti qəbul edib ölkəmizə səfər etdiyi üçün minnətdarlığını bildirib. Qeyd edib ki, 29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib. Səfər çərçivəsində ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq, Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələri keçiriləcək.

Hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının da ölkəmizdə gedən proseslərə uyğun yeniləşmə mərhələsində olduğunu, “Elektron Akademiya”nın qurulması istiqamətində önəmli addımlar atıldığını, süni intellekt, rəqəmsal texnologiyalarla bağlı mühüm tədqiqatların aparıldığını vurğulayıb, bu yöndə TÜBİTAK-la əməkdaşlıq edildiyini bildirib.

AMEA rəhbəri Əziz Sancarın ölkəmizə səfərinin Türk dünyasında elmi əlaqələrin inkişafına növbəti töhfə verəcəyini söyləyib. Həmçinin “Türk Dünyası Aziz Sancar Doktora Bursu”nun verilməsini təklif edib.

Nobel mükafatı laureatı professor Əziz Sancar isə çıxışında AMEA-nın Ümumi yığıncağında Akademiyanın fəxri üzvü seçilməsi və ölkəmizə dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Ölkəmizə hər səfərindən məmnun qaldığını deyən alim Azərbaycanın elmi ictimaiyyəti ilə növbəti müzakirələrinin səmərəli keçəcəyinə inamını ifadə edib.

Daha sonra Nobel mükafatı laureatı Əziz Sancara AMEA-nın hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Əziz Sancarın səfəri iyunun 6-dək davam edəcək. Dünya şöhrətli alim AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq. Həmçinin AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatlarını, eləcə də respublikanın ali təhsil müəssisələrini ziyarət edəcək.