Nəcib Fazil Qısakürək yaradıcılığında ilahi eşq və Allaha sevginin interpretasiyası
Nizami Məmmədov Tağısoy
filologiya elmləri doktoru, professor
1904-cü (bəzi mənbələrə görə 1905-ci) ildə İstanbulda doğulmuş Nəcib Fazil Qısakürək ibtidai və orta təhsilini başa vurduqdan sonra Məktəbi Fünuni Bəhriyyəni bitirmiş, daha sonra təhsilini Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölməsində davam etdirmiş, Maarif Vəkaləti tərəfindən Sorbonn Universitetinə göndərilsə də, orada təhsilini yarımçıq qoyaraq geri dönmüşdür. Bir müddət banklarda işləmiş, bundan sonra Gözəl Sənətlər Akademiyasında və Dövlət Konservatoriyasında türk dili müəllimliyi edə-edə, qəzet və jurnallarda məqalə və hekayələri ilə çıxış etmişdir. Az keçməmiş Nəcib Fazil məmurluqdan ayrılıb, özünü tamamilə yaradıcılıq həyatına həsr etmiş, əvvəl “Ağac” (1936) bundan sonra “Böyük Şərq” (1943 – 1965) məcməsini nəşr etdirmişdir. 25 may 1983-cü ildə İstanbulda vəfat etmişdir.
Türkiyə ədəbiyyatı tarixçiləri Nəcib Fazil Qısakürəyi Cümhuriyyətçi şair və Cumhuriyyət dönəmi şairi hesab etməkdədirlər. Cumhuriyyət dönəmi şeirlərinın ana xətti, başlıca mövzusu Allah, ölüm, yalnızlıq, qorxu, maddə və ruh, insanın iç dünyasındakı ziddiyyətlər, Kainat və s. Onun şeirlərində gözə dəyən ruh zahirdən gələn sosial səbəblər yox, şairın iztirabı olaraq daha çox fərdi və metafizik düşüncələrdən qaynaq almaqdadır. Şairin poetik aləmində bütün gözəl sənətlər kimi şeir də varlığı çevrələyən sirlərin və gözəlliklərin yolunda Allahı, yəni mütləq həqiqəti arama, axtarma işidir. Ədəbi-nəzəri düşüncə və yanaşmalarında maddi aləmin dərkində ən başlıca istəyi və məramı vəhdətə çatmaq şeirlərinin ən mühüm qayəsidir.
Yer gəlmişkən onu da qeyd edək ki, Nəcib Fazil İstanbul Ədəbiyyat Fakültəsinin Fəlsəfə Bölməsində təhsil aldığından onun düşüncəsində fəlsəfi yanaşmalar daha çox üstünlük təşkil edirdi. Eyni zamanda o, şeirlə bağlı belə bir fikri də vurğulayırdı ki, şeiri iki şey meydana gətirir. Bunlardan biri hisdirsə, digəri fikirdir. Eyni zamanda hesab edirdi ki, şeir məhz bu iki ünsürün birləşməsindən yaranır. Şeir bu iki ünsürün müstəvisində bəzi dəyişikliklərə məruz qalsa da, şeirin təməl ünsürü duyğu halına gəlmiş düşüncədir. Qısakürək hesab edirdi ki, şeir heç bir halda təblığ və ya izah vasitəsi deyildir. Şeir konkretdən mücərrədə istiqamətlənməklə məkanı təlqin edərək nəticəyə çatır. Bütün bunları dilə gətirərkən Qısakürək şəkli və sənəti də nəzərdən qaçırmadan onların estetik və fonetik dəyərlər içində böyük bir vüsətlə ortaya çıxarılmasını zəruri hesab edirdi. Şeirin zahiri tərəfi kimi görünən ruh kənardan gələn sosial səbəblərlə bağlı deyildir. Çünki şairin iztirabı daha çox fərdi və metafizik düşüncələrə qərq olur. Burada onun təsəvvüf fəlsəfəsinə yetərincə meyil etdiyini görmək mümkündür. Lap ilk şeirlərindən özünü biruzə verən belə bəyan və yanaşma onun yaradıcılığını ilahi eşq səviyyəsinə qaldırmışdır.
Bütün bunları qeyd edərkən Nəcib Fazil Qısakürəyin çeşidli janrlarda istedadlı əsərlər ortaya qoyduğunu qeyd etməliyik. Onların arasında “Hörümçək Ağı” (1925), “Qaldırımlar” (1928), “Mən və Ötəsi” (1932), “Sonsuzluq karvanı” (1955), “Çilə” (1962) və eyni zamanda bu son üç kitabdan daha əvvəlki şeirlərindən seçmələr də yer almışdır. Onu da bildirək ki, şair bu kitablara daxil edilməyən şeirlərini həzm etməmiş, mənimsəməmişdır.
Nəcib Fazil Qısakürək nəsr janrında “Bir neçə hekayə – Bir neçə təhlil” (“Bir kaç hekaye – Bir kaç tahlil” – 1933), “Ruh Burkuntuları” (1965), “Aynadakı yalan”, “Kafa Kağıdı” (avtobioqrafik) kimi əsərlər qələmə almışdır.
Nəcib Fazilin dram janrında “Toxum” (“Tohum”), “Bir adam yaratmaq” (1938), “Künyə” (1940), “Səbir daşı” (“Sabır taşı” – 1940), “Para namı diger Parmaksızın Salih” (1949), “Reis Bey” (1964), “Siyah pelerinli adam” (1964), “Ahşap Konak” (1964), “Ulu Hakan II. Abdülhamid Han” (1969) kimi maraqlı səhnə əsərləri yaratmışdır.
Qeyd etdiklərimizdən başqa Nəcib Fazil Qısakürəyin dini, siyasi və fəlsəfi yönümlü əsərləri də vardır ki, onlar “Halkadan Pırıltılar”, “Böyük Doğuya doğru”, “İdeologiya Örgüsü”, “O ki O yüzdən Varız”, “Her cephesiylə Kommunizm”, “İman ve Aksion”, “Çölə İnen Nur” kimi nümunələrdən ibarətdir.
Adlarını qeyd etdiyimiz bu əsərlərin əksəriyyətində xalq həyatının və insanların qayğılarının müxtəlif tərəflərinin mahiyyətinə ekskurs edilmiş, şeirlərində olduğu kimi, nəsr və dram əsərlərində də qorxu psixolojisi ilə metafizik düşüncəyə daha çox meyil özünü göstərmişdir.
Nəcib Fazilin müxtəlif səpkili şeirləri motiv, mövzu, obraz və s. baxımından daha çox diqqəti cəlb edir. Bu kontekstdə şairin “Annecigim”, “Keçən dəqiqlərim”, “Yunus Ərnrə”, “Məndədir”, “Qaldırımlar”, “Təqvimdəki dəniz” və s. bu kimi maraqlı poetik nümunələri həyata, dünyaya, varlığa, Kainata özünəməxsus baxış bucağından yanaşma sərgilədirməkdədir. “Təqvimdəki dəniz” şeirində şairin xəyalları lap uzaqları gəzib dolaşmaqdadır:
Hasreti denizlerin,
Denizler kadar derin
Və o kadar bucaksız…
Ta karşımda, yapraksız,
Kullanılmış bir takvım…
Üzerinde bir resim:
Azğın, sonsuz bir deniz;
Kayğısız, düşüncesiz,
Çalkanıyor boşlukta.
Resimdeyse bir nokta.
Yana yatmış bir gemi…
Kaybettigi alemi.
Bu resim rüyalarda
Gibi aklımı çeldi.
“Gilə” şeirlər topusuna daxil edilmiş bu şeiri müəllif İvan Ayvazovkinın “Fırtınalı dənizdə bir gəmi” adlı rəsm əsərinin təsiri ilə yazmışdır. Buradaca qeyd edək ki, İvan Konstantinoviç Ayvazovski (Qayvazovski) rus rəssamı və qrafika ustası erməni mənşəli olmaqla XIX əsrdə yaşamış tanınmış marinistlərdəndir.
Hidayi Çital, Hüseyn Yavuz və İhsan Saray. “Türk ədəbiyyatı tarixi” (Hidayi Ç., Hüseyn Y., İhsan S. Türk edebiyatı tarihi 2. Ankara, 2002, s. 112) kitabında Nəcib Fazil Qısakürəyin şair olaraq duyğu və düşüncələrinin gizli qaldığını, iç dünyasını güclü şeir texnikası ilə anlatdığını qeyd edirlər. Bundan başqa onu maddəyə qarşı çıxan, mənəvi dəyərləri ön plana qoyan mistik axının təmsilçisi kimi də nəzərdən keçirirlər. “Qaldırımlar” şeirində müəllif insanın didərginliyini, qorxu və yalqızlıq duyğusunu özünəməxsus şəkildə dilə gətirir:
…Kara göklər kül rəngi bulutlarla kapanık;
Evlerın bacasını kolluyor yıldırımlar.
İn cin uykuda, yalnız iki yoldaş uyanık;
Bir benim, biri de serseri Kaldırımlar.
İçimde damla damla bir korku birikiyor;
Sanıyorum, her sokak başını keşmiş devler.
Üstüme camlarını, hep simsiyah dikiyor;
Gözüne mil çekilmiş bir ama gibi evler.
…Ne sabahı göreyim. Ne sabah görüneyim;
Gündüzler size kalsın, verin karanlıkları!
İslak bir yorğan gibi sımsıkı bürüneyim;
Örtün, üstüme örtün, serin karanlıkları.
Gördüyümüz kimi, “Qaldırımlar” şeirində şairin hissi, fikri və duyğusu yalnız tənhalığa köklənmişdir. Şair bu nümunədə mistifikasiyaya yuvarlansa da, həm də 1920-ci ildə qələmə aldığı bu şeirlə daha geniş söhrət qazanmışdır. Və məhz bu şeirdən sonra Nəcib Fazil Qısakürək “Qaldırımlar” şairi olaraq yada salınmış, anılmış və tanınmışdır. Heca olçüsündən ustalıqla yararlanan sənətkar bu şeirlə bağlı düşüncələrini “Poetika” adlı bəhsdə “Çilə” şeirlər kitabında təqdim etmişdir.
Eyni zamanda Nəcib Fazil Qısakürək “Ustad Qaldırımlar Şairi” kimi təxəllüslə daha çox məşhurlaşmışdır. Ədəbi yaradıcılıqda digər çoxsaylı şairlərdə olmadığı kimi Nəcib Fazildə də birbaşa özünə aid olduğu fikir, söz və ifadələrin ona məxsus olmadığı göstərilməkdədir.
Nəcib Fazil özünün hədəfə dəyən ifadələri, deyimləri ilə də məşhur olmuşdur. Onun əsasən insanın iç dünyasını, duyğu yükündəki məhəbbəti və islami dəyərləri ehtiva edən şeirləri özünün lakonikliyi ilə seçilməklə maraqlıdır. Şairin bu tipli deyimlərindən bir neçəsini nümunə gətirək:
Sevdiyini bəlli et. Gözləmək başqalarına fürsət verməkdir.
Üç günlük dünya üçün qeyrət üstünə qeyrət, ədəbi bir yaşam üçün qeyrət yox, heyrət.
Sadəcə Allaha inanın. Sonrası inanılacaq kimi deyil.
Mənim istədiyimi Allah istəmirsə, məsələ bağlanmışdır.
Yanında olduğum zaman dəyərimi bilməzsən, bildiyin gün isə yanımda olmazsan.
Adamlıq cinsiyyət yox, şəxsiyyət məsələsidir və i.a. və s.
Nəcib Fazil Qısakürəyin yaradıcılığı Türkiyə fəlsəfi-estetik düşüncəsində özünəməxsus bir iz buraxmış, ilahi eşq, təsəvvüfi yanaşmada öz dərk və interpretasiya imkanlarını yaratmışdır.(turkustan.az)