Əkbər Qoşalı. Türk dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da türk dünyası
(Məruzə Yazıçıların XIII Qurultayı qarşısında düzənlənən silsilə tədbirlər çərçivəsində – 06.06.2011-ci il tarixdə AYB-də “Ədəbiyyatımız və Türk Dünyası” adlı hesabat yığıncağında oxunmuşdur)
Hörmətli Anar müəllim,
Hörmətli müzakirə iştirakçıları,
İlk öncə hər birinzə mənim məruzəmə maraq göstərdiyiniz və bu gün burda olduğunuz üçün təşəkkürlərimi yetirir, iştirakçılara məruzə ilə bağlı deyəcəkləri bütün konstruktiv fikirlərə görə öncədən öz sayğılarımı bildirirəm.
Doğal olaraq, mən Azərbaycan ədəbilərinin Türkiyədə, digər türk ellərində çıxan kitablarına, dərc olunan yaradıcılıq örnəklərinə, habelə Azərbaycanda baş vermiş Türk Dünyası ünvanlı Ədəbiyyat hadisələrinə diqqət çəkməliyəm. Lakin təqdir edərsiz, yalnız bu planda məruzə etməkdənsə, Türk Dünyası Ədəbiyyatının ümumi mənzərəsinə bacardığımız qədər göz atmaq, professor Hüseyin İsmayılovun sözləri ilə desək, “ortaq türk keçmişindən ortan türk gələcəyinə” boylanmaq daha düzgün olacaqdır.
***
Türk Dünyası! Dünya içrə dünya deyilən böyük coğrafi-mədəni ünvandan söhbət gedir… Və bu söhbət Ədəbiyyat planında, Söz sənəti üzərindədir. Gəlin ilk öncə aydınlaşdırmağa çalışaq: Türk Dünyasında dərinləşmiş ilişkilər ( – Ədəbiyyatla da dərinləşdirməyə çalışdığımız ilişkilər), “Türk birliyi”, bu birliyin mahiyyəti nədir, nə üçün vacibdir? Mümkün cavablardan biri yəqin belə olardı: Türk Dünyası türk dövlət və topluluqlarını çevrələyən, türkün maddi-mənəvi ünvanlarını ehtiva edən coğrafi və habelə etnoqrafik məkandır. Türk birliyi zamanında mövcud olmuş bir soy birliyidir. Türk birliyinin bütün soy coğrafiyamız üzrə oturuşması, bəlkə daha doğru olar desək, hərəkətə keçməsi lazımdır. Türk Dünyasının ümumdünya miqyasında görünməsinin digər uğurlar, başarılar, töhəflərlə yanaşı önəmli dərəcədə Ədəbiyyatla bağlılığını, Prezident Heydər Əliyevin 6 noyabr 1996-cı ildə – Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqindən götürdüyümüz fikirlərlə ifadə edək: “…Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.
…Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür.”
Doğrudan da, Türk birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşdurublar. Qələm adamının türk birliyi adına verdiyi dəstəyin ( – o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda olmasından asılı olmayaraq) gələnəyi, təcrübəsi var və yeni ədəbi nəsil də o xəttin qırılmamasında maraqlı olmalıdır. Bir gürcü filminin adı ilə desəm, “Köklərə borclu budaqlar” kimi…
Kaşğarlı Mahmudun, Əhməd Yasəvinin, Yunus İmrənin, Əlişir Nəvainin, Məhdumqulunun… adı bu gün, onların zamanındakı digər sənət-peşə yiyələrindən daha intensiv xatırlanan, daha tez-tez çəkilən mənəvi ünvanlardır. Heç təsadüfi deyil ki, onların hər biri Türk Dünyası Ədəbiyyatı dedikdə gözlər önünə ilk sırada gələn böyük adlar arasındadır…
Türkoloq-alim Ramiz Əskər deyir: “Türk tarixi olduqca qədimdir. Həm də türk coğrafiyası çox genişdir. Ona görə də türk dili zaman-zaman öz məcrasından çıxaraq şəkil dəyişdirə bilib. Yəni böyük coğrafiyanın sakinləri bir-birindən minlərlə kilometr uzaqda yaşadıqlarına görə danışdıqları eyni dil zamanla fərqlənməyə başlayıb. Nəticədə isə türk dilləri üç əsas qrupa bölünüb: oğuz – ən böyük abidəsi “Kitabi Dədə Qorqud”dur; qıpçaq – ədəbi abidəsi “Manas”dır; və karluk – ədəbi abidəsi “Kutadqu Bilik”dir. Bundan başqa Mahmud Kaşgarlının “Divani Lüğətit-Türk” kitabı bütünlükdə türk dilinə aid elmi-ədəbi əsərdir.”
Türkçülüyün, eləcə də maarifdə, ədəbiyyatşünaslıqda, dil və əlifba islahatında türkçülüyün ilk ataları Azərbaycandan Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Türkiyədən Əhməd Vefiq Paşa, Süleyman Paşa, Mehmet Əmin Yurdaqul, Əhməd Cevdət, Fuad Köprülüzadə, Ziya Göyalp,
Qazaxıstandan Mağjan Jumabay,
Tatarıstandan Yusuf Akçura,
Başqurdustandan Zəki Vəlidi Toğan, Şəyexzada Babiç,
Kırımdan İsmayıl Qaspıralı,
Özbəkistandan Əbdülrauf Fitrət, Əbdülhəmid Çolpan, Abdulla Qadiri,
Əfqanıstandan Şeyx Cəmaləddin Əfqani kimi klassikləri rəhmətlə anırıq. Ədəbiyyatda rəhmət (rəhmətlə anmaq), gələnəklərin davam etdirilməsi, onların Türk Dünyası adına, Ədəbiyyat adına, Sənət adına diləklərini gerçəkləşdirmək yaxud XXI yüzil güncəlliyi ilə uyumunu sağlamaqdır, təbii.
Həmin klassiklərin ardınca gələn, yenə klassik təyini ilə tanımlayağımız ədiblər:
Azərbaycandan Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Məhəmməd Hadi;
Türkiyədən Yəhya Kamal, Mehmet Əmin Yurdaqul, Mehmet Akif Ərsoy, Fazil Hüsnü Dağlarca, Arif Nihat Asya, Nəcib Fazil Qısakürək, Hüseyin Nihal Atsız;
Özbəkistandan həmvətənimiz Maqsud Şeyxzadə, Xalid Səid Xocayev;
Kırımdan Numan Çələbi Cihan, Bəkir Çobanzadə,
Rumıniyadan Mehmet Niyazi;
Quzey Qafqazdan: Qaysın Quliyev;
Tatarıstandan Abdulla Tukay;
Xakasiyadan prof. Nikolay Katanov;
Sibirdən Bolat Söleymanov və bir çox başqaları öz genetik yaddaşlarının peşinə düşdülər.
“Genetik yaddaş” məsələsinə qayıdacağıq, hələliksə yenidən 6 noyabr 1996-cı ilə – Türk Dünyası Yazıçılarının III Qurultayına gedək. Qurultayda nitq söyləyən Prezident Heydər Əliyev deyirdi:
“…Xalqlarımızın – türkdilli xalqların, ölkələrin mədəniyyəti, ədəbiyyatı XX əsrdə ziddiyyətli, eyni zamanda çox şərəfli və müvəffəqiyyətli yol keçmişdir. Bir tərəfdən, bizim mənəviyyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı bir-birindən ayırmaq, parçalamaq, milliliyin qarşısını almaq cəhdləri çox güclü olmuş, ikinci tərəfdən də yaranmış, ictimai-siyasi vəziyyət və xalqlarımızın cürbəcür imkanlardan istifadə edib dünya mədəniyyəti ilə daha sıx əlaqələr qurması nəticəsində ədəbiyyatımız, mədəniyyətimiz çox inkişaf etmişdir.
…Beləliklə, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının qarşısını almaq cəhdləri nə qədər çox olmuşdursa da, milli ədəbiyyatımızda, mənəviyyatımızda, mədəniyyətimizdə olan bir o qədər, bəlkə də ondan da çox olan güclər özünə cürbəcür yollar açmış və ümumbəşəri dəyərlərdən istifadə edərək daha da yüksək səviyyələrə çatmışdır. Bunu bizim türkdilli xalqların, türk dünyasına mənsub olan ölkələrin XX əsr ədəbiyyatında, mədəniyyətində yaranmış əsərlərdə çox açıq-aydın görmək olar. Bizim hamımız bu əsərlərlə fəxr edirik.”
Elə bilirəm, bu mötəbər fikirlər, sınırlara, tikanlı məftillərə, ideoloji axımlara, ölümlərə-itimlərə baxmayaraq dünyanın dörd yanında türkçülüyün odunu qoruyan imzaların haqqını ən doğru şəkildə verir.
Biz də bu yerdə
Haqq dunyasında olan, cənnətdə olduğuna inandığımız Şəhriyar, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xəndan, Xəlil Rza Ulutürk, Şahmar Əkbərzadə (Azərbaycan), Çingiz Aytmatov (Qırğızıstan), Rauf Pərvi (Özbəkistan), Şakir Səlim, Yunus Kandım (Kırım), Petri Huzanqay (Çuvaşıstan) kimi “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyi”nə aparan yolun geridönməz olması üçün Ömür qoymuş ədibləri bir daha rəhmətlə anırıq. Eyni zamanda ulu Tanrıya şükranlıqlarımızı yetiririk ki, bu gün də bu yolda ÖMÜR sərf edən, sağlığındaykən klassikləşmiş ədiblərimiz və öz yollarını bəlirləmiş gənc ədəbi qüvvələrimiz var. İrəliləyən dəqiqələrdə bu imzalar üzərində dayanmağa çalışacağıq.
Hələliksə, söz verdiyimiz kimi, “Genetik yaddaş” məsələsinə qayıdaq. Əslində “kimdir türk yazıçısı”, “kimə türk yazıçısı demək olar” suallarınının cavabını müəyyənləşdirmək çətindir yaxud mümkün cavablar dartışma tələb edir. – Burada şaman da, xristian da, musəvi (karaim) də, təbii, İslam inanclı yazar da var. Hər türlü ədəbi axıma –həm mühafizəkar həm də modern üslublü yazar var.
…Ümumiyyətcə bu günkü mövzumuz planında aydınlaşdırılmalı bəlli suallar olduğuna inanıram. Örnəyi, götürək, Nazim Hikməti. O, Lenini, kommunizmi təbliğ edən şeirlər müəllifi olmasının yanısıra keçmiş SSRİ məkanında gəzən Türkiyə, başqa sözlə, canlı Anadolu türkcəsi, türk dili idi… Sual oluna bilər, o dönəmdə Osmanlı ağzı ilə yazan, bolşevizmi qəbullanmayan, bəlkə Türk Dünyasının birliyi, sovetlərin çökməsi uğrunda muəyyən yazı-pozusu da olan bir yazarmı Türk Dünyası Ədəbiyyatının inkişafında daha böyük pay sahibidir, Nazim Hikmətmi?
…Yaxud orta çağa gedək. – Nəvainin “İki dilin müqayisəli təhlili” əsərini yazması böyük dəyər daşıyır, yoxsa onun klassik türk vəzni hecada deyil, əruzda yazmasımı?
Eləcə də Nəvainin Nizamiyə nəzirə yazması, yüzillər sonra xalq şairi Qafur Qulamın xalq şairi Səməd Vurğuna, yaxud başqurd Mustay Kərimin qırğız Çingiz Aytmatova şeir həsr etməsi, Sizcə təsadüf idimi və bunun dəyərini, lap inersiya ilə də olsa ruh axışını, Əjdər Olun sözləri ilə desəm, “Könül vuruşu”nu görməzdəngəlmək olarmı? – Təbii ki, yox. Bax, elə bu da (şair Niyaz Nəsirin sözləri ilə desəm) xalq ruhu cəsarətinin, türk ruhu qabarmasının bir təcallası idi və Nəvainin Nizaminin əruzunu, deyək, farsca, ərəbcə yazmasını, eləcə də Qafur Qulamın, Səməd Vurğunun partiyalı ədəbiyyatın əsas simaları olmasını ikinci plana keçirir. Eləcə də hələ Sovet dövründə xalq şairi Rəsul Rzanın Türkiyəli şairlərin, o cümlədən Kəmaləddin Kamu, Nəcib Fazil Qısakürək, Orxan Vəli Qanıq, Fazil Hüsnü Dağlarca, Məlik Cövdət Anday, Məhməd Könülün şeirlərinə müraciət etməsini, onları Azərbaycancaya uyğunlaşdırmasını bayaq dediyimiz, genetik kod və xalq ruhu cəsarəti, başqa sözlə, xalqın içindən gələn səmimi hisslərlə, o hisslərin bir xalq şairinin çalışmaları timsalında cavab bulması kimi incələyə bilərik. (Bir maraqlı nüansı da vurğulamadam keçməyim: Rəsul Rzanın Nəcib Fazil Qısakürəyin “Otel odalarında” şeirini dilimizə uyğunlaşdırdığı zamandan təqribən 24-25 il sonra Anar müəllim Nəcib Fazilin Vətənində başlayıb, Rəsul Rzanın Vətənində bitirəcəyi “Otel otağı” əsərini yazacaqdı. – Doğrudan da, “enerji itmir, o heçdən yaranmır və yox olmur, sadəcə şəklini dəyişir, bir formadan başqa formaya keçir” – bu da ədəbiyyatın fizikasıdır, enerjinin itməməsi qanununun ədəbi inkasıdır. – Və bəlkə elə bu zalda oturanlardan da kimlərsə otel odalarında bunu hiss edib:
“Çılpaq divarda vurur nəbzi sızıltıların,
Mismar yaralarında, mismar yaralarında.
Hiss edilir zamanın taxtanı gəmirdiyi,
Tavan aralarında, tavan aralarında”…)
Yenə bir öncəki mətləbə qayıdaq. Xalqın dilində yazan, şeir dili ilə daha çox bir milli kültür hadisəsi olan, dolu irs qoyub getmiş bir şairmi Türk Dünyası Ədəbiyyatının, dilin inkişafında çox pay sahibidir, yoxsa, fars-ərəb tərkibləri ilə dolu dili ilə kənar mədəniyyət, ancaq düşüncəsi, məfkurəsi ilə başdan-başa milli şair olan, Türk Dünyasının qara sevdalısı olan şairmi? Ülkü baxımından ikinci, sənət, dil hadisəsi, üslub baxımından birinci şair – deyə cavab verilə bilər. Təsadüfi deyil ki, Ziya Göyalp da “Türkçülüyün əsasları”nda bu olanağa münasibət bildirmədən keçməmiş, dərin bir münasibət sərgiləmişdir:
-…Xalq şairlərinin qoşmaları, dastanları, maniləri və türküləri türk xalqının içindən gələn (səmimi) əsərlərdir. Bunlar metodla, təqlidlə yaradılmamışdır. Aşıq Ömər, Dərdli, Qaracaoğlan kimi şairlər xalqın sevgili şairləridir. Təkkələrin hər biri bir xalq ədəbiyyatına və dolayısı ilə türk ədəbiyyatına daxildir. Yunus Əmrə, Qayğusuz və Bektaşi şairləri bu topluluqlardandır.
Osmanlı ədəbiyyatı isə nağıl yerinə fərdlərə aid öykü və romanlardan, qoşma və dastan yerinə təqlid yolu ilə yazılmış qəzəllərdən və Avropa tərzində şeirlərdən ibarətdir. Osmanlı şairlərindən hər biri hökmən fars dövründə bir fars şairinə, fransız dövründə isə bir fransız şairinə bənzər. Füzuli ilə Nədim belə bu məsələdə müstəsna deyillər.”
***
Yenə Ziya Göyalpa istinad edərək, başqa bölməyə keçək. Ziya Göyalpa görə, əsl türk şeiri təkəbbürdən, özünüöymədən, vasvasıçılıqdan, bədbin və ümidsiz, xəstə ruhlu kimi görünüşdən (içərikdən) uzaq, inamlı, nikbin, ümidli və sağlam olmalıdır..! (- Örnəyi, “Qorxa-qorxa rüsvay olduq cahanda, qurğunu ər kimi qurmaq vaxtıdır. Zalım düşmən yurdumuzu taladı, çox yatdıq, igidlər, durmaq vaxtıdır” deyən XVIII yüzil Türkmən(istan) şairi Seyidnəzər Seydinin, “Millət şərqisi” yazan Tofiq Fikrətin, “Ya qazi ol, ya şəhid” deyən Mehmet Əmin Yurdaqulun, dərgaha tapınıb “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq”la başlayan “İstiqlal marşı”nı yazan Mehmet Akif Ərsoyun, “Alparslan”ı yazan Arif Nihat Asyanın, “Əlinə silah al” deyə buyuran Həmid Alimcannın, eləcə də Hüseyin Nihal Atsızın ümidsizliyi bir damcı yaxın qoymayan şeirləri kimi, “Kirpiyinlə silahlan” yazan Xəlil Rza Ulutürkün, “Sən qalib gələcəksən” inancına sahib Zəlimxan Yaqubun döyüşkən, ümidli poeziyası kimi…)
Bu yerdə sanki Ziya Göyalpın türk şeiri, ülkülü şeir üçün cızdığı tablonu, türkün həmişə müstəqil cümhuriyyəti üçün biçimləndirən solçu şair tərəfindən yazılan, amma bəlkə sağçı sayıla biləcək şeiri diqqətinizə ərz edirəm. – Ünlü şair Ataol Bəhramoğlu sanki Türkiyəni bir şeir bilib. Sanki Ziya Göyalpın türk şeirinə xas bildiyi özəllikləri Türkiyənin özünə xas bilib Ataol Bəhramoğlu:
“Türkiyə, üzgün yurdum, gözəl yurdum,
boynu bükük ay çiçəyi,
şeirin və eşqin gələcəyi.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
dağ küləyi, portağal balı,
alçaqkönüllü, hünərli, sevdalı.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Yazısı qara yazılmış gəlin
Qurumuş südü məmələrinin.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Xarlı bir atəş kimi dərində yanan
Haramilərin əlində qalan.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Güngörmüş bilgə torpağım,
Yunus, pir Sultan və Nazım.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Sızı, ağı, halay və zeybək,
Tüstüsü üstündə əppək.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Üzü qırış-qırış anam,
Ağlayan narım, gülən heyvam.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Asmaların üstündə gün işığı,
ən gözəl gələcəyin yaraşığı.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Zənciri alnında qımıldayan
Bitəcək sanıldığı yerdə başlayan.”
Bu şeir bir daha təsdiq edir ki, türk şairi solçu da olsa, sağçı da olsa, hecada da yazsa, hecasız da yazsa, onun qara qələmindən ağ kağıza tökülən misralarda hətta inersiya ilə gəlmiş olsa belə… harmoniya, bütövlük, simmetriya (belə deyək, xarakter!) yansıyacaq. (Və bir də Ataol Bəhramoğlu “Attila Jozsefin şəhrində bir köprüdən Tunaya baxmaq” adlı poemasını yazarkən də eyni ahəngdədir – bəlkə buradakı simmetriya qeyri-səlisdir amma illa da bir türk şairini nişan verir, türkün böyük ruhunu nişan verir (“Bir yaz günü keçdik Tunadan qafilələrlə” havasını gətirir).
İlgincdir ki, “Türkiyə, üzgün yurdum, gözəl yurdum” yazılandan 10 il sonra Azərbaycanda Əlisəmid Kür “Məmləkətim, hey”i, 18 il sonra–1998-ci ildə Quzey Qafqazlı başqa bir türk, başqa bir şair bu şeiri yazacaqdı:
Rəngli şimşəklərin üssü,
İlk Türk şeirimin süsü,
Ankara, Ankara.
Sevgilimin doğma şəhri,
Tüm türklüyün fikir nəhri
Ankara, Ankara.
Qarlı bir göyüzü
Çökər yürəkdə son duvar
Ankara, Ankara.
Bu zatən ruh məsələsi
O! Yarınların sılası
O! Yarınların kalesi
Ankara, Ankara.
Bu Balkar şairi Örüzlan Bolatın şeiridi. – Başqa bir şeirində
“Altay, Balkarya, Türkiyə,
Eşq, işıq birləşdirdi sizi”
deyən Örüzlanın.
Örüzlandan daha gənc, Batı Trakyalı şair Mustafa Çolak 6-7 il sonra “Məmmləkətim”i yazırdı:
Məmləkətim!
Uğruna canımı,
Qanımı fəda edərim
Canım sevgilim
Qarayazılı məmləkətim.
Məmləkətim!
Daşına, torpağına vuruldum
Eşqmnlə sərxoş oldum
Bu yola baş qoydum
Bəklə bizi, bizi bəklə!
Məmləkətim!
Alkoliklərin, hortumçuların
Dalaverecilərin yönətdiyi
əzilən xalqımın gözbəbəyi
qaragözlü sevgilim!
Məmləkətim!
Qaranlıq bir ölkənin,
Asi cocuğu
Həyat günəşim, yaşama sevincim
Məmləkətim mənim!
Eyni ruhu, eyni ritmi, eyni umudu, türk şeir xarakterini (daha doğrusu, türk şairinin öz xarakterini!) görmək açısından diqqətçəkici bilib örnək göstərdim bunları… – Bəlkə də bu dörd (– fərqli nəslə, fərqli ölkəyə mənsub) şair bir-birini tanımır, heç bir-birlərinin şeirlərinə bələd də deyillər. – Amma təqdir edərsiz ki, burada da “ədəbi enerjinin itməməsi qanunu” özünü doğrultmuşdur. – Qaynağı eyni olub, bəlkə əhatə dairəsi, çatma nöqtəsi fərqli olan dalğaların yaratdığı enerjini deyirəm… Və bəlkə burada da hər sönən nöqtə yeni bir dalğanın, enerji axımının başlanğıcıdır…
“xəyallarım duyğularıma,
Duyğularım düşüncələrimə,
Düşüncələrim ağlıma hökmetdikcə,
Mən var olacağam”… – Bu sözlər də gənc Mustafa Çolağa aiddir.
Bu kimi misallar bir deyil, beş deyil. Bu misalları klassiklərimizin yaradıcılığı örnəyində də verə bilərik, çağdaşlarımızın da:
Qaracaoğlan: “Üryan gəldim, yenə üryan gedirəm,
Ölməməyə əldə fərmanımmı var?”
Aşıq Alı: “Ölüm haqdı, çıxmaq olmaz əmirdən”
Çağdaşımız Salam: “Tanrı ölüm hökmü kəsib doğulmaq günahımıza” deyəndə;
Aşıq Şenlik:
“Dərdli adam gecə yatmaz
Şirin layla çalasan da!”
(“Günü-günə calasan da”),
Atamurad Atabayev:
“Gedib səbrim-qərarım
bu gecə – ağır gecə.
Dünyanın dərd-ələmi
Gözümə yağır bu gecə”
(“Bu gecə”),
Sücayət:
“Uşaqları gülə-gülə yatırdıb,
ağlayıram, yatmıram ki, gecələr”
(“Gecələr”) yazanda;
Rasim Kərimlinin:
“Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Тərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı?” (“Səndən savayı”)
Səhərin “Gəlmişəm deyəm ki, gəlməyəcəyəm” misralı şeiri
“Səndən yar, sənə yar, şikayətim var” misrası ilə ünlü olan şərqi ilə
səsləşəndə;
Xalq şairi Fikrət Qoca da
(“Məni qınamayın,
Dünya mənə tanış gəlir,
Elə bil bir dəfə də
Olmuşam buralarda”),
Ramiz Rövşən də
(“Bir dəfə də gəlmişəmmi?
Glmişəmmi, görmüşəmmi?
Yaşamışam-ölmüşəmmi, –
Dünya mənə tanış gəlir”)
“Dünya mənə tanış gəlir” qənaətinə gələndə;
***
Riza Tevfiq Bölükbaşı:
(“Uçun, quşlar, uçun doğma yerlərə
İndi dağlarında gül-sünbül vardır.
Ormanlar qoynunda bir sərin dərə
Tikanlar içində sarı gül vardır”)
“Humayi Eşq”,
Musa Cəlil:
(“Quşcuğaz, quşcuğaz, oxu sən bir az,
məhbəs qanununu anlamayırsan”)
“Quşcuğaz”,
Mikayıl Azaflı:
(“Mən məhbusa bir xəbər ver,
açılıbmı yaz, ay bülbül”)
“Bülbül” pıçıldayanda onları yalnız şair halı deyil, eyni güclə türk halı dilləndirib, hərəkətə gətirib, məncə…
Yaxud istər Aşıq Şenliyin “Qara torpağ”ını, istər Xəlil Soyuərin “Torpağ”ını; Erqaş Cümənbülbül, Akif Azalp (Bağır), Rauf Pərvi, Törə Mirzə və Rüstəm Behrudinin “Dar ağacı”nı oxusaq deyilərnlərə tanıq olacağıq.
Eləcə də, Nadirbəy Alimbəyovun “Ağ bulud” şeirini oxuyarkən ulu qırğız yazıçısı Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”nu yada salmamaq olmur. Ağ buludu ömrünə arkadaş sanan şair deyir:
Yaş tökəndə gözündən
Həyat verər çöllərə.
Ağ bulud, ağca bulud,
Xoş gəldin bu ellərə.
***
Bu vəznli, vəzinsiz şeirlərdən keçirəm əsl türk vəzni mövzusuna. Əsl türk vəzni heca vəznidir. Baxmayaraq ki, çağdaş türk şeiri daha çox sərbəst vəzndədir, neçə izmə (modernizm, postmodernizm və b.), bəzən hətta “ağ şeir” (neoepik şeir) kurallarına tabedir; digər yandan elə bu məruzədə də Türk Dünyası Ədəbiyyatı dedikdə ağlagələn ilk mənəvi ünvanlar, isimlər sırasında adını çəkdiyimiz Nəvai, Füzuli kimi klassiklər xalq üçün o qədər də anlaşıqlı olmayan əruz vəznində yazıblar. Xalqın şairləri heca vəznində şeirlər yazmışlar. Bu vəzndə, yuxarıda Göyalpdan gətirdiyimiz misalda da deyildiyi kimi, Əhməd Yasəvi, Yunus Əmrə, Qayğusuz Abdal kimi təkkə şairləri və Qurbani, Aşıq Ömər, Dərdli, Qaracaoğlan, Dadaloğlu, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyin Bozalqanlı kimi saz şairləri ölməz əsərlər yaradıb, sonrakı nəsillərə zəngin irs qoyublar.
Görünür Nəvaini, Füzulini şeirlərinin forması deyil, içəriyi, ülkülülyü xalqa yaxın qılmışdır. – Eləcə də çağdaşlarımızdan yaxud XX yüzildə böyük yol qət etmiş türk sərbəst şeiri təmsilçilərinin bir çoxunu…
Yaxın günlərdə Vaqif Nəsib Sarıhüseyinoğlunun “525-ci qəzet”də çıxmış şeirlərindən birində belə bir epiqraf vardı: “Səndən heca vəznində şeirlər gözləyirəm. Nizami Cəfərov”.
Məlumunuz, Ziya Göyalpa görə, təcrübə yolu ilə bəlli olmuşdur ki, türk xarakteri, türk zövqü daha çox “6+5” vəznində şeirlər tələb edir, başqa sözlə, xalqımız bu vəzndən xoşlanır. Bu da görünür daha çox Saz havaları, ozan təfəkkür biçimlənməsi, sözlə səsin harmoniyası və bu qəbildən axtarışlarla bağlıdır.
Ancaq bu yöndə fikirlərimizi ümumiləşdirsəi olsaq, deməliyik: bir millət olaraq hansı mədəniyyət topluluğuna, hansı uluslararası birliyə daxiliksə buna uyğun bütün elmi qavramların, fəlsəfi görüşlərin, hətta lirik duyğuların ifadə imkanları da o mənsubiyyətdə olma imkanına sahibdir. Bayrağımızdan, respublikamızın siyasi kursundan da bəlli olduğu kimi biz Avropa mədəniyyət məkanına inteqrasiya yönündə çalışırıq, yaxın keçmişdə isə Sovetlərdən çıxmışıq. Özü də türk xalqlarının çoxu bu taleni yaşamışdır. Eləsə ən azı forma baxımından qəbullanacağımız, daha doğrusu artıq çoxdan qəbullandığımız Avropa tipli şeirləri də anlayışla qarşılamamız başadüşüləndir. Sərbəst olsun, fransızsayağı “6+6” vəznində olsun, başqa vəzndə olsun, hətta ən yeni bir ədəbi axıma aid olsun, əgər onu bizim şair yazıbsa, artıq özünə münasibət tələbetmə hüququ var… Yaxud Çində yaşayan uyğurlar Çin şeir üsuluna, Əfqanıstanda yaşayan türkmənlər, özbəklər, qazaxlar bir Allah bilir nəyə, haraya, İrandakı, İraqdakı soydaşlarımız əruza uğrayırlar, hər gün… Ancaq hər bir millət kimi türk millətinin də əsl zövqü, Ziya Göyalpın sözü ilə desək, “milli zövq”dür, digərləri bəlkə “xarici zövq”dür – ekzotikadır… Bununla belə “milli zövq”lüymüş kimi görünən, milli vəzndə yazılan ancaq məzmunu, içəriyinin mahiyyəti anti-türk olan bir “şeir” haqqında nə deyəcəyik? Bundan başqa, “Sənət sənət üçündür” deyə düşünənlərə top-tüfəngmi çəkəcəyik?!. ( – Xatırladım ki, məruzənin bir adı da “…Suallara cavab axtararkən meydana çıxan yeni suallar”dır…)
Bu yerdə diqqətinizi xalq şairi Fikrət Qocadan bir örnəyə çəkmək istərdim.
“Babalarım
kasıb olub, mərd olub!
qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
qaçaq olub, mərd olub.
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub”
– Sizcə bu fikirlərin hansı formada, hecada, hecasız, qafiyəli-qafiyəsiz deyilməsinin bir önəmi varmı? – Umarım, cavabınız – “Əsla”dır! – Və əsla quşqu yoxdur ki, bu şeir əsl türk xarakterini açır, türkün comərdliyini açır…
***
Ədəbiyyatı ictimai-mədəni durumumuzun, halımızın ədəbi-bədii inkası kimi götürsək, durumumuz, halımız da, Anadolular demiş, söz konusu olur. Yaşadığımız binalar “Polski”, “Nemse”, “Stalinka”, “Xruşşovka”, “Kiyevski”, “Leninqradski”, yaxud “gecəqondu”, təmir işlərimiz “Evroremont”, yaxud kustar üsullu. Geyimimiz ya “Kitayski”, ya “Avropa malı”… Arabalarımız illa da xarici… İşlətdiyimiz avadanlıqların önəmli bölümü dışarı markalar… Üstəgəl, yaxın keçmişimizdə hətta aşıqların Stalinə, kommunist partiyasına, kolxoza söz qoşub, saz çalması kimi adıyaman aldanışlar… Və Ədəbiyyat, Ədəbiyyat adamı bu bunalımın içində nə etsin.!? Şeirsəl dirəniş, şeirsəl etiraz, Ədəbiyyatca bir çıxış yolu nə qədər etkili ola bilər?.. Milli ornamentlərimizə, milli naxışlarımıza, milli dəfiləmizə, milli ürətimimizə geniş meydan tanınmalıdır. Ədəbiyyat tək başına döyüşməməlidir. Sizə deyim, mən dünyanın ən böyük bayrağının Azərbaycanda dalğalanmasına da, Heydər Əliyev Fonudunun düzənlədiyi Muğam yarışmalarına da, istər muğamın, istərsə də aşıq sənətinin Mehriban xanım Əliyevanın böyük səyləri ilə YUNESKO-nun qoruması altına alınmasını da bax, bu narahatçılıqlara böyük cavab kimi başa düşür və öz vətəndaş şükranlığımı yetirirəm. Hesab edirəm ki, keçmiş Sovet respublikaları arasında məhz Azərbaycanda Yazıçılar Birliyinə bəslənən dövlət münasibəti bütün digər əsaslarla yanaşı həm də Ədəbiyyatın xalqımızın taleyində oynadığı rola ehtiramın ifadəsidir.
***
Demək, türk şeirinin (türkçü şeirin) mövzusu məsələsinə bir az daha aydınlıq gətirsək, deməliyəm ülkülü ədəbiyyatla yanaşı, səmimiyyətlə, sadəlöhvcəsinə yazılmış, türkün dilində (fərq etməz hansı türkcədə olur-olsun) yazılmış hər bir şeir dəyərlidir. Biz, Türkcədə gözəl yazmaq özü elə millilikdir, dilə, mədəniyyətə xidmətdir yanaşmasına da sayğı deyuruq.
Böyük fikir adamı Ziya Göyalp “Türkçülüyün əsasları”nda yazırdı: “Milli kültür ilə mədəniyyəti bir-birindən ayıran, kültürün, özəlliklə, duyğulardan, mədəniyyətin isə, özəlliklə, bilgilərdən meydana gəlmiş olmasıdır. İnsanda duyğular üsula (metoda) və iradəyə (istəyə) tabe deyildir. Bir millət digər bir millətin dini, əxlaqi və estetik (bədii) duyğularını təqlid edə bilməz”. Bax, bizdə də, bir haldaki ədəbiyyat təsərrüfatımızdan danışırıq, əslində doğma dövlət dilimizdə yazan hər kəs, dilimizə çevrilmiş hər əsər “Ədəbiyyatımız və Türk Dünyası” mövzusunda dartışmaya cəlb oluna bilər. Ancaq türkçü şeir, türk şeiri, türk ədəbiyyatı hansıdır – deyə soruşsanız mən şəxsim adına Ziya Göyalpın milli kültür və mədəniyyət üzrə tətbiq etdiyi yanaşmanı tətbiq edərdim. – Məncə, düstur budur – sözlərin hansı dildə olması yetərli deyil, şüur, düşüncə, təfəkkür türkcə olmalıdır, iş türkcə olmalıdır, türkə, türkün ehtiyaclarına, istəklərinə görə olmalıdır… Türk Dünyasına nə gərəklidir, Türk Dünyası aydınının üzərinə hansı görəvlər düşür və qələm adamı öz öz adamlığını (kimliyini, mənini) qələmlə ağ kağız üzərində necə biçimləndirir?
***
“Türklərin bütün sənət qollarında görünən estetik-bədii özəllikləri də təbiilik, sadəlik, zəriflik və orijinallıqdır. Türkün xalçalarında, çini məmulatlarında, memarlıq və hüsnxəttində qabarıq görünən də məhz bu estetik (bədii) üstünlüklərdir” (Ziya Göyalp). – Yenə “əsl şair sadəlöhv olar yaxud əsl şeir sadəlöhv düşüncənin məhsu-ludur” sözlərinə qayıdıram… Bilirsiz, məncə, yuxarıda dediyimiz məqamların ümumiləşmiş ifadəsi də məhz elə bu sözlərə uyğundur.
Fikrimizi davam etdirmək üçün yenə Ziya Göyalpa üz tutaq: “Xalq şairləri ölçülü oldluğunu bilmədən çox gözəl lirik şeirlər yazırdılar. Təbii ki, bu bir ilhamla, yaradıcılıqla baş verirdi. Metod (üsul) və təqlid ilə edilmirdi. Osmanlı vəzninə gəlincə, bu vəzn fars şairlərindən alınmışdı. Bu vəznlə şeir yazanlar fars ədəbiyyatını dərs kimi öyrənir, metod (üsul) vasitəsiylə əruzu tətbiq edirdilər. Buna görə də əruz vəzni milli kültürümüzə əsla daxil ola bilmədi.” Əgər böyük türkçünün fikirlərini paylaşırsaq, o zaman, xalq ruhunun ədəbiyyatda dirçəldilməsi, epos təfəkkürünün ədəbiyyatda geniş yayılması, folklor örnəklərinin sistemli toplanması ( – necə ki, Folklor İnstitutu bu işi layiqli biçimdə yerinə yetirməyə çalışır – ) ilhamlı yaradıcılıq ortamının gəlişməsinə yararlı olardı – desək yanlış olmasın gərək.
Türk şeiri, türkçü şeir qavramları üzərinə daha bir neçə kəlmə söyləyək:
– Səmimi, duyğusal və Nizami müəllimin sözü ilə desək, sadəlöhv şeir (örnəyi, SƏHƏRin, Zirəddin Qafarlının, Barat Vüsalın, Məlahət Yusifqızının şeirləri kimi);
– Heca vəznində yazılmış şeir (örnəyi, İbrahim İlyaslının, Vasif Süleymanın, Vaqif İsaqoğlunun, Əlirza Həsrətin şeirləri kimi);
– Düzgünlüyü, əxlaqı anladan, bu yönü çatdıran əsər (Aşıq Əli Quliyevin, Məhəmməd Astanbəylinin, Səməd Qarçöpün şeirləri kimi, Məmməd Orucun nəsri kimi);
– Türk Dünyası ünvanını daşıyan əsər (Arif Əmrahoğlunun, Güllü Yoloğlunun, Azər Turanın, Qənirə Paşayevanın kitabları kimi);
– Türk dilinin gözəlliklərini ən doğru biçimi ilə təcalla etdirən əsər (Səfər Alışarlının, Əlabbasın nəsri kimi);
– Ortaq türk keçmişindən ortaq türk gələcəyinə boylanan yazarların işləri (Elbariz Məmmədli, Namiq Hacıheydərlinin şeirləri kimi);
– Comərd, təmənnasız, ilhamlı yazarın qələm məhsulu (Rəsmiyyə Sabir, Saqif Qaratorpaq, Zahid Saritorpaq kimi);
– Formaca türk kültürünü yansıtmasa da içərik (məzmun-mündəricə) baxımından türk ruhunu biçimləndirən yazılar (örnəyi, Dəyanət Osmanlının şeirləri kimi) və s.
Türk şeiri professor Nizami Cəfərovun təbirincə desək, “dünyanı xaosdan qurtarıb, harmoniyaya gətirməyə”ə xidmət etməlidir.
Qocaman şairimiz Fikrət Sadıq bir şeirində deyir: “Əslində əslində əslində deyil”. Bu günlərdə Avrovijin-2011-də Azərbaycanın 1-ci, iki il öncə 3-cü yerə çıxması, ondan da bir qədər öncə Türkyiənin 1-ci yerə çıxması bir daha sübut edir ki, türk insanı tamamilə yad dildə, yad formatda, yad mədəniyyət hadisəsində belə qısa zaman kəsiyində öncül ola bilir. Sizə deyim, örnəyi, saz yaxud muğam yarışmasında bir Batı Avropalının qalib gəlmə şansını necə dəyərləndirirsiz? –Heç təsəvvür edə bilirsizmi? Bizim gənclərin qələbəsi bir yandan xalqımızın istedadını göstərirsə, digər yandan türkün üfüqügenişliyini, üfüqünötəsini can atmasnı, əzmini, axtarış ehtirasını biçimləndirir müəyyən qədər. Müqaysiəmi uyğunsuz bulmayın: Necə ki, türklər az qala bütün İlahi dinləri qəbul etmişlər. Biz dünyanı bizimkilər, bizimki olmayanlar bölməmişik, yadlara, yabançılara sadəcə olaraq çevrəmiz içinə girməyənlər kimi baxmışıq. Qədim türklərin xarici ölkələrə “çöldəki el”, “dış el” deməsi misali… Osmanlının İrlandiyaya tonlarla taxıl göndərməsi kimi… Xaosdan kosmosa keçidi təmin etmək səyi və yetənəyi kimi… Bu hal türkün qanındadır, canının cövhərindədir…
***
Dəyərli ədəbiyyatsevərlər, mən bu məruzəyə hazırlaşarkən intenet və telefon üzərindən Azərbyacanda və respublikamızdan kənarda yaşayan bir neçə aydına önərilərini soruşdum. Onlardan da ən planlı cavab verən mətbuatımızın tanınmış imzalarından olan Soylu Atalı oldu. O da, “Türk Dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da Türk Dünyası…” mövzusunun planını bu biçimdə görür:
– Azərbaycan ədəbiyyatında milli ruhun etkiləri – Nəsimilik ədəbiyyatın üstünlüyü kimi. Poeziyanın təriqətləşməsi və ictimai həyatın nizamına birbaşa təsiri;
– İnsan halının, duyğularının poeziya vasitəsiylə bəşəriləşməsi – Füzulilik ədəbiyyatın üstünlüyü kimi. Türk mənliyinin Füzulilikdə aşkarlanması. Türk ruhunun təmizliyindən gələn heyrətin, ali kədərin dünyaya gərək olan poetik aşamaları;
– Əski Azərbaycan ədəbiyyatında türk dilinin yeri – türk düşüncə tərzinin, fəlsəfəsinin poeziya vasitəsiylə ifadəsi;
– Türkçülüyün milli şüura çevrilməsində ədəbiyyatın rolu;
– Döyüşkən ədəbiyyat ideyası…
Çəkilən adlar üzərində dayansaq, Nəsimi üzərinə professor-doktor Qəzənfər Paşayevin ötən il işıq üzü görmüş “Nəsimi haqqında araşdırmalar” kitabını, Nəsiminin qəbrinin Türkiyədə olması ilə bağlı versiyaların güncəlləşməsini; Kərbalada Füzuli Şeir Şöləninə 2009-cu ildə bu sətirlərin müəllifin də daxil olduğu Azərbaycan nümayəndə heyətinin getməsini; hər iki şairin əsərlərinin latın qrafikalı əlifba ilə Prezident Sərəncamına uyğun olaraq 25 min sayla nəşr edilməsini vurğulaya bilərik. Ancaq Soylu heç şübhəsiz, bu faktları istəmir, o adlar içində olan mahiyyəti, Nəsimi, Füzuli adları ilə kodlaşmış energetikanı, necə deyim, mənəvi-ruhi halı, o halın çağdaş inkasını nəzərdə tutur. Elə isə gəlin, yenidən Ziya Göyalpa üz tutaq. Sosial inkişaflarının üç ayrı-ayrı aşamasında bir-birinə bənzəməyən üç müxtəlif mədəniyyət dairəsinə girmiş türklər qövm dövləti həyatındaykən Uzaq Doğu, Sultan dövləti dövründəykən Doğu mədəniyyətinə girmişlər, milli dövlət dövründəykən isə Batı mədəniyyəti yolunu tutmuşlar deyə düşünən klassik türkçünün fikirlərinə yenidən müraciət etsək görərik ki, sanki Ziya Göyalpdan Soylu Atalıya, Akif Səməd rəhmətlik demiş, “bircə qarış yol var imiş”: “…Mədəniyyət dairələrinin də özlərinə məxsus coğrafiya sahələri və bu sahələrin müəyyən sınırları var. Örnəyi, bir nağıl, ya da bir adət müəyyən bir nöqtəyə qədər yayılır, ondan o yana gedə bilmir. Ona görə ki, hər mədəniyyət başqa bir sistemə mənsubdur. Bir qayda olaraq, hər mədəniyyətin başqa bir məntiqi, başqa bir gözəllik anlayışı, başqa bir həyatgörüşü vardır. Buna görə də mədəniyyətlər bir-birinə qarışmırlar. Yenə buna görədir ki, bir mədəniyyəti bütün sistemi ilə qəbul etməyənlər, onun bəzi bölümlərini mənimsəyə bilmirlər.
…Mədəniyyətlərin coğrafiya sınırları ayrı olduğu kimi tarixi inkişafları da bir-birindən asılı deyildir. Bu inkişafların bir başlanğıcı və bir sonu vardır.”
***
…Türkün həmişə müstəqil dövlətində – Türkiyədə illər öncədən ədəbi camiə faktiki olaraq iki cəbhəyə bölünüb: solçular və sağçılar. Sanki Türkyə torpaqları kimi – bir bölümü Avropadı, bir bölümü Asiya; sanki türk siyasi həyatı kimi – sol partiyalar, sağ partiyalar…; sanki Avropa Birliyi tərəfdarları və Türk Birliyi tərfədarlaır kimi… –Və məhz burada söhbətə yeni ayaq vermək istərdim. Son illər bəlli oldu ki, sən demə üzü Avropa Birliyinə doğru olub da TürkPA, Türk Dövlət Başçıları Konseyi yaratmaq olarmış… Sanki solnan sağ zaman içində bir-biri ilə konsensusa girir, zamanla diffuziya olunur və yeni xəlitə yaranır… Bax, sol sağ kimi, heca ilə əruz da uzun illərin, başqa sözlə, tarixin pressinqi, bəzən də doğal axışla diffuziya edib şeir dünyamızda. Zamanla, qazaxların sözü ilə desək, “altun arna”sını bulub… Özünüz deyin biz, Azərbaycan Ədəbiyyatını Nizamisiz, Füzulisiz təsəvvür edə bilərikmi? Yaxud özbəklər Nəvaidən imtina edəcəkmi? – Əsla yox! O üzdən, Qazaxıstanda şamançılıqla islamizmin “təbii anlaşma”sı kimi, zamanla başqa dillərdən aldığımız qaçınılmaz sözlər kimi, artıq hardasa bizim olmuş ədəbi türləri də ən azından klassika kimi qəbullanmışıq, etiraf etmişik, sayğı duymuşuq…
İstanbula gedək, bir klassik sağa, bir klassik sola diqqət kəsilək: Nəcib Fazil Qısakürəyin – türk şeirinin enlikürək kişisinin “Canım İstanbul”unda oxuyuruq:
…Yeddi təpə üstündə zaman bir naxış işlər!
Yeddi rəng, yeddi səsdən saysız sərzənişlər…
Eyüb yetim, Kadıköy süslü, Moda qurumlu,
Аdada ruzgar uçan ətəklərdən sorumlu.
Hər səhər Hisarlardan oxlar çıxar yayından
Hələ nərələr gəlir Topqapı Sarayından
Аna kibi yar olmaz, İstanbul kibi diyar;
Güləni belə dursun, ağlayanı bəxtiyar…
Gecəsi sünbül qoxan,
Тürkcəsi bülbül qoxan
İstanbul, İstanbul…
Və Nazim Hikmətin
“Mən bir ceviz ağacıyam Gülhanə Parkında,
nə sən bunun farkındasın, nə polis farkında…”
misraları ilə ünlü olan şeiri…
Demək, ülkülü əsərlər də, dilin bütün gözəlliyi ilə qullanıldığı şeirlər də bizimdir. – İstər bir türk hadisəsi olaraq, istər dil, istərsə də sənət hadisəsi olaraq…
***
Türkə şənlik yaraşır, türk şeiri ağı yüklü ola bilər, ancaq ağlaşma yaya bilməz. Türkün ağısı, kədəri, nisgili bir başqadır:
“Mən bu yurdda yaşamadım,
yaşlığıman doyamadım
Vətənimə həsrət qaldım
Ey gözəl Kırım!”
***
“Harda qaldı Kərkükün gözəl havası,
bir başqaydı suyu, günü, dəvası.
Yandırdı, qovurdu bizi
Kərkük sevdası,
Türkmən sevdası…”
Türkiyəli yeni nəsil yazarlarından “Yüce Erek” dərgisinin qurucusu Zaim Gökün isə Türkmanelili (İraqlı) soydaşlarımıza ünvanladığı şeirdə belə deyir:
“Gözündə yaş, bağrında daş…
Zülmün belə utandığı qərib qardaş
Kağız mahjup, qələm asi, dillər lal
Qardaşımın başında bir qərib hal…
…Qan qusdu da qızıljıq sandıq səs etmədi,
Əlimizlə təslim etdik, kin güdmədi.
Atamın torunu, əmmi oğlum, dayı qızım,
Horyatı ağıt, türküsü sızım-sızım.
Naxışı naxışım, toxuşu toxum
Varsa varım, yoxsa yoxum…”
***
Yenədəlik olmasın, Türk Xalqları Ədəbiyyatı, başqa sözlə, Türk Dünyası Ədəbiyyatı elə Dünya Ədəbiyyatıdır. Daha doğrusu, Dünya Ədəbiyyatının bütün təzahürlərini daşıyır. Dünya insanının keçirdiyi hər türlü hiss-həyəcan türk şeirinə yad deyil. Türk şeirinin xarakterində elə dünya şeirinin xarakteri, mənzərəsi ümumiləşib.
…Şeir əgər türkün arzularını ifadə edirsə, necə deyərlər, məzmunca türkcəsə – türk halındasa, o şeir formasından asılı olmayaraq türk şeiridir. (Məlumunuz, qədim türk şeiri özü heç də bir anlamlı şəkildə hər yerdə türk məzmunu daşımayıb, vahid forma nümayiş etdirməyib.)
Başqa bir özəlliyə də deyinmək istərdim. Olur ki, bir şair həm solçu təfəkkürün məhsulu olan şeirlə çıxış edir, həm də sağçı… Nəhayətdə də, belə deyək, “mərkəzçilik” edir. Solçu-sağçı demişkən, bu ayrımçılıq bizdə – Azərbaycanda bütün kəskinliyi ilə təzahür etmir, nə dinarçılıq, nə ifrat açıq-saçıqlıq şeirə böyük ölçüdə gəlmir. Bununla belə bəzən olur ki, bir şair həm rakı, qadın, bilməm nə barədə yazır, həm irfan şeiri yazır, şeirində Quran intonasiyası (əsintisi) yaratmağa çalışır. Ümidvarıq, bu keçici hal olub, ictimai-siyasi formasiya dəyişikliyi kimi zamanla oturuşacaqdır. İrfan demişkən, Türk Dünyasının miqyası, ayrı-ayrı mədəniyyətlərlə qovuşması, iç-içə olması yaxud sınır qonşusu olması özünəməxsus situasiyalar yaratmışdır. Örnəyi, çuvaş şairi irfan şeiri yazmayıb, yəqin yazmayaq da, Kərbaladakı türkman şair də çuvaş şeirindəki azadruhluluğa (bəlkə buna açıq-saçıqlıq da demək olar) yetməyib (və bəlkə bu heç olmayacaq da)…
***
Baxış açımızı bir qədər yeni dövrə yönəldək. Görəsən, bayaqdan danışdıqlarımız yeni dövr yazılarında necə inkas olunub? Sual oluna bilər, hazırda yeni nəsil türk yazarlarının yaradıcılığında aparıcı mövzular hansılardır, hansı tendensiyalar özünü göstərir?
Bu suala birmənalı cavab vermək çətin olsa da, deyə bilərik ki, hər nə qədər Şeirin ilahi eşq, sevgi, həsrət və b. sınır tanımayan əzəli-əbədi mövzuları olsa da örnəyi, Azərbaycanlı şairlə Yakut şairinin, Çuvaş şairi ilə Kərküklü şairin şeirləri, Özbək yazıçısı ilə Köstəncəli, Dobrucalı yazıçının nəsri, həm bir çox hallarda mövzu-məzmun, həm də əsasən forma baxımından bir xeyli fərqliliklər daşımaqdadır. Əslində bu fərqlilik problem kimi qəbul edilməməli, əksinə bir xalçanın ilmələri kimi, bir ustanın işlədiyi fərqli naxışlar kimi gözəl görünməlidir. Bununla belə, gözünlə yox, ruhunla oxuyanda görürsən yakutun da, çuvaşın da, özbəyin də, uyğurun da, tatarın da, balkarın da ürək çırpıntısı eynidir, qələm fərqli coğrafiyalarda, fərqli əllərdə eyni ritmlə döyünüb… (–Necə ki, yuxarıda ayrı-ayrı nəsillərə mənsub şairlərdən gətirdiyimiz örnəklərlə bunu sərgiləməyə çalışdıq.) İstər-istəməz, Sabir Rüstəmxanlının ünlü deyimi yada düşür: “Bu dərd mənə tanış gəlir”. İstər-istəməz bütövlüyə, birliyə, ortaq keçmişin energetikasına qayıdış, bəlkə inersiya ilə ora gediş görünür soy qardaşlarımızın şeirlərində, ümumən ədəbi yaradıcılığında…
Bayaq belə bir söz işlətdik: Xalq ruhunun cəsarəti! Bir çox hallarda türk insanı nədən yazıbsa da xəlqilik, ruhsallıq və cəsarət özünü göstərib. Bu yerdə hörmətli alimimiz Nizami Cəfərovun sözlərini xatırlayaq. – Beləliklə, “yeni dövrə yönələk” deyərkən yenidən “yada düşən çox köhnə zamanlar”a qayıdaq. – Deyirəm, ortaq olmayan, əksinə Ayrılmış Ədəbiyyatlı bugündənsə, ortaq keçmiş daha cazibdir, yəqin… – Professor Türk xalqları ədəbiyyatını qədim, orta, yeni və ən yeni olmaqla 4 qrup üzrə dövrləşdirir. Onun fikrincə, Qədim dövr, türklərin monqollar və tunqus-manuçurlarla ortaq qurduqları (“etnomədəni, etnososial, etnosiyasi” birlik olan) Altay birliyindən ayrıldıqları zamandan başlayaraq eramızın II minilliyinin əvvəllərinə qədər davam edir. Nizami müəllim “Qədim türk ədəbiyyatı türk xalqlarının ümumi, ortaq mənəvi-mədəni sərvətidir” deyə vurğulayır.
Türklərin etnocoğrafi diferensiasiyasının dərinləşdiyi II minilliyin əvvəllərindən etibarən özünü göstərən coğrafi bölünmələrini
1) Doğu (karluq türkləri),
2) Quzey-batı (qıpçaq türkləri),
3) Güney-batı (oğuz türkləri) kimi sıralayan professor Nizami Cəfərov Orta yüzilliyin sonlarına qədər davam edən həmin dövrdə yaranan ədəbiyyatı orta dövr türk ədəbiyyatı adlandırır. Və haqlı olaraq, həmin dövrün “qədim(ümum-)türk ədəbiyyatının ortaq özəlliklərini qoruyub saxlamaqla yanaşı bölündüyü coğrafiyalar üzrə müəyyən fərqli əlamətlər də qazandığı”nı yazır.
Türklərin orta yüzilliyin sonu yeni dövrün əvvəllərindən (XVI-XVII yüzilliklərdən) başlayan yenidən diferensiasiyasının çağdaş türk xalqlarının yaranması ilə sonuclandığını vurğulayan türkoloq-alim “Türk(Osmanlı türkləri), Azərbaycan, özbək, uyğur, tatar, başqırd, türkmən, qırğız, Altay… xalqları nəinki özlərinəməxsus fərqli sosial-siyasi, mədəni əlamətlər nümayiş etdirməyə, hətta daxili iddialarla ortaq sərvətləri də bölüşdürməyə təşəbbüs göstərirlər” deyir.
Nizami müəllimin özünün də vurğulandığı kimi türklərin müstəqil bir etnos, xalq kimi tarix səhnəsinə çıxdıqları dövrdən (e.ö. I minilliyin ortalarından) zəmanəmizə qədər yaratdıqları ədəbiyyatın əsasları onun tərtib etdiyi və 2006-cı ildə işıq üzü görmüş dördcildlik “Türk xalqları ədəbiyyatı”nda əhatə olunub. (I cild: Qədim türk eposu (dünayanın yaranması haqqında, Boz Qurd dastanları, Oğuz kağan dastanı, Siyenpi dastanı, Alp Ər Tonqa dastanı, Ərgənəkon dastanı, Köç dastanı), Qədim türk şeiri (döyüş türküsü, Axın (yağma) türküsü, Ağı, Yaz türküsü, Qışla Yazın türküsü, Ov türküsü, İdil türküsü, Sevgi türküsü, Müdriklik türküsü, Türk maniçi şeiri, Türk buddist şeiri), Tonikuk kitabəsi, Kül tiqin kitabəsi, Bilgə xaqan kitabəsi, Türk maniçi nəsri (Xuastuanift), Türk buddist nəsri (Altun Yaruk), Dədəm Qorqud Kitabı, Yusif Balasaqunlu. Qutatqu bilik, Əhməd Yüqnəki. Atibətül-həqaiq, Əhməd Yasəvi. Divani-hikmət, Nizami Gəncəvi;
II cild: Manas, Yunus Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Baqi;
III cild: Koroğlu, Nədim, Molla Pənah Vaqif, Məhtumqulu, Mirzə Fətəli Axundzadə, Abay, Tofiq Fikrət, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə;
IVcild: Cambul, Səməd Vurğun, Nazim Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Qaysın Quliyev, Əziz Nesin, Məhəmməd Hüseyn Şəhriyar, Çingiz Aytmatov, Oljas Süleymenov).
Yenə hörmətli professorun öz sözlərinə müraciət edək: “Türk xalqları ədəbiyyatının yeni dövrü XVII əsrdən XX əsrin əvvəllərinə qədər davam edir.
Yeni dövr türk ədəbiyyatı orta dövr türk ədəbiyyatından daha çox “türk xalqları ədəbiyyatı”dır. Yəni hər bir türk xalqının özünün yaradıcılıq məhsuludur. Lakin bu o demək deyil ki, ortaq xüsusiyyətlər, ümumi tipologiya tamamilə aradan qalxır… Əslində, yeni dövrdə olduğu kimi, XX əsrin əvvəllərindən başlayan ən yeni dövrdə də türk xalqları ədəbiyyatı “gen”dən, yüzillər, minillər boyu davam etmiş “ümumi tarix”dən gələn elə ortaq əlamətlər daşıyır ki, onların tamamilə aradan qalxması, “etnik yaddaş”ın pozulması, praktik olaraq, mümkün deyil.
Ən yeni dövr türk ədəbiyyatı yaxud ədəbiyyatları iki min beş yüz illik ümumi türk ədəbiyyatı tarixinin həm ideya-məzmun, həm də forma-ifadə texnologiyaları baxımından üzvü tərkib hissəsidir.”
Təbii ki, böyük alimimizin sözügedən nəşrə daxil etdiyi ismlər, alimin fərqləndirmələri kiminə görə doğru, kiminə görə düzəlişə açıq siyahı təsiri bağışlaya bilər, örnəyi, Hüseyn Cavid, Abdulla Tukay, Əhməd Cavad kimi ədiblərin, haqqında danışdığımız dördcildlikdə yer alması umula bilər, lakin bütün hallarda bu işin missiyası, ümumən istəklərin akta çevrilməsi alqışa layiqdir.
Bu işin missiyası demişkən, gizlin deyil ki, bir çox ədiblərimizin yaradıcılığı bir yana qalsın imzaları belə… yalnız və yalnız adları belə türkçülüyə xidmət edib. – Anar kimi, Elçin kimi. Mən bildiyim qədər Anardan qabaq Anar, Elçindən qabaq Elçin olmayıb. Və doğal olaraq onlara bu adın özləri tərəfindən deyil böyükləri, doğmaları tərəfindən verildiyi aydındır. Odur ki, ədəbiyyatımızın böyük isimləri Rəsul Rza, Nigar Rəfibəyli və İlyas Əfəndiyevi bir daha rəhmətlə anırıq. Heç quşqusuz, yalnız adqoyma olayına görə deyil, eləcə də yaradıcılıqlarına görə, Ədəbiyyata böyük xidmətlərinə görə. Eyni zamanda bir çox ədiblərimizin əsərlərindəki qəhrəmanların özbəöz Azərbaycan-türk adı neçə yeni doğulan övladın adında əbədiləşib: Aydın, Sevil, Oktay, Aybəniz, Tural, Günel kimi. Bu gün dramaturq Hüseyinbəyli də, şair-publisist Mirzəbəyli də, şair, naşir İsgəndərzadə də ELÇİN adı daşıyır… Fikrimizin davamı olaraq onu da vurğulayaq ki, Türk Dünyası yalnız yaradıcılıqda deyil, nə xoşdur, yazarlarımızın təxəllüslərində də öz ifadəsini bulub: rəhmətlik Xəlili Rza Ulutürkdə olduğu kimi; rəhmətlik Eldar Nəsib Sibireldə olduğu kimi, bu gün Azər Turanda, lap cavanlardan Kəramət Böyükçöldə olduğu kimi… (Yeri gəlmişkən, Kəramətin bu il işıq üzü görmüş “Çöl” romanı da bildiyim qədər gənc yazarın təxəllüsünün energetikasına uyğundur. Başqa bir gənc yazar – Cəlil Cavanşirin “Mərkəz”in 2 iyun 2011-ci il tarixli sayında yayınlanmış “…”Çöl”ün süjeti, strukturu və dili”adlı incələmə yazısında oxuyuruq: “Romanın…”Ustadnamə” ilə başlaması çox təqdirəlayiqdir. Belə ki, tərəkəmə həyatından yazılan romanın bu cür maraqlı sturukturda yazılması müəllifin milli kimliyinə sahib çıxa bilməsi kimi izah olunmalıdır.” Xoşdur ki, bir gənc yazar başqa bir gənc yazarın “Dastan bağlamaq cəhdi”ni də təqdir edir və bunu onun türk dünyagörüşünə, folklorumuza, tərəkəmə mədəniyyətinə, dastançılığa olan münasibəti kimi səciyyələndirir.)
***
Keçirəm növbəti bölümə:
Yaxşı, İsa Muğanna, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Mövlud Süleymanlı, rəhmətlik Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Abbas Abdulla, Vaqif Bayatlı Odərdən, rəhmətlik Çingiz Aytmatovdan, Oljas Süleymenov, Muxtar Şaxanov, Murat Acı, Yavuz Bülənd Bakilər və Feyzi Halıcı, Harid Fədai, Mişşi Yuxma, rəhmətlik Əbdüllətif Bəndəroğludan sonra ədəbiyyata gəlmiş yazarlardan kimlərin adını çəkə bilərik? O adamlarınmı – şeirlərində bol-bol türk şəhərlərinin, türk qəhrəmanlarının adını çəkirlər, patetikaya, pafosa varırlar? – Təbii, yox! Çuvaşların sözü ilə ifadə etsəm, şükranlıqla deməliyəm, “Epir purna! Pul! Pulatpr!” –”Vardıq, Varıq! Var olacağıq!”
…Yuxarda ümumiləşməsini aparmağa çalışarkən ifadə etdiyimiz kimi, Şeirdə türkçülük, türkçü şeir (Türk Dünyası şəhərlərinin, türk boylarının, qəhrəmanların adını sadalamaqdan ibarət olmamaq həqiqətini özündə daşımaqla yanaşı) dili, təfəkkür şəkillənməsi, bəzən mövzudan asılı olmayaraq türk ruhunu, türkçü ülkünü və türk şeir gələnəyini yansıtması ilə alqılana bilər. Örnəyi, Elxan Zal Qaraxanlının “Polonez” poemasını götürək. – Belə baxanda, Polşa hara, Türk Dünyası hara – deyə sual edilə bilər, sözügedən poemanın bu məruzədə xatırlanmasının uyğunluğu dartışıla bilər. Ancaq poemanı oxuyanlar bir həqiqətə ortaq olacaqlar: Elxanın bu yaradıcılıq uğuru tükçü şeirin uğurudur – dili, təhkiyəsi, obrazlar silsiləsi, polyak qızı Annanı sevən qıpçaq (türk) bəyin (bu elə yazarın özüdür!) yaşama, dünyaya baxışları ilə… Nəzərə alanda ki, onun “Savaş ayələri” var, “Türk əsrinin türküləri” var, Elxanın mövzusunda nə qədər sabitqədəm olduğu bəsbəlli olur. Çünki, bu sonradan qazanılmış mövzu deyil, onun içindən, Sabir bəyin sözləri ilə desək, “qan yaddaşı”ndan gəlir.
Eyni sözləri, nəsr və dramaturgiya üzrə Aygün Həsənoğlunun haqqında deməliyəm. Gözlərimiz önündə bir Banuçiçək öz ulusunun ədəbi tarixini yaradır, yalnız şəhidlərin, qazilərin deyil, Kərküklülər demiş, “acı, am(m)a gerçək” olan əsirlərin-girovların, itkinlərin taleyini qələmə alır, bıkmır, usanmır… Onun dərdini anlatdığı dünyanın, Vətəninin ərazisi 86,6 min kv.km deyil, o, hələ Qəbələdə orta məktəb öyrətməni olandan Türk Dünyası sevdalısıdır. Əslində öyrətmən olandan da qabaq – doğulandan. – Əgər inansaq ki, “Oxumaqla yazıçı olunmur, insan anadan yazıçı doğulur”…
Az qala Türk Dünyasının əksər şeirsevərlərinin tanıdığı Rüstəm Behrudi, rəhmətliklər Akif Səmədlə Eldar Nəsib Sibirelin, habelə,
Şaiq Vəli, Aşıq Əli Quliyev, Dərviş Osman, Məmməd Dəmirçioğlu, Məmməd İlqar, Vəli Xramçaylı, Dəyanət Osmanlı, İbrahim İlyaslı, Elbariz Məmmədli, Qalibə Gültəkinin yaradıcılıq örnəklərində; eləcə də,
Namiq Hacıheydərli, Hafiz Hacxalıl, Səfəq Azər, Əhməd Şahid(ov), Dilqəm Əhməd, İnam Alpout kimi gənclərin şeirlərində Türk Dünyası sevdası, davası, türk birliyi ülküsü özünü qabarıq şəkildə göstərir.
Fərqli nəsillərə mənsub olan şair və yazıçılar –
Turqut Özakman, Feyzullah Budak, İsmət Özəl, rəhmətlik Ərdəm Bayazit, Baki Yıldırım Ceyhan, Fəyyaz Sağlam, Ali Akbaş, Xeyrəddin İvgin, İsa Kayacan, Ali Yağmur Tunalı, Nail Tan, Mətin Turan, Osman Baş, Mustafa Ceylan, Məlahət Ecevit, Nazim Payam, Bayram Durbilməz, Ənvər Uzun, Arif Ay, Sabit İncə, Yusuf Candəmir, Mehmet Əli Əşməli (Seyri), Alptəkin Cövhərli, Əhməd Coşğun (Türkiyədən);
Nadirbek Alimbekov, Aşim Çakırbekov, Anatay Omurkanov, Altınbek İsmayılov (Qırğızıstandan);
Əbildə Aymak, Baktıbek Bəmişulı, Bekaris Şoybekov, Nurqali Jusufbay, Asker Düsembiyev (Qazaxıstandan);
Muhəmməd Saleh, Osman Azım, Xurşud Dövran, Törə Mirzə,
Fəridə Butayeva, Eşkobil Şükür, Xasiyyat Rüstəm, Kuçkor Norkobil, Cabbar və Nazar Eşenkul qardaşları (Özbəkistandan);
Oraz Yağmur; Oğulcənnət, Şəhribostan (Türkmənistandan);
Rəşid Minhac, Rüstəm Sulti, Çulpan Zarif (Tatarıstandan);
Alan Qloş, Yanqurçi Acı, Örüzlan Bolat, Zülfiyyə Temirbulatova (Quzey Qafqazdan);
Seyran Süleyman, Tahir Kerim (Kırımdan);
Raisa Sarbi, Svetlana Azamat, Valeri Turkay (Çuvaşıstandan);
Krivoşapkin-Ayina, Valeri Lukovitsev (Yakutiyadan);
Pureqan Sıbır (Sibirdən);
Jaksılık Samiytulı, Vilyam Molotov (Doğu Türkistandan);
Vasi Filoğlu, Tudora Arnaut (Qaqauz Yerindən);
Hüseyin Özkan, Mustafa Çolak (Batı Trakiyadan);
İsmayıl Bozqurd, Bəstə Sakallı, Erhan Arıklı, Arif Albayrak, Şirin Zəfəryıldızı, Fatma Akilhoca (KKTC-dən);
Ənvər Mahmut, Emel Emin, Nevzat Yusuf, Nüdrət Ali Mahmut, Güner Akmolla, Aledin Ahmet (Rumıniyadan);
Nəsrin Ərbilli, Mustafa Ziya, Mehmet Ömər Qazançı, Abdülaziz Bayatlı, Nüsrət Merdan,
Şəmsəddin Kuzəçi, Fövzi Əkrəm Tərzioğlu, Sami Yusuf Tütüncü (İraqdakı soydaşlarımızdan) həm indiyədək olan ədəbi yaradıcılıqları ilə, həm də təşkilati çalışmaları ilə Türk Dünyası miqyasında düşüncə sərgiləyiblər. Onların bir çoxu öz ölkələrindən kənarda keçirilən onlarla festival, simpozium və bənzəri etkinliklərə qatılmış, öz ölkələrinin sınırlarından qıraqda işıq üzü görən dərgilərdə çap olunmuş, bir çoxlarının kitabı yayınlanmış, sözlərinə musiqi bəstələnmiş, əsərləri səhnələşdirilmişdir.
***
Ədəbi rotamızı Bakıya yönəldək:
Azərbaycan Yazıçılarının ötən qurultayından bəri ədəbiyyat təsərrüfatımızda Türk Dünyası ünvanlı olaylara nəzər salsaq nələri fərqləndirmək olar, hansı xüsusların üzərində dyanamaq olar.?! – Gəlin birlikdə yadımıza salaq:
“Türk Dünyası ədəbiyyatı” dərsliyinin, Ramiz Əskərin hazırladığı “Türk ədəbiyyatı tarixi” ikicildliyini işıq üzü görməsini şükranlıqla xatırlayıram. Hələ SSRİ dövründə “Odlar Yurdu”u ilə başladığı missiyanı neçə ildir daha da böyüdərək ümumtürk miqyası qazandırmış Ramiz müəllimin çalışmalarının bilmirəm hansını demək olar, oradan türk Dünyası görünməsin, üfüqügenişlik görünməsin… Qaşqarlı Mahmudun “Divani Lüğətit-Türk”ünü, tam həcmdə dilimizə uyğunlaşdıran Ramiz Əskər, Türkmənistan ədəbiyyatının ən ünlü isimlərinin əsərlərini də ötən illərdə Bakıda kitablaşdırıbdır. O cümlədən, Məhdumqulunun, Oraz Yağmurun. Habelə özbək ədəbiyyatından “Baburnamə”ni.
Həm Ramiz müəllim, həm Akademiyanın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Güllü Yoloğlu, Əli Şamil, dr. Qalibə Gültəkin, Əsəd Cahangir və başqalar türk ellərində keçirilən çeşidli elmi konfranslarda respublikamızı təmsil ediblər.
Yaradıcılıqlarının az qala başdan-başa hamısının Türk Dünyası ünvanlı olduğunu deyə biləcəyimiz bu əbəbiyyatşünaslar, türkoloqlarla yanaşı Azər Turanın, Elman Mustafanın, Yusif Günaydının çeşidli mətbu orqanlarda Türk Dünyası SÖZünü və ÖZünü güncəl saxlamasını vurğulamalıyam.
Azər Turanın Zəlimxan Yauqubun ədəbi şəxsiyyəti üzərinə yazdığı “Əzəl-axır dünya Türkün dünyası” kitabı mövzumuz gərəyi ən çox öyülməli kitablardan biri olub, yalnız haqqında yazılan xalq şairini anlatmır, ümumən Türk Dünyasına baxışı sərgiləyir, həmçinin Turan təxəllüslü Azərin istək və aruzlarını şəkilləndirir…
“Dərin kitablar qalıb
dədələrdən bizlərə,
yazıblar oxumuşuq,
yazarıq oxuyallar!”
deyən, “Dur ayağa, məmləkətim”, “Çıxış edir Xəlil Rza”, “Döyüşən Türk, Oyanan Türk, Qalxan Türk” kimi şeirləri, “Türkiyə dəftəri”ndəki şeirləri, “Saz”, “Yunus İmrə” dastanlarını yazan, “Özü basdırdığı ağaca söykənən” Zəlimxan Yauqubun oxucuları, yazarları köklədəyi hava hələ çox “Əzəl-axır dünya Türkün dünyası”nı doğuracaqdır.
Azər Turanın millət vəkili Qənirə Paşayeva ilə birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” adlı kitabı (2009) adından da göründüyü üzərə, Əli bəy Hüseynzadənin ömür yoluna, elmi-ədəbi, ictimai fəaliyyətinə nəzər salır. Onun 2009-cu ildə çıxan “Xalid Səid Xocayev. Şəhid türkşünas” kitabının məzmunu da adından bəlli…
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev, direktor müavini prof.Məhərrəm Qasımlı, prof.Teymur Kərimli və İnstitutun bir çox digər əməkdaşları türk ellərində keçirilən çeşidli elmi konfranslarda respublikamızı, ədəbiyyatbilmimizi təmsil ediblər.
Təranə Həşimovanın “Poeziya körpüsü” (2004) Orta Asiya ilə elmi-ədəbi əlaqələr tarixinə həsr olunmuşdur.
Almaz Ülvinin Nəvai yaradıcılığı, Özbək-Azərbaycan Ədəbi ilişkiləri üzrə elmi araşdırmaları son illərdə kitablaşdırılmışdır.
Türkiyənin özündə yaşayan ədiblərimiz – Çanaqqala Universitetində dərs keçən görkəmli şairimiz Məmməd İsmayıl, tanınmış alimlər Arif Acaloğlu və Tamilla Abasxanlı qardaş ölkədə düzənlənən böyük ədəbi etkinliklərin əksəriyyətində iştirak ediblər. Onların təqdimatı ilə İstanbulda, ankarada, Əskişəhərdə, qardaş Cümhuriyyətin digər şəhərlərində neçə kitabda, dərgi və qəzetdə Azərbaycan ədəbiyyatı tanıdılıb.
Xalq yazıçıları Anar, Elçin, xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Ramiz Rövşən, İlyas Tapdıq, Abbas Abdulla, Çingiz Əlioğlu, Rəşad Məcid, Akif Əhmədgil, Elçin İsgəndərzadə, Elçin Hüseyinbəyli, İntiqam Qasımzadə, Elxan Zal Qaraxanlı, Gülayə Şınıxlı, Rəsmiyyə Sabir, Aygün Həsənoğlu, İlqar İlkin, Zakir Sadatlı, Səlim Babullaoğlu, Aydın Xan, Faiq Balabəyli, Narıngül, Şəfəq Sahibli, bu sətirlərin müəllifi və bir sıra başqa şair, yazıçılarımız qardaş Türkiyədə keçirilən ayrı-ayrı festival, simpozium və konfranslarda nümayəndə olaraq iştirak ediblər. Onlardan bir çoxu qardaş ölkədən ödüllərlə qayıtmışlar. Bunlar, eləcə də adıkeçən şair və yazıçılarımızın qurduğu hər yeni ilişgi də ədəbiyyat təsərrüfatımızın bugünkü mövzumuz üzrə faktları kimi deyilə bilər.
Xalq şairi Sabir Rüstəmxanlının “GöyTanrı”, “Difai fəadiləri” əsərləri, “Cavad Xan” filmi hesabat dövrümüzün parlaq örnəklərindəndir.
Aşıq Əli Quliyevin irfan şeirləri “Qəm daşıyan dərviş oldum” adı ilə 2011-ci ildə kitablaşdırılmışdır.
Bakıda Nəvainin heykəlinin ucaldılması, Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə təntənəli açılış törəninin keçirilməsi, eləcə də paytaxtda Koroğluya abidə ucaldılması ilə Prezident Sərəcamının verilməsi böyük ədəbi-mədəni hadisələrdəndir. Koroğluya abidə qoymaq yalnız qəhrəmanlığa deyil, eyni zamanda dastana, aşığa, saza abidə qoymaqdır.
Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubiley tədbirləri, “2010-cu il, Bakı–İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində düzənlənən bir sıra fəaliyyətlər, o cümlədən Ağacəfər həsənlinin tərtib etdiyi, Türkiyə Ədibləri ilə başlayan və böyük hissəsi Türk dövlətlərini (xalqlarını) çevrələyən yaradıcılıq örnəkləri ilə süslənmiş “Sevgi fəsli” toplusunun nəşri, Xəzər Şeir Axşamlarının, KİBATEK Şeir Şöləninin düzənlənməsi, 2010-cu ilin iyun ayında DGTYB-nin (Gəncliyə Yardım Fondu ilə birlikdə), Azərbaycanda Atatürk Mərkəzinin mənəvi, TİKA-nın madddi dəstəyi ilə “Yunus İmrədən- Məhəmməd Füzuliyə: İnsan Sevgisi” adlı uluslararası elmi simpoziumunun gerçəkləşməsi, Azərbaycanda Mövlanə günlərinin, keçirilməsi, “Mövlanə günləri” sırasındakı ədəbi faktlardan Fəridə Hacıyevanın, Gülxani Pənahın, Ədalət Əsgəroğlunun, Əsəd Cahangirin (onun “Namaz” əsəri Mövlanə Cəlaləddin Rumi ödülünə layiq görülmüşdür) və başqalarının Mövlanə ünvanlı şeirləri, habelə Mövlanə irsi üzərinə bir sıra araşdırmaların çapını, iri həcimli məqalələri qeyd edə bilərik.
Gülamayıl Muradın Anadolu türkcəsində çıxan “Qarabağ harayı”ı yadıma düşür.
Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması özünə özəl diqqət tələb edir. Mənə qismət olub, Azərbaycanlıların və digər Türksoylu Ölkələrin Əməkdaşlıq Mərkəzinin “3 mayıs – Türkçülük Günü” münasibəti ilə düzənlədiyi törəndə həmin poemanın bir bölümünü xalq şairimizin öz dilindən eşitmişəm, əsər, əsərin qəhrəmanı barədə onun öz yorumlarını dinləmişəm. Yeri gəlmişkən, Nəriman Həsənzadənin 80, Zəlimxan Yaqubun 60, Sabir Rüstəmxanlının 65 illik yubiley tədbirlərinin formatı, proqramı hər üç yubiley tədbirini Türk Dünyasının mədəniyyət hadisəsi kimi incələməyə əsas verir.
Türk ellərinə, türk böyüklərinə, qəhrəmanlarımıza və dəyələrimizə şeirsəl münasibət, bir müddət Türkiyədə yaşamış qocaman şairimiz İlyas Tapdığın yaradıcılığında önəmli yer tutur (“Türk dilim”, “Anamur”, “Görünür”, “İstək” və b.).
Adil Cəmilin “Manas”ın önəmli bir bölümünü dilimizə uyğunlaşdırması önəmli faktlardandır. Adil Cəmilin Manasşünaslıqda, İslam Sadığın Koroğluşünaslıqda, professorlar Buludxan Xəlilovun, professor Güllü Yoloğlunun bütövlükdə türkologiyada sabitqədəm çalışmaları, bu çalışmaların kitablaşması ümumən ictimai-mədəni həyatımız üçün önəm kəsb edir -deyə düşünürəm.
Ehtiramın 2010-cu ildə işıq üzü görmüş “Sevgi dolu Türkiyə” kitabı onun, rəssam Nəvai Məhəmmdoğlu və şair İbrahim İlayslının qardaş ölkəni ziyarətlərini, Anadoludan aldıqları mənəvi enerjini anladır.
İlqar Qasımovun tərtib etdiyi, “Dərdli, ağrılı qardaşlarmız” adı ilə 2005-ci ildə çıxmış Kırımtatar poeziyasından çevirmələr və məqalələr toplusunu da, Zakir Sadatlının tərtibçisi olduğu, daha bu günlərdə işıq üzü görmüş çox dəyərli bir kitabı – Əziz Alpoudun “Həyatımın hekayəti” əsərini də Ədəbi təsərrüfatımız içrə Türk Dünyası Ədəbiyyatı faktı kimi dəyərləndirərdim.
“Nobel”li Orxan Pamukun “Bəyaz Qala” romanı dilimizə çevrilib və nəşr olunub. Kitabın göstəriciləri: sayı 500, səhifə sayı 153.
“Bəyaz Qala” Türkiyədə Orxan Pamukun ən çox satılan kitablarındandır. 13 dilə çevrilən bu kitab Pamuku dünyada tanıdan ilk əsər olma özəlliyini də daşıyır. Ötən il isə yazıçının “Yeni Həyat” romanı dilimizə uyğunlaşdırılıb. Gənc yazar Fərid Hüseynin verdiyi bilgiyə görə, 2012-ci ilin yanvar ayında müəllifin daha bir kitabının, “Mənzərədən Parçalar”ın da nəşri nəzərdə tutulub ki, artıq bu kitabın da çevrilməsi prosesi yekunlaşmaq üzrədir.
Fərid Hüseynin Qismətlə birgə hazırladığı “Unudulmaz sevgi şeirləri” 2010-cu ildə işıq üzü görüb. Topluda qardaş Türkiyədən Cəmal Sürəyya, Fazil Hüsnü Dağlarca, Atilla İlhan, Oqtay Rıfat, Mətin Altıok, Bədri Əyyuboğlu kimi ustad sənətkarların eşq şeirləri yer alıb.
Abbas Abdullanan 2007-ci ildə işıq üzü görmüş “Urum Kırım arası” kitabı konkret olaraq “Türklük və Türk Dünyasına şeirlər”i içərir.
Tofiq Abdinin 42 şairin şeirlərini topladığı, “Türk şeiri Əsrar Dədədən Orxan Arasadək” kitabı (“Vektor”-2006) ilə çıxış etmiş, habelə İstanbul, ümumən Türkiyə ədəbi mühitini, sənət mühitini tanıdan silsilə yazılarını “Ədalət” və “525”-də yayımlamışdır.
Elçin Hüseyinbəylinin “Yovşan qağayılar”ı, habelə tarixi romanları, ədəbi çalışmalarında izləməyə çalışdığı Türk Dünyası yönü, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibliyini və “San Yarlığı” Ödül Kurulunun başçılığını yürütməsi də hesab dövründə baş vermişdir.
Sərvaz Hüseynoğlunun Azərbaycancaya uyğunlaşdırdığı və 2009-cu ildə işıq üzü görən “Çanaqqadlada yüksələnlər” (Vehbi Vakkasoğlu) kitabçası əsgərlərimiz, şagirdlərimiz üçün dəyərli vəsaitlərdən olmuşdur.
“Türküm mənim Atatürküm” (Fəxri Müslümün bir şeirini adı ilə adlandırılmış şeirlər toplusu), İmdat Tərzinin “Dəli rüzgar”Eldar İsmayılın Atatürkə həsr etdiyi poema və Eldar Nəsib Sibirelin “Turan şərqisi” Atatürk Mərkəzinin xətti ilə işıq üzü görmüşdür.
Atatürk Mərkəzi demişkən… Bir də görərsən Turan Teymur(ov) adlı bir aspirant Mərkəzə gəlir, türkoloq Arif Əmrahoğlunun rəhbərliyi ilə elmi iş üzərində işlədiyini və Qazax Ədəbiyyatı üzrə kitablarla maraqlandığını deyir. Deyirəm, nə gözəldir: Atatürk, gənc araşdırmaçı Turan Teymur(ov), Qazax Ədəbiyyatı, türkoloq Arif Əmrahoğlu! – Umaram, bu adların energetikası gənc Turanın çalışmalarına işıq salacaqdır!
Sərvər Məsumun fərq qoymadan son illər çıxan bütün şeir kitabları türkçü adda və mahiyyətdə olmuşdur.
Aygün Həsənoğlunun “Mağara”sı, ümumən çəkinmədən demək olar, bütün kitabları,
Akif Əhmədgilin nəşrə hazırladığı, dilimizə uyğunlaşdırdığı Namiq Kamal Zeybəkin “Türklüyümüz” və başqa kitablarını,
Mahirə Abdullanın “Qarabığsız namələr”i xatırlatmaq borcumuzdur.
Fəxri Müslüm, Nizami Zöhrabi, Zərəngiz Qayalı və Etimad Başkeçidin yaradıcılığının önəmli bir hissəsi türkçü içəriyə malik olmuşdur.
Milli Qəhrəman Mübariz İbrahimovun adına bağlanmış “Turan Mübarizi” kitabı, eləcə də Musa Ələkbərlinin, Balayar Sadiqin Mübariz İbrahimov haqqında poemaları; şəhid şairlərimiz Ülvi Bünyadzadə, Nizami Aydın, Alı Mustafayev və Fuad Əsədovun şeirlərinin yeni nəşrləri diqqətdən qamamalıdır. Onlar bütöv ömürləri ilə adlarını tarixə yazıblar və onların yazdıqları həmişə təzə-tər olacaq.
Mahmud Kaşğarlı Fondunun, Rəsul Rza Fondu ilə birgə nəşr etdiyi kitablar – o cümlədən Oljas Süleymenovun (Elxan Zal və Akif Əhmədgilin çevirməsində) “Gil kitab”ı (2005), Anar müəllimin “qoşa qanadlı sənətçi” adlandırdığı ustad şair Çingiz Bektaşın “Bu da səni gözləmədiyim küçə” şeirlər kitabı (2005), Ataol Bəhramoğlunun “Yaşamaq insan qalaraq…” şeirlər kitabı (2005), Yəhya Akənginin xalq yazıçısı Anarın və Akif Əhmədgilin uyğunlaşdırmasında “İyul dağlarına bir yağış göndər” şeirlər kitabı (2005), lap bu günlərdə işıq üzü görmüş Oljas Süleymenovun “Kuman nəğmə”si; eləcə də Fondun rüblük nəşri olan “Ulu Çinar” Kültür, Sənət, Ədəbiyyat dərgisi;
Rasim Qaraca tərəfindən 2004-cü ildə Nəcib Fazil Qısakürəyin şeirlərinin dilimizə uyğunlaşdırılaraq “Çilə” (nədənsə “Çilə”dən danışarkən Azər Turanın “Çilə”nin çiləsi məqaləsi də avtomatik olaraq yada düşür) adı ilə, habelə Cahid Zərifoğlunun şeirlərinin, Rasim Özdənönərin öykülərinin (“Kirli şüşələr” – 2006) Bakıda kitablaşdırılması;
Ədəbiyyatşünas professor Rahid Uluselin elmi əsərlərinin önəmli bir bölümünün Türk svilizasiyasına həsr olunması;
“Doqquz iqlim” seriyasından Bakıda yayınlanmış kitablar – o cümlədən İsmət Özəlin “Ərbain” (2005), Sezai Qaraqoçun “Qızıl gülün müjdəsi” (2006) şeir kitabları;
Səlim Babullaoğlunun tərtib etdiyi və Narıngülün dilimizə uyğunlaşdırdığı “Bir yarpaq. Türkiyə qadın şeiri antologiyası” (2006), yenə Səlimin təşkilatçılığı ilə işıq üzü görmüş “Çağdaş gürcü və Özbək Ədəbiyyatından seçmələr” (2005) və s. Ədəbiyyat təsərrüfatımızın faktlarıdır.
Oktay Hacımusalının Yavuz Bülənd Bakilərdən, Xalidə Ədib Adıvardan, Cəmil Mericdən, İsmayıl Bozqurddan, Bəstə Saqqalı və b.-dan uyğunlaşdırdığı əsərlərin bir bölümü ya kitablaşdırılıb, ya da dərgi və sitələrdə yayımlanıb.
Yeri gəlmişkən, ayrı-ayrı türkcələrdən Azərbaycancaya uyğunlaşdırmalar, çevirmələr zamanında Rəsul Rza, Əliağa Kürçaylı, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı, Əhəd Muxtar, İ.Türkay, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli və b.-ları tərəfindən aparılırdısa,
son illər Akif Əhmədgil, Elxan Zal Qaraxanlı, Adil Cəmil, Paşa Əlioğlu, Rahid S.Ulusel, Güllü Yoloğlu, Elman Mustafa, Ağacəfər Həsənli, Nəriman Əbülrəhmanlı, Rəsmiyyə Sabir, Oktay Hacımusalı, Elçin İsgəndərzadə, Təranə Musayeva, Həyat Şəmi, Səhər, İlqar İlkin, Fərid Hüseyin, Zahir Əzəmət, Şərif Ağayar, Ayişə Nəbili, Xanəmir, Günel Mövlud kimi imzalar da öz məhsuldarlıqları ilə seçilirlər.
DGTYB-nin indiyədək 8 sayını çıxardığı “Türkün səsi” toplusu, “Turan yolu” toplusu, “Altun Bitik” (2007) əsəri, Yaqub Dəliöməroğlunun AYB-nin 75 illik yubiley tədbirləri çərçivəsində işıq üzü görən “Türküstan. Yesevinin yurdu Yesiyə dair”, Özbək şairəsi Xasiyyət Rüstəm və ünlü Çuvaş şairəsi Raisa Sarbinin şeir kitabları hesabat dövrünün DGTYB məhsullarındandır.
“Vektor” Nəşrlər Evinin nəşr etdiyi Türk Dünyası Ədəbiyyat örnəklərindən ancaq bir neçəsinin adını çəkmək belə bu qurumun işinin miqyasını göstərmiş olacaq deyə düşünürəm: “Türk Dünyası Şeir antolojisi” (2008/Ankara), İsa Kayacan və Şəmsəddin Kuzəçinin birgə hazırladığı “İçimizdəki Kərkük” (2009/Ankara), “KİBATEK Şeir antologiyası” (2006), “Əskişəhər şairlərinin şeir antologiyası”(2005), “Quzey Kıbrıs şairlərinin şeir antologiyası” (2004), Yəhya Akənginin “Kəfkir” romanı (2008), Kosovalı şair-rəssam Zeynel Beksaçın “Sevda eskizləri” şeir toplusu (bəlkə şeir tablosu demək də doğru olardı), Makedoniyalı şair Esat Bayramın “Ürəyimdəki haray”ı (2008), Əhməd Tevfiq Ozan “Bu sevda dedikləri” (2004), Orhun Bozqurdun “Sevgi savaşçısı” (2005), Mustafa Çeliyin “Sevgi səssizliyi” (2005), Nadirbəy Alimbəyovun “Qəlbimin çiçəkləri” (2004), Rumıniyalı Nevzat Yusuf Sarıgölün “Mavi Dunay simfoniyası” (2005), İraqlı soydaşımız Mehmet Ömer Kazancının “Atəş çəmbəri” şeirlər kitabı… Kitabların Azərbaycancaya qazandırılmasında Elçin İsgəndərzadə ilə yanaşı Oktay Hacımusalı və Təranə Musayevanın da əməyi qeyd olunmalıdır.
Akif Azalpın Özbəkcədən və özbəkcəyə uyğunlaşdırmaları, rəhmətlik Еyvaz Əlləzoğlunun, İman Usuboğlunun, Səfər Alışarlının türk ruhunu yansıdan nəsr əsərləri, Murad Köhnəqalanın “Ağır şeirlər”i, Ədalət Əsgəroğlunun irfan şeirləri, Azər Turanın “Cavid əfəndi”si, “İrfan çobanı”, bu il çıxan “Cavidnamə”si özgü türkçü ədəbi faktlardır. (Azərin китабларından danışarkən unutmuş deyilik ki, o, böyük ayıdınımız İmamverdi Əbilovun yalnız fiziki deyil, böyük anlamda mənəvi övladıdır.)
YOM dərgisi kitabxanasından çıxan kitablar (örnəyi, Aybəniz Kəngərlinin “Turanın bir eli var və yalnız bir dili var”(2006/”Mütərcim”) əsəri) da diqqətəlayiq faktlar sırasındadır.
Belə olduqda mən Sizi bir daha ədəbiyyat təsərrüfatımızın faktlarına diqqət çəkməyə dəvət edirəm:
Bir olanaq da var: Adətən vətənpərvər şeir, vətənsevər yazarlar pafosda, patetikada suçlanır. Ancaq Hüseyin Nihal Atsızın, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun yaradıcılığı göstərir ki, şairin ilhamı (əsl şeirin poetexnologiyası) mövzudan asılı deyil. Şeir şeirdir, sevgi sevgidir: Vətənə olsun, millətə olsun, İnsana olsun, Ağaca olsun, Yarpağa olsun, Dəyərlərə olsun – fərq etməz!-Yetər ki, şair şair, yazar yazar olsun! Yaxud şeirlərində bu günədək bir dəfə də “türk” sözünü işlətməyən, qadınının yaşama, dünyaya, insana baxışını, yaşantılarını, hiss-həyacanını, çırpıntı və duyğularını göstərən, yuxarıda da adlarını vurğuladığımız Səhərin şeirləri, Zirəddin Qafarlının yenə bir dəfə də “türk” sözünü işlətmədən türkçü şeirə xidmətləri türk ədəbi hadisəsi deyil, bəs nədir?..
Qocaman şairimiz Fikrət Sadığın “Türk özünü qorumur, Tanrı türkü qorusun” alqışı, Müzəffər Şükür Məchulun “Türk Divanı”, Nizami Paşa Saraclının “Bakı, Təbriz, Ankara”sı (və bənzəri şeirləri), vətənpərvər şairimiz Ramiz Duyğunun şeirlərinin önəmli bir bölümü, Rəşid Faxralının üçcildliyinə daxil edilmiş onlarla şeiri, Barat Vüsalın az qala bütün yaradıcılığı;
“Sözüm –Tanrı qılıncı” deyən Vaqif İsaqoğlunun, şeirin sosiologiyasını, sosiologiyanın şeirsəl yönlərini bilən Əhməd Qəşəmoğlunun, Yusif Günaydının, Əli Aslanoğlunun ədəbiyyatın teleyansıması alanında xidmətləri, Akif Azalpın, Adil Şirinin, Təranə Hacılının (Rəhimli), Şahin Ülvinin, Fərqanənin, Qulu Ağsəsin, İlham Qəhrəmanın, Ələmdar Cabbarlının, Elşən Əzimin, Nofəl Ədalətin, Saqif Qaratorpağın, Ramin Cilovdarlının, Habil Yaşarın neçə şeiri, ədəbi-təşkilati çalışmaları, gənc yazar Mövlud Mövludun bir sıra publisist yazıları Türk ruhunu, türk insanının rahatsızlığını, duyğu və düşüncələrini, İnsana, Dünyaya, Yaşama baxışlarını anladır.
Fəxrəddin Meydanlının “Doğma yurdum, məhəng daşım”, “Cücərmədi dirlik tağım”, “Xankəndində xan qalmadı”, “Naləm gedib, qalıb ağım” misraları ilə süslənmiş “Qarabağım, Qarabağım” şeiri də, rəhmətlik Hamlet Kazımoğlunun “Sərhədlər var yarıb keçsəm, yenə də Vətən başlanar” sınırötəsi anlatımı, “Azadlığa bayraq sancın uzaqdan yeri görünsün” diləyi, Namiq Hacıheydərlinin bir kitablıq türkçü şeiri də… birində çox, birində az, vahid qaynaqdan gələn dalğanın, enerjinin yansımalarıdır.
Həyat Şəminin ünlü Çuvaş şairəsi Raisa Sarbinin şeirlərini dilimizə çevirməsi,
Türkiyə şairlərindən Aşıq Qul Qazi, Alim Yıldız, Kənan Soyalp, Fazil Əhməd Bahadırın şiirlərini dilimizə uyğunlaşdıraraq dərgilərdə, sitələrdə yayımlamasını da unutmamışıq.
O, ünlü tatar şairi və millət vəkili Robert Minnullinin şeirlərini də Məmməd Kazım və Əsəd Cahangirlə birgə dilimizə uyğunlaşdırıb kitablaşdırmışdır.
***
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəylinin “Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili “Firqətnamə”si kitabı “Nurlan” nəşriyyatında çapdan çıxmışdır. Kitabda Türkiyədə yaranan Azərbaycan ədəbiyyatının orijinal örnəklərindən biri, Xəlilinin 1471-cı ildə tamamladığı “Firqətnamə” əsərinin tədqiqi tarixi öyrənilmiş, poemanın Sankt-Peterburq, İstanbul və Berlin nüsxələri əsasında transfoneliterasiyası verilmiş, İstanbul Millət Kitabxanasında qorunan əlyazmanın orijinal mətni elm aləminə təqdim edilmişdir.
Virtual məkanda antoloji.com, dgtyb.org, yalquzaq.com, bizimyazi.com, uluturk.info, kult.az, turania.org, kitabxana.net, bizimki.org, doqquziklim.net, avrasyagündemi.com, kerkukfeneri.com, adyazar.az, kult.az, edebiyatciturk.com, efrasyap.org, guneyturkistan.tk, turkelleri.com kimi sitələr ya bilavasitə ya da bəlli bölümləri ilə Türk Dünyası Ədəbiyyatını qapsamağa çalışırlar. Hesabat dövrü ərzində “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Olaylar”, “Yeni Azərbaycan”, “Ədalət”, “Xalq cəbhəsi”, “Kaspi”, “Kredo”, “Mərkəz”,, “Şərq”, “Sənət qəzeti” və b. qəzetlər, yeni çıxan qəzetlərdən “Türküstan qəzeti”, “Bizim Söz” və “Yeni Avropa” dərgilərdən “Bayatı”, “Birlik”, “Türk Eli” Türk Dünyası Ədəbiyyatına hər biri özünəözgü yer ayırmış, ümumən Türk Dünyası ünvanlı kültür olaylarına meydan tanımışdır. Eyni zamanda, baş redaktorlarımızdan Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Camal, Mübariz Aşırlı bilavasitə özləri, ardıcıl olaraq Türk Dünyası mövzusuna müraciət edirlər.
Yeri gəlmişkən, “Xalq cəbhəsi”nin 04.06.2011 tarixli sayında “Yeni Azərbaycan”nın baş redaktoru Hikmət Babaoğlunun “Gülhanə Parkında polislə söhbət” yazısını isə həyacansız oxumaq sadəcə olaraq mümkün deyil. Məgər onun adını da atası Nazim Hikmət imzasından götürübmüş… Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinə uzanan yollar” yazısı da umarım oxucuların yaddaşından hələ uzun müddət silinməyəcəkdir.
Yunus Oğuz isə “Türkün gizli tarixi” ilə çıxdığı Yola əmin addımlarla davam edir. O Yolu Tarixləşdirərək, Romanlaşdıraraq… – “Attila” kimi, “Nadir Şah” kimi, “Təhmasib Şah” kimi… Sizə bilgi verim, həm “Nadir Şah”, həm “Təhmasib Şah”, həm də “Attila” Türkiyə türkcəsinə, ingiliscəyə, habelə bir sıra başqa dillərə çevrilərək İstanbul, London kimi dünya mədəniyyətində önəmli yer tutan şəhərlərdə nəşr olunub. (“Nadir Şah” və “Təhmasib Şah” Azərbaycanın Təhsil Nazirliyi tərəfindən sinifdənxaric oxu vəsaiti kimi tövsiyyə olununan nəşrlər siyahısındadır.) Yunus bəyin daha bugünlərdə işıq üzü görən romanı da, gözlənildiyi kimi Türk Dünyası ünvanlıdır: “Əmir Teymur-Zirvəyə doğru”…
Bu yerdə Fəthi Gədiklini dinləyək: “…Umudsuz olmamaq gərəkir, hər kəs əlindən gələni etməlidir az-çox, kiçik-böyük demədən… Sonra bunlar birikə-birikə çox olar, böyük olar. İnamlı olaraq yolumuza davam etməliyik!”
Südabə Sərvinin tərtib etdiyi “Mən Manas oğluyam” kitabı da bu sıralamada qeyd olunmalıdır. Elxan Zalın təbirincə “Türk Dünyasının ən böyük dedektiv ustası” Çingiz Abdullayevin dedektiv əsərlərinin Türkiyədə, eləcə də bir çox digər türk dövlət və topluluqlarında özünəözgü oxucu kontingenti toplaması, son illər ardıcıl olaraq türk xalqlarının dillərinə çevrilməsini də unutmamalıyıq.
Fazil Hüsnü Dağlarcanın Tofiq Məlikli tərəfindən dilimizə uyğunlaşdırılmış kitabı da,
Nazim Hikmətin “Günəşi içənlərin türküsü” kitabının Bakıda nəşri də hesabat dövrümüzün payına düşür.
Teleməkanda TRT Avaz, eləcə də Avazın İTV ilə, qırğız və Türkmən TV-ləri ilə ortaq yayınları, AzTV-nin “Turan” proqramı fərqləndirilə bilər. Anar müəllimin AzTV-də “Min beş yüzi ilin Oğuz Şeiri” üzərinə apardığı verilişləri, həmsöhbətləri ilə yaratdığı bilgi axışını sayğıvuyarlıqla vurğulamalıyıq. Ümumiyyətcə, istər bu məruzənin hazırlanmasında əsas qaynaqlardan biri olmuş “Min beş yüz ilin Oğuz Şeiri” ikicildliyi, istər “Otel otağı”, istərsə də “Muhakkak görüşürüz”ü ilə, habelə mətbu çıxışları, məqalələri ilə ustad yazıçımız Anar Türk Dünyası Ədəbiyyatına xidmətin, türksoylu ölkələr arasındakı ilişkilərin ədəbi inkasının özgü örnəklərini yaratmışdır. Bunun Anar müəllimin son illər qardaş Türkiyənin ayrı-ayrı şəhərlərinə dəvət edilməsi, onunla görüşlərin təşkili, ona ödüllərin verilməsi də bir daha təsdiq edir….Ödül demişkən, “Mən Qarabağın bir kəndini “Nobel”dən üstün tuturam” deyən də Anar müəllimdi… və nə xoş ki, bu fikrin müəllifi olan böyük ədəbiyyat xadimi məhz 2011-ci ildə ard-arda iki önəmli milli ödülə layiq görüldü: “Qızıl kəlmə” və ardınca respublikamızın ən böyük ödülü olan, Heydər Əliyevin adını daşıyan ödül.
Yenədəlik olmasın, “Min beş yüz ilin Oğuz Şeiri” yenə ən çox üz tutduğumuz qaynaqlardan biri, bir çox hallarda birincisidir. Az qala bir araşdırma mərkəzinin, bir institutun işini görən ustad yazıçımız hələ neçə illər üz tutacağımız bir qaynaq yaratmışdır.
Anarın “Ağ qoç, qara qoç”unun hesabat dövrü ərzində bir neçə dəfə nəşri, bu əsər üzərinə yazılmış “Ağ saç, qara saç”(Əsəd Cahangir) kitabı heç şübhəsiz türkçü düşüncənin hadisəsi, Türk Dünyası Ədəbiyyatının faktıdır.
Azərbaycandan kənarda işıq üzü görmüş nəşrlərə diqqət yetirək:
…Rəsul Rzanın 100 illiyi şərəfinə TÜRKSOYun dəstəyi ilə “Bəngü” Basım Evində çıxan “Gecənin susqun nəğməsi” seçmə şeirlər toplusu İmdat Avşarın uyğunlaşdırmasında qardaş ölkə oxucularına təqdim olunmuşdur.
Rəsul Rzanın bundan öncə Anar, Ali Akbaş, İmdad Avşar tərəfindən hazırlanan “Seçmə Şeirləri” isə TÜRKSOYda işıq üzü görmüşdü.
(Yeri gəlmişkən, İmdat Avşar son illər öz ədəbi fəaliyyətində Azərbaycan Ədəbiyyatına ən çox müraciət edən yazarlardandır. Biz də şükranlıq borcu olaraq onun öykülər toplusunu nəşrə hazırlamışıq, hesab edirəm, AYB-nin Qurultayqabağı nəşrləri arasında bu kitabın da işıq üzü görməsi məqsədəuyğun olardı.)
2008-ci ildə İstanbulda “Beş qatlı evin altıncı qatındakı adam” kitabı işıq üzü gördü. Ayşə Atayın nəşrə hazırladığı bu əsərin “tanıtım”ında deyilir: “Anar mövzularını çağdaş Azərbaycan toplumundan almaqla birlikdə milli olandan evrənsəl olana ulaşmağı bacara bilmiş çoxyönlü bir yazar olaraq diqqəti çəkir. Azərbaycan ədəbiyyatının “fövkəladəni arama çabası” olaraq görə biləcəyimiz Anarın hekayə və romanları, adətən, şəhər həyatı içərisində yalnızlaşan “kiçik insan”ın içdünyasına açılan qapılardır.”
(Qeyd edək ki, Anar müəllimin 70 illik yubileyi münasibəti ilə yayınlan kitabda oxucular, Ayşə Atayın qələmindən, xalq yazıçımızın maraqlı yaşam və yaradıcılıq yolunu, sənətinin qaynaqlarını, özəlliklərini və əsərlərinin həssas bir dəyərləndirməsini bulacaqdır.)
Anar müəllimin Nazim Hikmətə həsr etdiyi 357 səhifəlik “Kərəm kibi”si ( “Xatirə” türü /oktyabr 2009) yenə “Bəngü”də işıq üzü görüb (2010). “Modern Türk şeirinin ulu çınarlarından Nazim Hikmətlə həyatdaykən tanışma və görüşmə imkanı bulan Anar, bizzat özünə aid və ya birinci əldən edindiyi tanıqlarla zənginləşdirdiyi “Kərəm kimi”də, Naziımin şeir və ədəbiyyat anlayışına olduğu qədər, Sovetlərdəki macərasına və şəxsiyyətinə də işıq salır.”
Ümumiyyətcə, Anar müəllimin demək olar, hardasa bütün nəsr əsərləri qardaş ölkədə işıq üzü görmüş, neçə əsəri Türkiyə teatrlarında səhnələşdirilmişdir.
Türkiyədə çap olunmaq məsələsinə münasibət bildirən Anar müəllim deyir: “Əgər Türk oxucularının Azərbaycan ədəbiyyatı, qardaş xalq və qardaş məmləkət haqqında bilgilərinin artmasında mənim yazılarımın azacıq da olsa bir xidməti bulunursa bundan xoşbəxtlik duymam doğaldır”.
Bu günlərdə yeni nəsr toplusu “Bəngü”də İmdat Avşarın uyğunlaşdırmasında “Aydınlıq gecələr” adı ilə işıq üzü görmüş Elçinin də nəsr əsərlərinin əksəri Türkiyə türkcəsinə uyğunlaşdırılmış, istər kitab, istər dərgi səhifələrindən qardaş ölkə oxucularına çatdırılmış, bir neçə pyesi İstanbul və başqa şəhərlərdə səhnə həyatı yaşamışdır. Xalq yazıçısı Elçinin hələ Sovet dövründə yazdığı “Yaxın-uzaq Türkiyə”dən daha uzaqlardan başlayan və bu yaxınlaradək davam etmiş, gələcəkdə də davam edəcək özünəözgü ədəbiyyat sürəci var ki, o sürəc milliliklə bəşəriliyi, milli kültürlə dünyavi mədəniyyəti harmoniyaya gətirir. Hesab edirəm, xalq yazıçısının bu yönü də Türkiyəli, eləcə də digər türk xalqları üçün doğma və maraqlıdır.
Təsadüfi deyil ki, Elçin son illər Türkiyədə əsərləri ən çox nəşr edilən, ən populyar çağdaş dünya yazıçılarından biri sayılır. “Aydınlıq gecələr”in qardaş ölkədə nəşr olunan iyirmi üçüncü kitab olması da dediklərimizi təsdiq etməkdədir. Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları, habelə povestləri, hekayələri “Ötüken”, “Milli Kitabxana Basımevi”, “Everest”, “E Yayınları”, “Da Yayıncılıq”, “Cem” və b. Basım Evlərində müxtəlif vaxtlarda bir neçə dəfə nəşr edilmişdir.
Xalq yazıçısının “Qatil”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Mən sənin dayınam”, “Mahmud və Məryəm” kimi pyesləri qardaş ölkə teatrlarında tamaşaya qoyulmuş, həm tamaşaçılar, həm də mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. İstanbul Böyük Bələdiyyə Teatrının “Ulduzlar altında qətl” (“Qatil”) tamaşası dəfələrlə xarici ölkələrdə göstərilmiş, tamaşaların sayı etibarilə rekord göstəricilər əldə etmişdir.
Türkiyə ədəbiyyatşünasları xalq yazıçısının yaradıcılığı haqqında tədqiqat işləri yazmışlar. Atatürk Universitetində ədəbiyyatşünas Sədat Adıgözəl “Elçinin romanlarının struktural-sosioloji təhlili” mövzusunda doktorluq işi yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir.
Elçin “Türkdilli ədəbiyyatın inkişafındakı xidmətlərinə görə” Fateh Universitetinin, “Çağdaş ədəbiyyatın və türk dilinin inkişafına görə” Memar Sinan Universitetinin fəxri ödüllərinə layiq görülmüşdür. Ədib bir sıra digər fəxri ödüllərə layiq görülmüşdür.
2008-ci ildə “Bengü Yayıncılığ”ın xətti ilə İstanbulda Cəlil Məmmədquluzadənin nəsr əsərlərindən örnəklər Ayşe Günerinin uyğunlaşdırmasında “Danabaş Köyü” adı ilə yayınlanmışdır.
Azərbaycan nəsrinin qüdrətli qələmlərindən olmuş mərhum xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanı 2009-cu ildə İstanbulda Yıldız Yayın və Reklamçılıq Şirkətində nəşr edilib.
***
Hesabat dövründə Qırğızıstanda Azərbaycan ünvanlı bir sıra kitablar işıq üzü görüb. Bişkəkdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun və Bakıda fəaliyyət göstərən “Avromed” şirkətinin sifarişi ilə Qırğızıstan paytaxtındakı “Biyiktik” nəşriyyatında qırğız dilində çapdan çıxmış, Nizami Gəncəvinin “Yeddi gözəl” poeması belə kitablardandır. Dahi Azərbaycan şairinin şeirlərini qırğızcaya Eqemberdi Ermatova çevirmişdir.
(Kitabın baş məsləhətçisi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, məsləhətçiləri Cavanşir Feyziyev, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Qafar Əliyevdir.)
Bu yaxınlarda isə Bişkəkdə daha bir Azərbaycan ədibinin – görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin üçcildlik seçilmiş əsərləri qırğız dilində işıq üzü görüb.
(Bundan öncə Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” povesti də qırğız dilində çap olunmuşdu.) Mir Cəlal Paşayevin üçcildliyi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin dəstəyi ilə nəfis şəkildə nəşr edilib. Üçcildliyi qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çeviriblər. “Biyiktik” nəşr olunmuş üçcildliyin baş redaktoru Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları Qırğızıstanın xalq şairi Sooronbay Cusuyev, Qırğızıstanın xalq yazıçısı Tölöqön Qasımbekov və Uluslararası Aytmatov Akademiyasının akademiki, xalq yazıçısı Cumadin Kadırovdur.
Üçcildliyi Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyev tərtib etmişlər.
Üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, hər cildi 550 səhifə olan üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz paylanmışdır.
Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə “Biyiktik” nəşriyyatında qırğız dilində işıq üzü görən növbəti kitab xalq şairi Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıq” (“Biz bir kəmidəbiz”/yanvar/2011) adlı kitabıdır. Kitabda “ön söz” yerinə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun və tanınmış şair Yeqor İsayevin Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında vaxtı ilə yazmış olduqları məqalələr verilib.
Bütövlükdə 380 səhifəlik kitabda mərhum xalq şairinin “Gülüstan” poeması (Azərbaycan, qırğız və rus dillərində), habelə digər poema və şeirləri dərc edilib.
Kitabı qırğız dilinə Baxtıqul Çoturova, Mukan Asanaliyev və Altınbek İsmayılov çeviriblər.
Azər Turanın çağdaş türkçü şeirin bayraqdarlarından olan xalq şairi Zəlimxan Yaqubun haqqında yazdığı, ünlü ədəbiyyat adamı Nizaməddin Onkun Türkiyə türkcəsinə axtardığı (haqqında yuxarıda da bir neçə kəlmə dediyimiz), “Əzəl-axır dünya türkün dünyası” əsəri 2009-cu ildə Ankarada, “Uyum-Ajans”da işıq üzü görüb. Zəlimxan müəllim bundan öncə də Türkiyəli oxuculara bir neçə dəfə kitabla xitab etmişdir. Örnəyi, elə şairin öz adı ilə “Uyum-Ajans”da, Nizaməddin Onkun uyğunlaşdırması ilə yayınlanmış “Zəlimxan Yaqub” (2003/ Ankara), “Qum saatı”nda işıq üzü görmüş “Səni sevmək üçün gəldim dünyaya” (2003/ İstanbul) kitablarının adını çəkə bilərik. Xalq şairinin 2009-cu ildə Türkiy Cümhuriyyətinin Azərbaycandakı böyükelçisi Hülusi Kılıçın “ön söz”ü ilə açılan “Dünya türkün dünyası” da Azad Ağaoğlunun uyğunlaşdırmasında Türkiyə türkcəsində yayınlanmışdır.
Zəlimxan müəllimin Ahıska türklərinin əzablı həyatından söz açan “Sürgün” və içəriyi adından bəlli “İçimdə ağlayan Kırım” poemaları isə 2010-cu ildə Alma-Atada işıq üzü görmüşdür.
Bu kitablar bir yana, 61 yaşlı Zəlimxan müəllimin illər öncə qələmə aldığı “Əlli yaşın dastanı” poemasını oxuduqdan sonra Bəxtiyar Vahabzadənin yazdığı bu sətirlər həm hər şeyi əyan edir həm də öz güncəlliyini saxlayır: “Mən “Əlli yaşın dastanı” poemasınının 36 sətirlik “Hardan gəlir Zəlimxan?” fəslini Türk Dünyası Ədəbiyyat və Sənətinin manifesti, proqramı adlandırardım…”
Böyük alim Xudu Məmmədov “Yad tikinti materialları çox asanlıqla yad memarlıq forması gətirdiyi kimi, yad sözlər də yad şeir forması gətirir” deyirdi.
Azər Turanın “…Yad sözlərə və özgə düşüncələrə yönəlməməsi, sazın və klassik irfanın bəxş etdiyi doğma obrazlarla baş-başa qalması, məhrəm keçmişlərə ehya verməsi Zəlimxan Yaquba çağdaş Azərbaycan şeirində ayrıca bir mövqe qazandırdı. Çağdaş poeziyamızda yaddaş amilini önə çəkməsi də onun adı ilə çox bağlıdır” fikri də razılaşmamağın mümkün olmadığı fikirlərdir.
Sayğıdəyər xalq şairimiz Sabir Rüstəmxanlının “Hatayı Yurdu” (“Xətai yurdu”) Hüseyin Adıgüzəlin uyğunlaşdırması ilə İstanbulda 2004-cü ildə yayınlanmışdır. Nəşriyyat Sabir bəyin tanıtımını yaparkən “Ömür kitabı”nı xatırladır və bu sözləri işlədir: “SSRİ-nin sarsılmağa başladığı ilk illərdi, böyük bir millət və Vətən sevgisi ilə oluşmağa başlayan durumlardan əndişəli və qayğılı, düşünən, çözüm yolları arayan, irəligörüşlü, könlünü yaxan, qovuran sancılarının ifəadəsi olan “Ömür kitabı”, Azərbaycan və bütün Türk Dünyasında ədəbi-poltik bir olaya dönüşdü.” Bu arada, Sabir bəyin “Göytürklər” romanını da bir daha xatırlamaq, bu tarixi romanı ədəbiyyatımızın son illərdəki hadisələrindən biri kimi vurğulayaraq, bəlkə özəl bir məruzə tələb etdiyini deməliyəm. Həmin romanın 2010-cu ildə qardaş Daşkənddə özbək dilində nəşr olunduğunu və böyük ilgi gördüyünü deməkdən məmnunluq duyuram.
Xalq şairi Fikrət Qocanın “Ömrümdən anlar” şeirlər kitabı Türkiyədə, “Türk Dünyası Ədəbiyyatı” dizisindən 2005-ci ildə çıxmışdır.
Görkəmli yazıçı Kamal Abdullanın ünlü “Yarımçıq əlyazma” romanı işıq üzü gördüyü vaxtdan bəri istər Azərbaycan, istərsə də xarici ölkələrin mətbuatında geniş rezonans doğurmuşdur. Roman artıq Türkiyədə də nəşr edilib və qardaş ölkə mətbuatında əsər haqqında məqalələr, yorumlar, araşdırma yazıları çap olunub.
Yazıçı mətbuata verdiyi müsahibələrin birində deyir: “…Ən böyük sevinc Azərbaycan ədəbiyyatının…uzaq və yaxın ölkələrə kimə həsr olunmuş mövzu ilə daxil olmasıdır. Dədə Qorqud, Şah İsmayıl Azərbaycanı yetərincə təmsil edən adlardır.”
Görkəmli şairimiz Ramiz Rövşənin 226 səhifəlik “Nəfəs”i 2008-ci ildə “Bəngü”də yayımlanıb.
“Nəfəs” kitabı xalq yazıçısı Anarın “Rövşən aydınlıq deməkdir” adlı “ön sözü” ilə açılır. Kitabda şairin müxtəlif illərdə yazdığı populyar şeirləri ilə yanaşı, “Süd dişinin ağrısı” və “Canavar ovu” poemaları da yer alıb. Nəfis şəkildə çap olunan kitab qardaş ölkə oxucularını Ramiz Rövşən yaradıcılığı ilə ilk dəfə geniş həcmdə tanış edir.
“Bəngü”, kitabı şairin “Gedəcək” şeiri ilə tanıdır:
(Çetini biz ölüncedi,
Gedecek, hamı gedecek,
Biz dünyadan geden teki
Dünyanın ganı gedecek.
Solacagbağçası-bağı,
Guruyacag son budağı,
Denisin suyu, balığı,
Sahilin gumu gedecek.
Birteher pi mi, yahşı mı,
Yola salıb son ahşamı,
Söndürüp sonuncu şamı
En son adamı gedecek.)
Görkəmli yazıçımız Vidadi Babanlının ünlü “Vicdan susanda” romanı Türkiyədə işıq üzü görüb. Əsəri Türkiyə türkcəsinə Qafqaz Universitetinin əməkdaşı Ərdal Karaman uyğunlaşdırıb.
“Vicdan susanda” eyni zamanda Tehranda ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində işıq üzü görüb.
Qeyd edək ki, “Vicdan susanda” hələ Sovet dövründə böyuk tirajlarla Özbəkistanda və Tatarıstanda, digər respublikalarda da çap olunub.
Xalq şairi Vaqif Səmədoğlunun “Mən buradayam, Tanrım” şeirlər kitabı 2005-ci ildə Arif Acaloğlunun uyğunlaşdırması və Anar müəllimin geniş “ön söz”ü ilə “Kömən yayınları”nın “Türk Dünyası Şeir dizisi”ncə Türkiyədə yayınlanmışdır. Məlumunuz, Türkiyədə çox kitab çıxır, ancaq “Türk Dünyası Şeir dizisi”ndən çıxması faktı məncə diqqətəşayan hal kimi fərqləndirilməlidir. Xatırladığım qədəri ilə vaxtı ilə Abbas Abdulanın şeirlər kitabı da belə bir ünvanla (-Türk Dünyası Ədəbiyyatı dizisi) çıxmışdı.
Millət vəkili, yazıçı Aqil Abbasın “Dolu” romanı da “Bengü”də çıxıb. Xocalı soyqırımının 17-ci ildönümündə (fevral-2009) yayınlanan roman, bəlli olduğu kimi Qarabağda yaşananları anladır. “Bengü”nün “tanıtım”ında deyilir: “Dolu” Türkiyədə yayınlanan və Qarabağ olaylarını anladan ilk kitab olma özəlliyini daşıyır….Yazar, hər hansı bir tərəfı suçlu olaraq göstərmir. Olayları bütün çılpaqlığıyla anladaraq yorumunu oxucuya buraxır. Yapılanları doğruları və yanlışlarıyla gözlər önünə sərir. “Dolu” romanı tarixi ədəbiyyata daşıyan bir əsərdir…”
“Dolu”nu Türkiyə türkcəsinə Alpərtunqa Altaylı və Seyfəddin Altaylı uyğunlaşdırıblar.
Natvan Dəmirçioğlunun “Yetim” psixoloji povesti Seyfəddin Altaylı və Ture Alirzaqızı tərəfindən Türkiyə türkcəsinə axtarılıb. Povest insanın özü kimi qalmasını, ucalmağı bacaran, şair demiş “içindəki gücə dayanan” insanın əzmini, qələbəsini anladır. Əsərin türkcə xarakter yiyəsi olan qəhrəmanı elə xanım yazarın türk insanına baxışını da təcalla etdirir.
Xanım Dəmirçioğlunun nəsr əsərləri Türkiyədə çıxan bir sıra toplu və dərgilərdə də yaınlanmışdır.
Əjdər Olun “Komutanın meymunu” əsəri də “Bəngü”nün (2010-cu il) nəşrləri sırasında yer alır. “Əjdər Olun, realist bir söyləm və naturalist bir gözləm içindən, qurğuya dayalı olmayan, gerçək olayları və insanları anlatdığı bu kitapda, Qarabağ soyqırımı başda olmaq üzərə Azərbaycanda yaxın tarixi dönəmlərin və bu dönəmlərdə yaşanan faciələrlə dolu toplumsal olayların arxa planına, hakim bir təpədən və geniş bir pəncərədən baxmaq mümkündür.
Bir tarixi sürəcin inşa etdiyi qaranlıq arxa planın önündəki səhnədə isə, Əjdər Olun bəzən dramatik, bəzən tragik, yer yer də mizahi bir üslubla ələ aldığı, böyük bir dəyişim dalğasıyla sarp qıyılara sovrulan Azərbaycan insanı/insanları/ vardır.” – bu tanımlama “Bengü”nündür.
Elçin İsgəndərzadənin 2008-ci ildə “Mizampaj”da çıxan üstü xarıbulbullu “Ölkələr… İnsanlar… Sevdalar…” şeirlər toplusu xarıbülbül, türkülər və elə kitabın adı doğrultusunda ölkələr, insanlar, sevdalar soraqlıdır.
Əbülfət Mədətoğlunun şeirlər kitabı da hesabat dövrü ərzində Türkiyədə işıq üzü görüb.
Qəşəm Nəcəfzadənin Fəthi Gədikli tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılmış “Savaş, ayaqqabı, ölüm” şeirlər kitabı 2008-ci ildə Ankarada (“Bengü”də), Şəfəq Sahiblinin “Tənha kuğu” şeirlər kitabı isə 2010-cu ildə İstanbulda (“BilgeOğuz”da) işıq üzü görüb.
Xəzangülün “Bitməyən xəzan”ı 2008-ci ildə İstanbulda yenə “Bengü”nün xətti ilə yayımlanıb. Kitabda, yaşadığı toplumda, nəfəs aldığı mühitde görmək istədiklərini tapa bilmədiyi zaman, ülvi arzuları, istəkləri və gözəllikləri ilahiləşdirərək göylərə yüksəldən şairin sehirli dünyası görsənir.
Nasir Kamil Əfsəroğlunun hekayələr kitabı da Türkiyədə, “Kor seyrçilər” adı ilə nəşr olunub. Kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran və “önsöz” yazarı Seyfettin Altaylıdır.
Türk Ədəbiyyatı Vəqfi tərəfindən nəşr olunan kitab 360 səhifədən ibarətdir və yazarın 30-a yaxın hekayəsini əhatə edir.
Keçmiş İstanbul baş konsulumuz, yazıçı Səyyad Aranın “Ağlama kağızı” adlı kitabı da Türkiyədə işıq üzü görüb. “Milenyum” Basım Evində çap olunan kitabda yazarın “Ağlama kağızı”, “Soyuq günəş”, “Şikəst”, “Axır çərşəmbə”, “Külçə”, “Bir yaz gecəsi macərası”, “Qorxuluq”, “Yetiş Simurq quşu”, “Şeytanın qurbanı”, “Qaybullahın qarı”, “Gül qoxusu” və “Sandıqda qalan muştuluq” hekayələri yer alıb. Bəlli olduğu kimi, “Ağlama kağızı” hekayəsini yazıçı 37-ci ilin repressiya qurbanlarına və onların ata üzü görməyən uşaqlarına həsr edib. Hekayədə Eldar adlı uşağın acı taleyi öz əksini tapıb.
(Keçmiş İstanbul baş konsulumuzdan söz düşmüşkən, – Azərbaycanın Abbas Abdulladan səyyad aranadək bütün İstanbul baş konsulları qələm adamı olub. Çox yəqin ki, onların çalışmaları içində, menyülərində diplomatik ədəbiyyatla yanaşı ədəbi diplomatiya da olmuşdur. Bu ədəbi diplomatiyanı fəaliyyətdə olan böyükelçilərimiz Eldar Həsənov, Vilayət Quliyev, Həsən Həsənovun timsalında görmüşük. Arzu edərdik ki, bütün böyükelçiliklərimiz bu işə könül versinlər.)
Professor Nizami Cəfərovun 2006-cı ildə İstanbulda çıxan “Klassiklərdən çağdaşlara” elmi-publisistik kitabı (məqalələr toplusu) Türkiyədə işıq üzü görən azsaylı Azərbaycan Ədəbiyyatşünaslıq əsərlərindəndir(uyğunlaşdırma Yasəmin Bayerə aiddir).
2007-ci ildə V.Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatı” Türkiyədə nəşr olunub.
Azərbaycan Ədəbiyyatının Türkiyədə təbliğində, ümumən türkoloji nəşrlərin işıq üzü görməsində əməyi olan alimlərdən biri də professor Kamil Vəli Nərimanoğludur.
Hesabat dövründə Türkiyədə həmçinin “Naxçıvan ağzı” monoqrafiyası da nəşr olunub.
Türk Dil Qurumunda Azərbaycan və Türkiyə alimlərinin birgə hazırladığı “Naxçıvan ağzı” monoqrafiyası 734 səhifədən ibarətir.
Monoqrafiyanın müəllifləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Türkiyə alimlərindən doktor Tuncer Gülensoy və doktor Paki Küçükerindir.
Üç əsas bölmədən ibarət olan monoqrafiyanın bölmələrindən birində bölgədən böyük zəhmətlə toplanmış zəngin şivə materialları öz əksini tapıb.
Monoqrafiyanın bir bölməsi leksik və qrammatik vahidlərin, yəni söz və şəkilçilərin sözlüyünü, indeksini təşkil edir.
Türkiyədə nəşr olunmuş “Azərbaycan aşıqları və el şairləri antologiyası” da hesabat dövrümühün payına düşür.
“Dillən, Telli Sazim” adlanan toplunu görkəmli şairimiz Məmməd İsmayil tərtib edib.
“Dillən, telli sazım”– Azərbaycan aşıqları və saz şairləri antologiyası” Çanaqqala 18 Mart Universitetinin mətbəəsində çap edilib. 640 səhifədən ibarət olan kitabda ön söz, sazın yaradılış hekayəsi, aşıq və el şairlərimizin həyat hekayələri və şeirlərindən seçmələrə yer verilib.
Kitabın leytmotivini “Harda Türk var, orada saz, harada saz var, orada türk vardır” kəlamı təşkil edir.
“Gələnəksəl Azəri masalları”, “Xəzər qıyısında Yerlə Göy” qardaş ölkədə son illər yayınlanmış Azərbaycan ünvanlı ədəbi nəşrlərdəndir. Bu iki nəşr barədə iki cümlə də olsa fikrimizi bildirək. İlk öncə deməliyəm ki, keşkə Anadolulu qardaşlarımız bizi Azəri adlandarmaqdan əl çəkib də öz adımızla çağıraydılar. İnsan adı kimi millət adı, kitab adı da düzgün yazılmayınca oxucu bir anlamda elə adda itirdiyi qədər yanlış yönə köklənir – deyə düşünürəm.
İkinci topluya gəlincə, açığı mən bu hekayələr toplusunun hansı prinsiplər əsasında tərtib olunduğunu anlamadım…
Hesabat dövründə Türkiyənin “Ufuk Ötesi Yayınları” Basım Evində 1980-90-cı illər Azərbaycan prozasını təmsil edən yazıçıların əsərlərindən ibarət “Dört dörtlük” kitabı işıq üzü görüb. Kitabda nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Fəxri Uğurlunun hekayə və povestləri daxil edilib. Əsərləri Türkiyə türkcəsinə A.Nəbili və X.Telmanoğlu uyğunlaşdırıb. Kitaba “ön söz”ü şərqşünas professor Əskər Rəsul yazıb. Qardaş ölkə oxucularına kitabda yer alan əsərlər və onların müəllifi olan dörd yazıçı ilk dəfə bu toplu ilə tanıdılıb.
Nazilə Gültacın da imzası qardaş Türkiyədə çıxan “Qardaş Qələmlər”, “Çukurova sənət”, “Ece” dərgilərinin oxucularına yaxşı tanışdır. Son iki il ərzində ardıcıl olaraq bu dərgilərdə onun şeir və hekayələri çap olunub. Üıtəlik, o, “Ece”nin redaksiya heyəti tərəfindən Azərbaycan təmsilçisi təyin olunub.
O, şair Əhməd Otmanın, gənc şair Funda Gökçenin şeirlərini, yazıçı Murat Aktunanın “Əfəndi” hekayəsini dilimizə uyğunlaşdırıb və “Kaspi” qəzetində çap etdirib.
2009-cu ildə Türkiyədə Həyat Şəminin də şeirlər kitabı işıq üzü görüb.
Həyat TÜRKSOYun Sivasda düzənlədiyi Şeir Şölənində, habelə “Buruciyyə Şeir
axşamları”nda, ayrı-ayrı simpoziumlarda, konfranslarda uğurla iştirak etmişdir.
Rəsmiyyə Sabirin “Sahilsiz adam” şeir kitabları qardaş ölkədə 2011-ci ilin may ayında yayınlanmışdır (Bundan öncə xanım yazarın Kərkükdə də şeirlər kitabı işıq üzü görmüşdü (2006)–Haşim Salihin nəşrə hazırladığı həmin kitab “Kölgəsiz dar ağacları” adlanırdı). Onun kitabını yayınlanmış EkoAvrasiyanın başqanı Hikmət Ərəndən bugünlərdə aldığım ismarıcda deyilir: “Rəsmiyyə xanımın kitabı Türkiyə Cümuhriyyətinin ayrı-ayrı vilayət, il və ilçədə, ünlü universitelərdə yerləşən 200 kitabxanaya göndərilmiş və ilgi ilə qarşılanmışdır.” (Qarşıdan gələn 7-ci ayın 7-ci günündə Bakıda adıkeçən kitabın təqdimatının keçirilməsi planlaşdırılır.) Təbrik edirik.
Lap bu günlərdə isə Türkiyədə “Azərbaycan şairi Məhəmməd Hadi” kitabı işıq üzü görüb. Kitabın müəllifi Mehmed Gəncəlidir.
Türkiyədə Türkiyəli yazarların qələm məhsulu olan və Azərbaycanlı fikir adamlarına, ədiblərimizə, o cümlədən Şəms Təbriziyə, Şah İsmayıl Xətai və b. həsr olunmuş kitablar çıxıb, heç quşqusuz bizim xəbərimiz olmayan ədəbi əsərlər də mövcuddur, inşallah zamanla onlar barədə də bilgi əldə edib başqa yazılarımızda söz açmağa çalışarıq.
***
DGTYB-nin “Türkməneli Ədəbiyyatı” (2007/Ankara), ikicildlik “Kərkük şairləri” (2005 /Ankara), iki cildlik “Çağdaş Azərbaycan şeiri” antolojisi (2008-2009 /Bəngü, Ankara), “Məlahət Ecevitin “”, Şəmsəddin Kuzəçinin “Kərkük şairləri” ikicildliyi DGTYB yayınları seriyasından çıxdı.
DGTYB-nin “Çağdaş Azerbaycan Şiir” antolojisi 2008, 2009-cu illərdə iki cild olmaqla Ankarada işıq üzü gördü.
“Bəngü” antoloji barədə bu sözləri işlədib: “20-ci yüzilin sonunda qardaş ölkə Azərbaycanın başından keçən fəlakətləri yaşayan şairlərin əsərlərinin Çağdaş Azerbaycan Şiir Antolojisində yer alması ayrıca önəmlidir.”
Qeyd edim ki, şeirləri Türkiyə türkcəsinə İlqar İlkin, Rəsmiyyə Sabir və Oktay Hacımusalı uyğunlaşdırmışlar.
Bu işlərin hər biri ədəbi təsərrüfatımızın mövzu faktları olaraq vurğulana bilər.
Ankarada çıxan “Qardaş qələmlər” Azərbaycan yazarlarının demək olar, üzdə olan hər bir imzasına yer vermişdir. Yeri gəlmişkən “Qardaş qələmlər” və bütövlükdə Avrasya Yazarlar Birliyi artıq Türk Dünyasının ədəbi mərkəzlərindən biri halına gəlmişdir.
***
Bu gün TÜRKSOYun çalışmalarını da diqqətdən qaçırmamalıyıq. Azərbaycan ədiblərinin kitabları haqqında dedik, vaxt azlığını göz önündə tutaraq yalnız bir neçə digər nəşr haqqında qısa bilgi verməklə hesab edirəm bu qurumun ədəbiyyat yönündə çalışmaları barədə müəyyən təsəvvür yaratmaq mümkün olacaqdır:
Prof.Dr.Qurbandurdı Gəldiev və Prof.Dr. Fikrət Türkmənin hazırladığı, Türkmənlərin şeir yaradıcılığını göstərən seçmə örnəkləri qapsayan “Türkmən Şeiri Antolojisi”;
Oraz Yağmurun hazırladığı və Türk Dünyasının şeir coğrafyasını cızan, keçmişdən günümüzə uzanan zaman cizgisi üzərində Türk Dünyası üçün bir kültür köprüsü salan “Türk Dünyasının Şeir Antolojisi”;
Dr.Z.B.Samdanın hazırladığı və Türk Xaqanlıq dönəminin tarixi yazılmış Orhun-Yenisey Anıtlarından Kül-Tiginin anladıldığı “Kül-Tigin” kitabı;
Yrd.Dos.Dr. Fərhad Tamir, Xəlil Arıcanın hazırladıqları, Qazax ədəbiyyatının daşıdığı milli fikirləri, yaşam biçimlərini, gələnək və görənəklərini anladan, Qazax bozkırının bilgə yazarı Muxtar Auezova aid seçilmiş öykülərin yer aldığı “Muxtar Auezov. Öykülər” kitabı;
Dos.Dr.V.E.Maynoqaşeva ilə Doç.Dr.Fatma Özkanın yayına hazırladıqları, Xakas xalqının böyük bilim adamı Prof. Nikolay Katanovun Güney Sibirdə yaşayan Xakas, Tıva kimi türk xalqlarının folklor və etnoqrafiyasını yansıtdığı əsər (– “N.F.Katanov. Bilimsəl Əsərlərindən Seçmələr”);
Prof.Dr. Ravil Bikbayevlə Doç.Dr.Qaynislam İbrahimovun hazırladıqları “Başqurd xalqının milli qəhrəmanı və şairi Salavat Yulayevi tanıdan əsər (“Salavat Yulayev”);
Dos.Dr. Mətin Ərgünlə Qaynislam İbrahimovun hazırladıqları və Başqurdların xalq dastanlarından ibarət yayın;
Dr. Rüstəm Sultinin hazırladığı və Tatar xalqının tarixini misralara tökmüş olan Edigey Dastanını mövzu alan eyni adlı (“EDİGEY”) adlı kitab;
Alevtina K.Maytakovanın hazırladığı “Huban Arığ. Xakas Türklərinin qadın igidlik dastanı”;
H.Dündar Akarcanın hazırladığı “İsmail Bəy Qaspıralı və Ziya Göyalp Simpoziumları (Bildiriler)”toplusu;
Prof.Dr. Əminə Gürsoyun yayına hazırladığı, yalnızca Qırğızların deyil, ehtiva etdiyi mifolojik özəlliklər və Şamanizm ünsürləri ilə bütün Türklüyün ensiklopediyası olan “Manas kitabı”( – “Manas” TÜRKSOYun ilk yayını olma özəlliyini də daşıyır).
***
Haşiyə:…Bir qədər öncə, simpoziumlardan, festivallardan danışdıq. Sizə deyim, biz hələ DGTYB-ni qurduğumuz 1998-ci ildə ayrı-ayrı türk ellərindən gəlmiş yazarlara deyirdik ki, görüşlər, həsrət gidərmələr, tanışlıqlar gözəldir, ancaq bütün bunların artıq bilavasitə işə çevrilməsi, konkret sonuclara bağlanması gərəkməkdədir. İstedadlı gənclərin üz tutacağı yeni ünvanlar oluşdurulmalı; sağduyulu türk gəncliyi toplumun, ulusun, dünyanın halını bədii ədəbiyyatda əks etdirməyə, ədəbi məhsulların mübadiləsinə, yeni yaradıcılıq mükalimələrinə stimullaşdırılmalıdır – hər nə qədər bu alanda bəlkə birilərimiz bir işlər görmüşüksə də, bu istəklər müəyyən qədər bu gün də güncəl olaraq qalmaqdadır…
Bir özəlliyi də diqqət çəkmək istərdim: Bu da respublikamızda yayınlanan ədəbi dərgi və qəzetlərdə yer alan Türk Dünyası ünvanlı təqdimatlardır. Burada biz bəzən coğrafiyanı çevrələmək üçün verilmiş zəif şeirlərə, öykülərə də rast gəlirik. Nə qədər işlək söz də olsa deyim, biz kəmiyyət yox, keyfiyyət marağında olmalıyıq. Doğrudur, fərqli ideoloji məkanlarda, fərqli quruluşlarda yaşayan, ayrı-ayrı dövlətlərin vətəndaşları olan yazarların, özəlliklə gənclərin bir çatı altında birləşməsi, onlarla iş, onlar arasınd seçim etmək o qədər də asan məsələ deyil. Bununla belə, bu iş yürüdülməli, bəlkə ilk baxışda mümkünsüz kimi görünən işlər mümkün edilməlidir. Özü də, yuxarıda vurğuladığım kimi əgər Türksoylu ölkə Başçılarının Daimi Şurası, TürkPA və hələ-hələ TÜRKSOY varsa…
“Ortaq türk əlifbası: keçmiş və gələcək” məsələsi barədə bir neçə kəlmə:
“Türk Dünyasinda Ədəbiyyat, Ədəbiyyat(imiz)da Türk Dünyasi…” adlı məruzədə əlifba və dil məsələsinə toxunmadan keçinə bilmərik.
“…Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadanlar, zənginləşdirənlər, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz adətən böyük tariximiz haqqında, xalqlarımızın böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda öz tariximizi, mədəniyyətimizi təbliğ edirik. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar…” – Bu sözləri Azərbaycan Prezident Heydər Əliyev 6 noyabr 1996-cı ildə – Türk Dünyası Yazıçılarının III Qurultayında nitq söyləyərkən deyirdi.
Bəlli olduğu kimi, 150 il öncə görkəmli Azərbaycan ədibi Mirzə Fətəli istifadədə olan ərəb əlifbasını islah etmək istəyirdi. İlkin olaraq o, həmin əlifbadakı nöqtələrdən imtina edilməsini təklif edirdi. Sonrakı aşamada isə büsbütün latın qrafikalı əlifbaya keçilməsini düşünürdü. Bu məqsədlə də dönəmin Osmanlı sultanına və İran padşahına məktublar yazmış, yüksək səviyyəli görüşlər keçirmişdi. İran rəsmiləri məsələyə olumlu yanaşmadığı halda, rəsmi İstanbul öz olumlu münasibətini bildirmişdir. Təəsüf ki, Osmanlı xanədanının münasibəti də praktik müstəvi üzərinə keçməmiş, havadan asılı qalmışdır.
Əlifba islahatı yönündə hərəkətlər XX yüzilin başlanğıcında da davam etdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda Rusiyanın işğalı altında olan türklərin latın qrafikalı əlifbaya keçməsi haqqında möyqe ortaya qoyuldu. Ancaq bəllidir ki, 1938-40-cı illərdə Sovetlər türk xalqlarını ayırmaq üçün kiril əlifbasına keçidi təmin etdilər. Sonrakı illərdə isə bu əlifbanın da üzərində oyunlar oynandı və xalqlarımız daha da uzaqlaşdırıldı. Türkiyədə isə Atatürk devrimlərindən bir də Əlifba və Dil islahatı oldu, uzun illər dünyadakı yeganə müstəqil türk dövləti olan qardaş Türkiyə bu əlifbaya sadiq qaldı.
Sovetlər dağılan illərdə – 1990-cı ildən başlayaraq Azərbaycan və Orta Asiya türk respublikalarında yenidən əlifba islahatları istiqamətində işlər görüldü. Hamıdan öncə Azərbaycan rəsmi şəkildə latın qrafikalı əlifbaya keçmə qərarı aldı. Ardından da Türkmənistan tam olaraq latın qrafikalı əlifbaya keçdi. Özbəkistan və Qazaxıstan bu prosesi 2012-ci ildə bitirməyi planlaşdırır. Ancaq təəssüflər olsun ki, Qırğızıstanda bu yöndə dövlət düzeyində heç bir hərəkət yoxdur. Üstəlik rus dili bu ölkədə ikinci dövlət dili statusundadır. Ümid etmək istərdik ki, Bişkək yönətimi də artıq belə bir addım atacaq. Yəqin digər türk dövlətləri bu işdə qardaş Qırğızıstana yardımçı olmalıdır. Qazaxıstan və Özbəkistanın əlifba islahatlarında gölzənilən son addımları Qırğızıstana da təsirsiz ötüşməyəcəkdir, deyə düşünürük.
Lakin burada da bir sorun vardır? Sorun odur ki, yeddi bağımsız türk dövlətində latın qrafikalı əlifbanın beş fərqli biçimindən istifadə edilir və bu da normal hesab edilə bilməz.
Ortaq əlifbanın oluşması üçün bütün türk xalqları bu və ya digər şəkildə güzəştə hazır olmalıdır. Bu barədə Azər Həsrətin Atatürk Mərkəzində bir neçə ay öncə (2010/sentyabr) düzənlədiyi “Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı konfransda bu məsələlər müzakirə olundu. Yeri gəlmişkən, Azərin yönətdiyi yalquzaq.com sitəsi bir aya yaxındır, şərti ortaq türk əlifbasında yayınlanır.
Sözügedən konfransda terminoloq Firudin Əhmədov deyirdi: “Mən maşın texnologiyası ilə işləyirəm. Əlifbalar arasında keçid asan məsələdir. Özü də nəzərə almaq lazımdır ki, çağdaş informasiya texnologiyaları buna imkan verir. Sadəcə məsələni kütləviləşdirmək üçün türk dilləri ortaqlaşmalıdır. Bunun üçün güclü türk dövlətlərinin imkanlarını bir yerə gətirmək lazımdır. Bilginiz üçün deyirəm ki, Dilmanc.az çevirmə proqramını biz hazırlamışıq və maraqlıdır ki, Anadolu türkcəsindən Azərbaycancaya çevirmə çox rahatdır. Çünki dilimiz eyni struktura malikdir. Qrammatika uyğunlaşdırılmalıdır. Yeni sözlərdə ortaq mövqe olmalıdır. Bütün bunlar üçün gərək türkçülük iradəsi olsun. Ortaq sözlüklər, qarşılıqlı sözlüklər tərtib edilməlidir. Türk ləhcələri arasındakı dil yaxınlaşması təmin edilməlidir.”
“Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlının “Türkə qılıncdan daha kəskin qüvvət: Ortaq Dil, Ortaq Əlifba” məqaləsindən alıntılara diqqət yetirək: “…Böyük mütəfəkkir Hüseyn Cavid, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Mədəniyyət, Mədəniyyət, Mədəniyyət” demişdir. Deyilə bilər ki, Türk milləti eyni soykökdən olduğu üçün zatən eyni mədəniyyət anlayışına malikdir və burada görüləcək çox iş yoxdur. Amma bu günümüzün gerçəkliyi budur ki, Türk Dünyasının hər şeydən çox mədəniyyət məsələsində inteqrasiya etməsinə böyük ehtiyac var. Türk xalqları arasında düşüncə birliyi olmasa qurulan təşkilatlar, sərf olunan enerji heç bir nəticə verməyəcək.
Burada əsas amil kimi dil faktorunun və yazı məsələsinə görə əlifba faktorunun böyük önəmi var. Diqqət yetirdikdə bu problem özünü çox açıq şəkildə büruzə verir. Toplantılarda, müzakirələrdə, yazılarda həmin problem hiss olunur. Gerçəklik budur ki, Türk xalqları bir-birini anlamaqdan ötrü başqa dilin və çevirmənin köməkliyindən istifadə etməli olurlar. Ona görə hazırda həllini gözləyən ən önəmli məsələ budur. Artıq bu problemin həlli üçün münbit şərait var və tam olaraq zamanın yetişdiyini də dilə gətirmək olar.” Yadıma düşür, Nadirbek Alimbekova “Vektor”un ödülü verilərkən Anar müəllim çıxışına bu sözlərlə başladı: “Mən hamınızın başa düşməsi üçün ortaq türkcəmiz olan “rus türkcəsi”ndə çıxış edəcəyəm”. Böyük yazıçının bu ironiyası, gənc qələmlərin yuxarıda diqqətə çatdırdığımız fikirləri problemin fərqli nəsillərə eyni cür təsir etdiyini bir daha sübut edir.
***
…Sona yaxınlaşırıq, bəs Güney Azəbaycan ədəbiyyatında axım edən ədəbi hadisələr barədə nə demək olar?
Güney ədəbiyyatı barədə Sayman Aruz ötən ay burada – NATAVAN KLUBUnda məruzə etdi. Yalnız qısaca olaraq onu deyək ki, Ədəbiyyatımızın bu qolunda da maraqlı hadisələr baş verir. Modern şeir biçiminə maraq, klassik gələnəklərin bugünə, bəlkə bəzən sabaha axtarılması, klassika ilə çağdaşlığın, yenilikçiliyin harmonisini axtarma cəhdlərini qeyd edə bilərik. İsmayıl Ülkərin, Aşıq Qurban Əlyarlının, Güntay Gəncalpın, Nigar Xiyavinin, Leyla Cavanşirin, Sayman Aruzun özünün adlarını fərqləndirə bilərik. Təbii, Güneyli yazarlarımızın önəmli bir kəsimi doğma yurd-yuvalarından kənarda, o cümlədən Avropada, Okeanın o tayında yaşayırlar. Bu günlərdə Güntay Gəncalpın Bakıda AYO yayınları seriyasından “Yağız qarışqalar” adlı romanı kitablaşdırılıb. Yazar bu romanı Güneyin azadlıq manifestosu hesab edir. – Çin olsun, inşallah!
Nəhayət… Nələri təklif etmək olar? –
Yenə Türk Dünyası Yazıçılarının III Qurultayına, Prezident Heydər Əliyevin nitqinə qayıtmaq istərdim:
“…Hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, ədəbiyyat, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim …vəzifələrdir. Bu sahədə yenə də mədəniyyətin, ədəbiyyatın, yazıçıların rolu böyükdür.
…Siz, şübhəsiz ki, burada öz yazıçılıq işlərinizin gələcəkdə qurulması ilə əlaqədar lazımi tədbirlər görəcək, lazımi qərarlar qəbul edəcəksiniz. Ancaq mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər.”
Bu ümumi yönbəlirləyici sözlərin işığında daha bir neçə önəridə bulunaq:
-“Qardaş qələmlər”in Qaraçay-Malkar özəl sayı misalında Türk Xalqları Ədəbiyyatları (dövlət və topluluqlar üzrə) antolojilərinin “Ulu Çinar” kimi dərgiləmizcə araya-ərsəyə gətirilməsi yararlı olardı.
– Qazaxıstandakı Türk-Qazax Universiteti, Qırğızıstandakı Manas Universiteti, Azərbaycandakı türk litseyləri, Türkiyə Universitetləri məzunları arasında işbirliyinin verdiyi imkanlardan Ədəbiyyat planında yararlanmaq üçün yaradıcı qurumlar tərəfindən uyğun layihələr hazırlanmalıdır;
– Avrasiya Yazarlar Birliyi, Türkiyə Yazarlar Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Qazaxıstan Yazıçılar Birliyi, Qırğızıstan Yazıçılar Birliyi, İLESAM, DGTYB, KİBATEK, “Vektor”, Göllər bölgəsi Yazarlar Dərnəyi və bənzəri qurumların konfederativ ortamda bir araya gəlməsi imkanları araşdırılmalı, örnəyi TÜRKSOYun çatısı altında birlik oluşdurulmalıdır – deyə düşünürəm.
– AYB xətti ilə bütün Türk Dünyasını içinə alan ədəbi layihələr gerçəkləşdirilməlidir;
– Yazarların “Ortaq türk dili və əlifbası”nın formalaşdırılmasına qatqıda bulunması, ortaq türk dəyərlərinin qorunmasına, aktuallaşmasına səy göstərməsi üçün uyğun layihələr, tədbirlər gerçəkləşdirilməlidir;
– AYB Türk Dünyasının ayrı-ayrı mədəniyyət və sənət birlikləri ilə qarşılıqlı-yararlı işbirliyi qurmalıdır;bir türkcədən digər türkcəyə uyğunlaşdarma işi səhmana salınmalıdır;
– “Türk Dünyası” kitabxanaları qurulmalıdır (örnəyi, Qazaçıstanın Türküstan şəhərində belə bir kitabxana mövcuddur);
– Türk ədəbiyyatı qarşısında böyük xidmətləri olan fikir və söz adamlarını, habelə istedadlı gəncləri ödülləndirmək üçün AYB yaxud Mədəniyyət və Turizm Nazirliyinin Ödülü təsis ejdilməlidir;
– Türk Dünyası gənc yazarlarının vahid yaradıcılıq platformasında işbirliyinə dəstək vermək; gənc istedadları üzə çıxarmaq, onların ədəbi məhsullarını oxuculara çatdırmaq; kitab mübadiləsi həyata keçirmək, virtual görüşləri daha dərin, daha qapsamlı hala gətirmək; festivallar, simpoziumlar, yaradıcılıq gecələri düzənləmək – bir sözlə, mövcud olan bütün üsullardan səmərəli istifadə etmək, gərəkərsə yeni üsullar işləyib hazırlamaq lazımdır.
Diqqətinizə görə minnətdaram. Mən təbii ki, öz mənsub olduğum təşkilatın – bilavasitə Türk Dünyası ilə ədəbi-mədəni ilişgilərdə bulunan Dünya Gənc Türk Yazarlar Birliyinin, Birlik üzvlərinin çalışmaları haqqında geniş danışmadım. Umarım, bu barədə də Sizlər danışarsınız.
Təbii ki, yadda çıxan, yaxud bizim bilgi əldə edə bilmədiyimiz ədəbi hadisələr də oa bilər, ola bilər ki, kimlərinsə adı, işi diqqətdən yayınmışdır – və belə halları bizim Türk Dünyası sevdamıza bağışlamaq Sizə çox yaraşacaqdır. Sağ olun.
ƏKBƏR QOŞALI
turkustan.az