ELM VƏ TƏHSİL

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində ümumi təhsil məktəblərinin monitorinqi haqqında hesabat görüşü keçirilib

12 iyun 2024-cü il tarixində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində ümumi təhsil məktəblərində metodik xidmət göstərən metodistlərlə 2023-2024 tədris ilini əhatə edən fəaliyyətlərin hesabat görüşü keçirilib.

Elminfo.az arti.edu.az-a istinadən xəbər verir ki, Görüşün məqsədi tədris ili ərzində metodistlərin fəaliyyətinin refleksiyası, hesabatların və monitorinq nəticələrinin müzakirəsi olub.

Görüşdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev və Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva çıxış edib.

Nəzakət Mehdiyeva aprel və may ayları ərzində məktəbdaxili metodik dəstək təşkil olunan məktəblərdə keçirilən monitorinqlərin nəticələrini təqdim edib, monitorinq zamanı metodistlərdə müşahidə olunan güclü tərəfləri və inkişaf ehtiyaclarını bölüşüb. O, məktəbdaxili metodik dəstək prosesində qarşıya çıxan çətinliklər və təklif edilən həll yollarını müzakirə edib.

Daha sonra Elnur Əliyev metodistlərin fəaliyyətlərinin refleksiyası məqsədilə onları qruplar şəklində müzakirəyə yönəldib. Metodistlər onlara təqdim olunan mövzulara uyğun olaraq müzakirələr aparıb, təqdimatlar hazırlayıblar. Təqdimatlarda metodistlər altı aylıq təcrübələrini, tətbiq etdikləri strategiyaları, fəaliyyətləri zamanı məktəbdə müşahidə etdikləri irəliləyişləri və maneələri auditoriya ilə bölüşüblər.

İnteraktiv şəkildə keçirilən görüşdə həmçinin metodistlərdə yaranan suallar cavablandırılıb, fəaliyyətlərinin təkmilləşdirilməsi yolları və layihənin gələcəyi müzakirə edilib.

Qeyd edək ki, “Müasir metodik xidmət” layihəsi çərçivəsində məktəbdaxili metodist sıralarına daxil olan təhsil işçilərinin sayının artırılması və daha çox məktəbin layihəyə cəlb olunması planlaşdırılır.