YAZARLAR

Qurtuluş Gününün çağdaş sədası

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yağı düşmənin öz havadarlarının hərtərəfli dəstəyi ilə uzun illər işğalda saxladığı torpaqlarımız azad olunduqdan sonra, o torpaqlara tez-tez səfər edir. Dövlət başısı böyük infrastruktur layihələrinin təməlini qoyur, görülən işlərlə biləvasitə tanış olur. Ailəsi ilə birgə Şuşada Novruz tonqalı qalaması, müqəddəs ocaqların bərpasına ilk daşı qoyması, Prezident seçkilərində səsvermə hüququnu ailəsi ilə birgə Xankəndidə həyata keçirməsi… duyğuludu, qürurludu. “Ailəsi ilə” dedik, bütün Azərbaycan, Dünya Azərbaycanlıları onun ailəsidir – çünki o, hər kəsin Prezidentidir. Çünki İlham Əliyev yalnız 30 illik, hətta yalnız 100-106 illik deyil, 200-300 illik problemlərin kökünü qazımağı, başımızı uca etməyi bacardı! Yalnız Azərbaycanın hər evini, hər elini öz evi bilən lider bu qədər ümumxalq məhəbbəti qazana bilər! Yalnız belə bir liderin çağırışı ilə millət səfərbər ola bilərdi! Belə olmasaydı, 44 gün içində 30 illik işğal sonlandırıla, Şuşa ağır texnika cəlb olunmadan, yüngül silahlarla azad edilə bilərdimi?!.

Qarabağ viranlıqdan çıxarılır və şübhə yoxdur ki, dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək. – Dəmir Yumruğun – Dövlət-Xalq birliyinin kəraməti özünü indi də mülki quruculuqda göstərir. – Başqa sözlə, işğalçını iti qovan kimi qovan qüdrət, ləyaqət indi Böyük Qayıdışda, vandallığın mədəniyyətlə sürətlə, təxirəsalınmaz tədbirlərlə əvəzlənməsi yolu ilə həyata keçirilir. Bəli, yalnız müharibədə qızıl ləyaqət göstərən xalq sülhdə, dinc quruculuqda da ləyaqət göstərə bilər.

Yenidən ailə qavramına vurğu etmək istəyirəm. Bizim ailəmiz Türk dünyasıdır əvəzsiz deyiminin müəllifi də məhz odur! Türk Dövlətləri Təşkilatının timsalında Türk dünyasını evimiz, ailəmiz, ocağımız adlandırmaq unudulmaz hadisədir. Əlbəttə, qavramalar, sözlər əməllərlə, işlə taclanır, həyata vəsiqə alır, yaşarı olur və yaşadır. İlham Əliyev Türk dünyasını ailəmiz, evimiz adlandıranadək də Türk dünyası üçün unudulmaz işlər görmüş yaxud böyük işləri davam və inkişaf etdirmişdi. Qarabağın, Gündoğar Zəngəzurun qurtuluşu, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə öhdəlik götürməsi – bunlar da, ümumən Azərbaycanın gücləndirilməsi Türk dünyasına xidmətin özüdür.

Bir daha ailə qavramına dönək: İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ailəsində dünyaya göz açıb, o ailədə böyüyüb, boya-başa çatıb. İlham Əliyevin ailə qavramına yaraşdırdığı bütün gözəlliklər Heydər Əliyev irsindən qaynaqlanır. Ulu Öndərin qurduğu-yaratdığı, qoruduğu nələr vardısa, özündən sonra ən layiqli şəkildə, yüksək səviyyədə, daha da inkişaf etmiş şəkildə Zirvəyə daşınır. Ulu Öndərin ulu yolu davam edir. “Azərbaycanın özü kimi əbədi” deyimində haqlı olaraq vurğulandığı kimi, Azərbaycanın əbədi olması üçün görülməli olan ən önəmli taleyüklü işləri görən dövlət başçısı məhz öz ailəsinin, Azərbaycanın, Türk dünyasının ailə dəyərlərini nümayiş etdirmiş oldu! Azərbaycan Respublikası öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmədən necə əbədi ola bilərdi?..

Gəlin gerçək təhdidlərlə üz-üzə qaldığımız illəri birgə xatırlayaq:

1991-1993-cü illər içində dövlətimizin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmaqdaydı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü… Dövlət, dövlətçilik böyük təhlükə ilə üz-üzəydi. Azərbaycanın nəinki güclənməsinin, ümumən müstəqil olmasının, öz dövlətçiliyinin qayğısına qalmasının əleyhinə olan bir çox xarici qüvvələr sinxron çalışırdı. Zəngin təbii sərvətlərə, böyük geostrateji önəmə malik Azərbaycanın müstəqil, güclü dövlət olması yaxında-uzaqda xeyli qüvvələrə sərf etmirdi. Üstəlik, ölkə, xalq Ermənistanın Azərbaycana hərbi-siyasi təcavüzünün ağır nəticələri qarşısındaydı. Dövlətimizin zəifləməsi, taqətdən düşməsi, habelə, daxildə hakimiyyət çəkişmələri xalqa yaxşı heç nə vəd etmirdi… Belə bir vaxtda Xalqın taleyinə doğan Günəş öz şəfəqlərini yaydı, ruhumuzu dirçəltdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. – Bu sözləri Ulu Öndər Heydər Əliyev o ağır illərdə deyirdi. – İndi o ağır illərdən qurtuluşumuzun gününü bayram edirik. Bayram günləri yalnız rəsmi qərarla ümumxalq səciyyəsi daşımır – o, məhz xalq məhəbbəti ilə yaşarı olur, məna-mahiyyət qazanır. Bəlkə də, kimlərsə nələrisə başa düşmür, uzaqgörənlik edə bilmirdi – zaman hər şeyi yerinə qoydu. 1993-cü il iyunun 15-də ikinci dəfə respublika ali hakimiyyətinə qayıdan Heydər Əliyevin bu qutlu gəlişi xalq olaraq, dövlət olaraq özünəgəlişimiz oldu. 1997-ci ildə Milli Məclis Milli Qurtuluş Günü haqqında Qərar qəbul etdi. Ondan sonra hər il iyunun 15-i Azərbaycan Respublikasının təqvimində Milli Qurtuluş Günüdür.

Üç il öncə Milli Qurtuluş Günündə “Şuşa Bəyannaməsi” imzalandı. Bu mübarək iş o günün mənasına məna qatdı.

Milli Qurtuluş Gününü ilk dəfə bu il suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmənin sevinci, qüruru içində keçiririk!

Ulu Öndərin ruhu şaddır! Onun yolu uğurla davam və inkişaf etdirilir!

Bütün əcdadlarımızın ruhu şaddır! Çünki müstəqil, güclü Azərbaycan bütün nəsillərin arzusu, idealı olub!

Bayrağın həmişə uca olsun, Azərbaycan!

Bayramın mübarək, Azərbaycan!

Fikrət ƏLİYEV,
YAP Binəqədi rayon təşkilatı “UNİTY-Company” ərazi partiya təşkilatının sədri

turkustan.az