Türk inancında YADA DAŞI
Zəhra HƏSƏNOVA
Bakı Dövlət Universitetinin
Filologiya fakültəsinin tələbəsi
Dünya xalqlarının bir çoxunun dini-mifoloji inancında müqəddəs daş motivi yer alır. Müsəlmanlar “həcərül əsvəd” adlandırdıqları qara daşın cənnətdən endirildiyinə və Məkkə şəhərində Kəbənin yaxınlığında yerləşdiyinə inanırlar. Yəhudi inancına görə, isə dünyanın yaradılışında iştirak edən və Qüds məbədinin üzərində yerləşdiyi düşünülən “müəlləq” adlı daş vardır. Eyni zamanda xristianlıqda da sehrli daş və onun gücünə inam mövcuddur. Amerikanın ən qədim yerli sakinləri olan hindilər də insanının yaradılışını daş və ağaclarla əlaqələndirirlər. Malaziya, Avstriya, Afrika torpaqlarında isə daş bolluq rəmzi hesab edilir və bu inancdan qaynaqlanaraq tarlalarda iş zamanı daş basdırırlar. Buddizmdə dağ kultunun ilahiləşdirilməsi, Buddanın daş üzərindəki ayaq izlərinə sitayiş olunması kimi inanclar bu gün də Hindistanda varlığını davam etdirir. Bütün bu qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, daş birmənalı olaraq ibtidai insan təfəkkürünün mövcud olduğu bütün ərazilərdə fərqli şəkillərdə, lakin bənzər sistemdə öz ilahi, sehrli qüvvəsini qoruyub saxlamağı bacarmışdır.
Türklər üçün su, yağış, bitki, daş, ildırım və digər təbiətlə bağlı ünsürlər hər zaman müqəddəs olmuşdur. Qədim türklərin daşla yağış yağdırıb, fırtına çağıra bilmələri haqqında ilk yazılı məlumata Çin mənbələrində rast gəlirik. Yada daşı da həm su, həm də daş kultu ilə bağlı olduğundan xüsusi əhəmiyyətə malik idi. Bu baxımdan yada daşının tarixi İslama deyil, ondan çox daha öncəyə gedib çıxır. Daş haqqında ən son Osmanlı mənbələrində dəqiq məlumatlara rast gəlirik, Rus-Osmanlı müharibəsi zamanı da (1768-1774) türklərin yada daşından istifadə etdikləri və bu daşdan son dəfə o zaman istifadə olunduğu qeyd edilir.
Yada daşının möcüzəsini gözü ilə gördüyünü qeyd edən ilk şəxs isə böyük türk alimi Mahmud Kaşğari olmuşdur. Müəllif “Divanü lüğət it-türk” əsərində yazır: “Yat – bir növ şamanlıq, qamlıq. Müəyyən daşlarla (və ya daş ilə) yağış və qar yağdırılır, külək əsdirilir. Bu türklər arasında məşhur bir şeydir. Mən bunu yağma ölkəsində öz gözümlə gördüm. Orada yay vaxtı bir yanğın baş vermişdi. Bu surətlə qar yağdırıldı və ulu Tanrının izni ilə yanğın söndürüldü”. Təkcə türklər arasında deyil, bütün dünyada tanınan və elm aləmində əsrlər keçsə də, öz nəhəngliyini qoruyub saxlamağı bacaran alimin dediklərinə inanmamaq əldə deyil. Bu insan zəkasının üfqündə, anlaşılması çətin, ancaq gerçəklə mif arasında nə qədər incə sərhədlər olduğunu bir daha sübut edən inanılmaz faktlardandır.
Yada daşının funksiyaları çoxdur. Onların içində xüsusən diqqəti çəkən şimşəyə qarşı qoruyuculuqdur. Mahmud Kaşğari lüğətində bu haqda da yazır: kiminq bilə kaş bolsa, yaşın yakmas “kimin üstündə qaş olsa, ona şimşək toxunmaz” (bu daş qədim türklər tərəfindən kaş / qaş da adlandırılıb). Müəllif əlavə edir ki, bu qaşı bezə sarıyıb oda atdıqda nə bez, nə də daş yanır, yaxud bir kimsə susayan zaman ağzına bu daşı qoysa, susuzluğu gedir.
Bu qədər çox və qüvvətli xüsusiyyətlərə malik olduğu üçün ayrı-ayrı türk tayfaları uzun illər onu əldə etmək üçün savaşmışdır. Əgər biraz daha irəli getsək və dövlətlərin taleyini möcüzələrə bağlasaq, müəyyən dövrlərdə fərqli türk boylarının üstünlüyünü də daşa sahib olmağın gətirdiyi güclə əlaqələndirə bilərik. Sözsüz ki, bu sadəcə bir versiyadır və gerçəkliklə əlaqəsinin dövrün insanı tərəfindən müəyyənləşdirilə bilməsində sual doğurur…
Yada daşı ilə bağlı inanclar bu gün həm ilkin variantda, həm də transformasiyaya uğrayaraq müxtəlif formalarda özünü qoruyub saxlayır. Anadolunun bəzi bölgələrində “Çömçə gəlin” oyunu keçirilir. Bu oyun zamanı uşaqlar mahnılar oxuyur, böyüklər Tanrıya qoç və ya qoyun qurban edərək ondan yağış istəyirlər. Qaziantepdə “Çömçə gəlin nə istər, Allahdan yağış istər” duası ilə kuklalar oynadırlar. Eyni oyun keçən əsrə qədər Azərbaycan ərazisində, Naxçıvanda “Çömçəxatun” adı ilə keçirilirdi. Azərbaycan türkləri arasında bununla bağlı bir digər inanc da olduqca maraqlıdır. Belə ki, ağzıdualı molla və bir qrup şəxs (kənd əhalisi) yüksək bir yerə qalxar, dağın və ya təpənin başından Allaha yalvararaq yağış yağdırmasını istəyirlər. Daşa qurbanlar verilməsi də bir çox bölgələrdə rastımıza çıxır. Hələ əsrlər öncə Əlişir Nəvai “ona qurban qanı sürtməklə yağış yağar” deyərək daşın qurban tələb etdiyini açıq şəkildə göstərmişdir. Vəd edilən qurban verilmədikdə şəxsin başına müxtəlif fəlakətlər gələ biləcəyinə inanılır. Azərbaycan ərazisində geniş yayılan bir əfsanəyə görə, isə bir sarvan mal aparan zaman suları bitir, susuzluqdan ölməyə az qalmış bir dağın yanından keçirlər. Bu zaman sarvan əhd edir ki, su tapsalar, dəvələrindən birini qurban kəsəcək, bu zaman qaya yarılır, bulaq axmağa başlayır, hamı doyunca sudan içir, lakin sarvan sözünə əməl etmir, bir bit götürüb öldürür və “bu da sənin qurbanın” deyir. Sözünü bitirməyə fürsət tapmamış özü və sürüsü qara daşa çevrilib dörd bir yana səpələnir.
Daş zamanla yerini dağ əyəsi adlandırdığmız inanca buraxmışdır. Bəzən dua oxunan zaman kiçik daşlar toplanaraq suya buraxılar, təkcə yağış üçün deyil, hava şəraitindən asılı olaraq bəzən yel, külək, qar üçün də dualar edilərdi. Bu rituallar zamanı sanki duanın gücünü daha da artırmaq məqsədi ilə şeirlər də oxunardı, nümunə üçün:
Yastan-yastan zəmilər,
Gülü bostan zəmilər.
Tarı bir yağış yetir,
Çıxsın yastan zəmilər.
Bu gün Azərbaycan ərazisində “Yağış piri” adlandırılan müqəddəs məkanlar da mövcuddur, məsələn Çətəndaş adlandırılan ərazidə, Teyvaz kəndində yerləşən yağmur pirlərini nümunə göstərə bilərik. Qeyd olunan dağ əyəsi ilə bağlılığından çox zaman bu pirlər ya dağın, ya da hər hansı təpənin başında yerləşir. İslamla birgə gələn inanca görə, bu ziyarətgahlar dua edən şəxsin səsi Tanrıya daha tez çatsın deyə yüksək ərazidə salınıb, lakin əgər həqiqətən islam dini ilə bağlı bir ənənədirsə, digər müqəddəs ocaqların da, ən azından böyük bir hissəsinin yüksəklikdə yerləşməsi lazım gələrdi. Bu səbəbdən pirlərin yerləşdiyi ərazinin birbaşa olaraq dağın, yaxud daşın qüvvəsinə olan inancdan qaynaqlandığını söyləmək daha məqsədəuyğundur.
Bütün bu fikirlərdən yola çıxaraq türkün mifik düşüncə sistemində daş kultunun önəmli rola sahib olduğunu söyləmək mümkündür. Bunlar içində yada daşı isə müxtəlif inanclar səbəbindən daha çox xüsusi əhəmiyyət kəsb etməkdədir. (turkustan.az)