GÜNDƏM

Bakı Təşəbbüs Qrupu BMT-də müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirir

Elminfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən nümayəndələr, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi şəxs, müstəqillik hərəkatlarının rəhbərləri, ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edirlər.

Əvvəlcə ötən gün Yeni Kaledoniyada Fransa polisi tərəfindən öldürülən mülkü şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxışı edən Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev bildirib ki, BTQ sayca 11-ci beynəlxalq konfransını təşkil edib və müstəmləkə ərazilərinin üzləşdiyi problemlər Fransanın tətbiq etdiyi blokadadan səmərəli şəkildə çıxmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. O, həmçinin əlavə edib ki, Yeni Kaledoniyada baş verən son hadisələr bir daha nümayiş etdirir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov videomüraciətində qeyd edib ki, BTQ davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır. O, təmsil etdiyi qurumun insan haqlarının təbliği və müdafiəsi vasitəsilə müstəmləkəçiliyin aradan qaldırılmasına vacib töhfə verəcəyinə inandığını bildirib. Abbas Abbasovun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Daha sonra çıxış edən Fransız Qvineyasında “Tavini” partiyasının siyasi bürosunun üzvü Riçard Toheiyava deyib ki, müstəmləkəçi ölkə olan Fransa C24-də faktiki olaraq iştirak etmir və Fransız Polineziyası ilə bağlı BMT-nin Nizamnaməsinə uyğun addımlar atılmır. O bildirib ki, təmsil etdiyi partiyanın əsas məqsədlərindən biri fəaliyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. O, bu istiqamətdə “Tavini” partiyası ilə BTQ arasında əməkdaşlıq sazişinin imzalandığını qeyd edib və konfransın təşkili üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Sent-Martin1SXM Assosiasiyanın rəhbəri Rhoda Arrindel çıxışında bildirib ki, Sent-Martinin bir hissəsi Fransa, digər hissəsində Niderland müstəmləkəçiliyi hökm sürür. Vurğulayıb ki, lakin onlar bir xalqdırlar və bu konfrans vasitəsilə adadakı vəziyyəti dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikhael Forrest xalqının çətin dönəmdən keçdiyini bildirib və Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsi yad edildiyi üçün konfrans iştirakçılarına təşəkkür edib. Bildirib ki, Bakı Təşəbbüs Qrupunun bu konfransı Yeni Kaledoniya kimi müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz səslərini eşitdirmək üçün imkan yaradıb.

Konfrans çıxış və müzakirələrlə davam edir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York