Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin V cildinə daxil edilmiş materiallar 2011-2014-cü illəri əhatə edir. Monoqrafiyada Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi, onun Azərbaycan tarixində liderlik missiyası, dövlətçiliyi xilas edib möhkəmləndirən, mütərəqqi siyasi ənənələri, milli-mənəvi, əxlaqi, multikultural dəyərləri inkişaf etdirən qüdrətli şəxsiyyət kimi fəaliyyəti kompleks şəkildə araşdırılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan dövlətçiliyinin keşiyində möhkəm duran, ərazi bütövlüyünü təmin edən, xalqına Zəfər tarixini yaşadan, dünya birliyində ölkənin iqtisadi-siyasi nüfuzunu gücləndirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti kitabda elmi cəhətdən geniş və sistemli şəkildə təhlil olunur və ümumiləşdirilir.
Kitab “Heydər Əliyev irsi Azərbaycan xalqının əbədiyaşar milli sərvətidir”, “Mükəmməl dövlətçilik sisteminin banisi”, “Rəylər. Düşüncələr. Təbriklər” fəsillərindən ibarətdir. Bu əsər istər ümumi məzmunu, istərsə də araşdırılan problemlərin elmi-nəzəri dərinliyi, sistemli və kompleks tədqiqi ilə diqqəti cəlb edir.
Əsərdə Azərbaycanın müstəqilliyinin, dövlət quruculuğunun prioritet istiqamətləri, tarixin inkişaf mərhələləri, modernləşmə strategiyası, ölkədə insan kapitalının formalaşdırılması, Heydər Əliyev Fondunun elmin, təhsilin inkişafında fəaliyyəti və digər məsələlər faktlar əsasında işlənilib. Kitabda günümüzün reallıqları, cəmiyyət həyatının inkişaf tempi, perspektivləri zəngin mənbələrə istinadən nəzərdən keçirilib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib, çoxşaxəli fəaliyyətinin xalqımızın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin qorunub saxlanmasında rolu geniş surətdə ehtivasını tapıb.
Professor İradə Hüseynova monoqrafiyada sürətli inkişafın Azərbaycan modelini, sosial rifahı, xalqımızın milli-mənəvi dəyərlərini, Qafqaz xalqlarının tarixində mədəni müxtəliflik məsələlərini tarixi ardıcıllıqla və oxunaqlı şəkildə verib. Bu kimi vacib, əhəmiyyətli, ehtiyac duyulan məsələlərin işıqlandırılması əsərin dəyərini daha da artırır və müasir tariximizin aktual problemlərinin öyrənilməsi üçün zəngin mənbə rolunu oynayır. Zəngin mənbələrə əsaslanan monoqrafiya cəmiyyət həyatının bir çox sahələrini özündə ehtiva edir, Azərbaycanın, Qafqaz regionunun və bütövlükdə ümumi tarixin öyrənilməsi üçün dəyərli mənbə, elmimizə, təhsilimizə qiymətli töhfədir.
Kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri akademiklər Rafael Hüseynov və Ziyad Səmədzadədir.
Azərbaycan elminə böyük töhfə olan bu əsər alimlər, politoloqlar, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, tarix, ictimai və siyasi elmlər sahələrində çalışan mütəxəssislər, siyasətçilər, əliyevşünaslar, qafqazşünaslar, həmçinin müəllimlər və tələbələr üçün çox əhəmiyyətli mənbə rolunu oynayacaq.