ELM VƏ TƏHSİL

Dövlət Proqramı məzunu “2023-2024-cü ilin Layihə İdarəetmə Tələbəsi” adını qazanıb

Dövlət Proqramı məzunu Eldar Həsənli “2023-2024-cü ilin Layihə İdarəetmə Tələbəsi” adını qazanıb.

Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, Eldar Həsənli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lids Universitetində mühəndislik layihələrinin idarəedilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.

Eldar Həsənli magistratura təhsili aldığı müddətdə İngiltərənin ən böyük assosiasiyalarından biri olan Layihə İdarəedilməsi Assosiasiyasının təşkil etdiyi yarışa qatılıb.

Yarışın ilkin mərhələsində Böyük Britaniyanın bütün regionları üzrə ən yaxşı layihə idarəetmə tələbələri seçilib. Seçim iştirakçıların təqdim etdiyi layihələr əsasında İngiltərənin bir çox tanınmış şirkətlərində çalışan layihə rəhbərləri (münsiflər) tərəfindən nəzərdən keçirilib.

Yekun mərhələdə Eldar Həsənli Yorkşir və Şimali Linkolnşir regionu üzrə ən yaxşı “Layihə İdarəetmə Tələbəsi” seçilib.