Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir
Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.
“Report”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
“Hələ 2021-ci ildə biz müvəqqəti yanaşma kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?”, – H.Hacıyev vurğulayıb.