Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir – MÜSAHİBƏ
Rüfət Əzizov: “Biz fundamental elmi-tədqiqatlardan tədricən eksperimental elmi-tədqiqatlara keçməyi düşünürük”
Müasir dövrün çağırışları ali təhsil sistemi qarşısında bir sıra mühüm vəzifələr qoyur. Heç şübhəsiz ki, daha çox inkişafın nəbzini tuta bilən, müasir texnologiya və yenilikləri öz tədris, elmi-tədqiqatçılıq fəaliyyətinə gətirən ali təhsil müəssisələri bu sahədə xeyli tərəqqiyə nail ola bilirlər.
Son vaxtlarda ölkəmizin qabaqcıl sənaye mühitində yerləşən və inkişaf edən Sumqayıt Dövlət Universiteti (SDU) öz yenilikləri ilə innovasiyaların mərkəzinə çevrilməkdədir. Artıq ilkin nəticələr də əldə olunub. Belə ki, SDU prestijli beynəlxalq reytinq təşkilatı olan QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü yerdə qərarlaşaraq, bu siyahıda yeni iştirakçı kimi uğurlu debütünü edib. SDU-nun ilk dəfə iştirak etdiyi reytinq sistemində Avropa universitetləri arasında xüsusi fərqlənməsi mühüm nailiyyətdir. SDU eyni zamanda QS Avropa reytinqlərinin regional siyahılarında da fərqlənib. Belə ki, Qərbi Asiya universitetləri arasında SDU 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk QS Beynəlxalq Reytinqinə daxil olan universitet olub.
Bu günlərdə universitetdə olub, onun kampusu, gəncləşən akademik heyəti, müasir laboratoriyaları ilə tanışlıq zamanı bir daha əmin olduq ki, SDU müasir inkişaf dövrünü yaşayır. Rektor Rüfət Əzizova da ilk sualımız “Sumqayıt Dövlət Universiteti necə inkişaf edir?” oldu.
– Sumqayıt Dövlət Universitetinin inkişafı üçün bir sıra müsbət faktorlar var. Birincisi, əsas üstünlüyümüz Sumqayıt Dövlət Universitetinin sənaye müəssisələrinə bir addım daha yaxın olmasıdır. Bu, bir potensialdır, biz bunu bir performansa çevirməliyik. Sənaye müəssisələrinin özləri də maraqlıdırlar ki, SDU-nun kadr hazırlığı yüksək səviyyədə olsun. İkincisi, Sumqayıt həmişə mühəndislər, elm adamları, yüksək intellektual potensialı olan bir şəhər olub. Burada insanlar təhsilə və elmə həmişə diqqət yetiriblər. Sumqayıtdan həmişə yaxşı mütəxəssislər çıxıb, müxtəlif sahələrdə uğurlu olub və bu gün də əgər buraxılış, qəbul imtahanlarına baxsaq, Sumqayıt məktəbləri ölkədə ən yaxşı məktəblərdir. Bu, o deməkdir ki, Sumqayıt şəhərində mühit olaraq müəyyən bir təhsil ənənəsi var. Bu da başqa bir faktordur ki, mühit yaxşı bir universitetin olmasını daha çox dəstəkləyir. Üçüncüsü, hiss elədiyimiz digər faktor odur ki, universitetin ətrafında olan cəmiyyət, təşkilatlar, şəhər sakinləri və s. universitetə bağlıdırlar. Onlar həqiqətən də istəyirlər ki, burada yaxşı bir universitet olsun. Bu istiqamətdə şəhər icra hakimiyyəti və digər dövlət orqanları, qeyri-hökumət təşkilatları, sumqayıtlı millət vəkilləri və digər tərəfdaşlar universitetdən dəstəyini əsirgəmirlər. Bütün bunlar ilkin yaxşı faktorlardır.
Əlbəttə ki, bizim indi əsas inkişaf istiqamətlərimiz ölkə iqtisadiyyatının tələbatına və Sumqayıt şəhərinin tələblərinə uyğun olmalıdır. SDU klassik universitet modelinə sahibdir, burada bir çox sahələr, həm texniki, həm də humanitar sahələr öz əksini tapıb. Hazırda riyaziyyat, təbiət elmləri, mühəndislik, iqtisadiyyat və idarəetmə, tarix-coğrafiya və filologiya fakültələri mövcuddur. Ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətlərini nəzərə alaraq, mühəndislik, informasiya texnologiyaları və təbiət elmləri ilə bağlı ixtisasların yenilənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə biz sənaye müəssisələri ilə sıx əlaqədəyik. Həm məzmunun, həm maddi-texniki bazanın yenilənməsi, həm də tələbə təcrübələri, ilə bağlı yaxından əməkdaşlıq edirik. Əlbəttə ki, eyni zamanda Sumqayıt şəhərinin və ümumilikdə ölkəmizin prioritet istiqamətlərdə inkişafı iqtisadçılar, mühasiblər, maliyyəçilər və idarəçilər tələb etməkdədir. Bununla yanaşı, Sumqayıt şəhərinin pedaqoji kadrlara ehtiyacı böyükdür və burada bir universitet var. Təhsil sahəsində sürətli islahatları nəzərə alsaq, təhsilin idarə olunması, pedaqogika və fənlər üzrə yeni nəsil pedaqoji kadrlara ehtiyac yaranmaqdadır. Bütün bu inkişafı dəstəkləmək üçün isə sosial işçilərə, sosial elmlər sahəsində tədqiqatlara, tarixçilərə və digər humanitar sahələrə də ehtiyac böyükdür. Əslində bütün ixtisaslar real həyatda bir-biri ilə çox bağlıdır və biz inkişafı interdisiplinarlıqda görürük. Bir klassik universitet modelinə sahib olaraq, bütün ixtisaslar bizim üçün əhəmiyyətlidir.
– Tədrisin keyfiyyətinin artırılmasını necə görürsünüz?
– Burada yol xəritəsi və hədəflər nədən ibarətdir? Düşünürəm ki, tədrisin keyfiyyəti, ilk növbədə, professor-müəllim heyətindən asılıdır. Güclü müəllim heyəti ilə həm məzmunu yeniləmək, həm də maddi-texniki baza tələblərini başa düşmək mümkündür. Sumqayıt Dövlət Universitetinin müəllimləri davamlı olaraq öz üzərlərində işləyirlər və inkişafda maraqlıdırlar. Mövcud heyətin təkmilləşdirilməsi və gənclərin cəlb olunması üzərində işləməliyik. Təhsilin əsas məqsədi tələbənin öyrənməsidir. Əgər hər il təxminən 1300-1400 tələbə məzun olursa, biz əmin olmalıyıq ki, onlar günün tələblərinə uyğun bilik və bacarıqlara sahibdirlər. Güclü professor-müəllim heyəti ən müasir məzmunu hazırlamaq, onu müasir pedaqoji yanaşmalar ilə tədris etmək və tələbənin bacarıqlarını ölçmək üçün uğurlu qiymətləndirmə metodlarından istifadəni təmin etməlidir.
Bununla yanaşı, tədrisin keyfiyyətini artırmaq üçün müxtəlif əlavə alətlərin də istifadəsini təmin etməyə çalışırıq. SDU-da həm bakalavr, həm də magistratura səviyyələrində SABAH qrupları açılmaqdadır.
“2024-2025-ci tədris ilindən SABAH Magistratura proqramları olaraq data analitikası, kibertəhlükəsizlik və kompüter mühəndisliyi start götürəcəkdir. SABAH Bakalavr səviyyəsində isə riyaziyyat-informatika müəllimliyi və kimya mühəndisliyi ixtisaslarına qəbul başlayıb.”
SABAH proqramlarının tələbə mühitinin dəyişməsi, seçilmiş müəllimlərin cəlb olunması və məzmunun yenilənməsi üçün uğurlu alət olduğunu düşünürəm.
Əlavə olaraq, BP şirkətinin dəstəyi ilə kimya mühəndisliyi ixtisası təkmilləşdirilir, yeni tədris ilindən etibarən magistratura səviyyəsində tam yeni məzmunlu kimya mühəndisliyi proqramı təqdim edəcəyik. BP-nin dəstəyi ilə kimya və kimya mühəndisliyi laboratoriyalarımız yenilənəcəkdir. Bu dəstək həm məzmunun yenilənməsinə, həm müəllimlərin, həm də maddi-texniki bazanın inkişafına gətirib çıxaracaqdır.
İş dünyası ilə birgə həyata keçirdiyimiz başqa bir proqram əməkbazarının ehtiyaclarına uyğun olaraq ingilis dilində müəllimlik ixtisasları ilə bağlıdır. Yeni tədris ilindən etibarən ingilis dilində “Riyaziyyat müəllimliyi” və “Kimya müəllimliyi” ixtisaslarına start veriləcəkdir. Eyni zamanda SAHAB HUB ilə birgə təhsilin idarəolunması, biznesin idarəolunması və maliyyə sahəsində MBA proqramlarına bu ildən başlayırıq. Yeni məzmunlu proqramları ən yaxşı şəkildə təqdim etməyi hədəfləyirik.
– Professor-müəllim heyəti haqqında nə deyə bilərsiniz? Müəllimlərin inkişafını universitetdə necə görürsünüz? Bu istiqamətdə hədəflər nədən idarətdir?
– Məzmuna uyğun professor-müəllim heyətinin təkmilləşdirilməsi və yenilənməsi əsas hədəflərdəndir. Professor-müəllim heyətinin tədqiqata cəlb olunmasında maraqlıyıq. Tədqiqatları təşviq etmək üçün Elmi Şuranın qərarı ilə təşviqlər planı qəbul olunub və nəticə əsaslı maliyyə ayrılıb.
“Müəllimlər öz sahələrini bilməklə yanaşı, eyni zamanda müasir tədris metodikalarından istifadə edə bilməlidirlər və bu istiqamətdə də ilkin təlimlərə başlanılıb. Əlavə olaraq, müəllimlər öz fənlərini bilməklə yanaşı, ingilis dili, rəqəmsal bacarıqlar, layihələrin idarə olunması və kommunikasiya bacarıqlarına sahib olmaları faydalı olardı. Bununla bağlı “British Council” və BP-nin dəstəyi ilə professor-müəllim heyətinin bir qismi ingilis dili kurslarına cəlb olunublar. Rəqəmsal bacarıqlar, kommunikasiya və layihələrin idarə olunması ilə bağlı da ilkin təlimlərə başlanılıb. Düşünürəm ki, transformasiya dövrünü qısa zamanda keçə biləcəyik.”
– Elmin inkişafı ilə bağlı nə deyə bilərsiniz? SDU-nun elmi hədəfləri nədən idarətdir?
– Biz iddia etmirik ki, tədqiqat universiteti olacağıq. Biz hazırda strateji planı elə yazırıq ki, onu həqiqətən də icra edə bilək və nə edə biləcəyiksə, onu da planlayırıq. SDU magistratura və doktorantura səviyyələrində də təhsil aparır. Biz fundamental elmi-tədqiqatlardan tədricən eksperimental elmi-tədqiqatlara keçməyi düşünürük. Bu gün bizim elm ilə bağlı əsas hədəfimiz sənaye müəssisələrinin tədqiqat ehtiyaclarını öyrənmək və birgə elmi-tədqiqatlar aparmaqdır. Əlbəttə ki, bu asan olmayacaq, çünki universitet ilə sənaye müəssisələri arasında inamın və kommunikasiyanın formalaşması vaxt apara bilər. Lakin çox intensiv əlaqələr qurulub və hər iki tərəf səmərəli işi dəstəkləyir. Düşünürəm qısa zamanda uğurlu nümunələr ortaya qoya bilsək, yaxın gələcəkdə ehtiyaclara uyğun eksperimental tədqiqatlara yönələ biləcəyik və bunun üçün potensialımız var.
SDU-da hazırda yeni təyinatların əksəriyyəti 30-45 yaş intervalında olan gənc kadrlardır. Gənc kadrlara biz vəzifə və məsuliyyət vermişik. Elələri də var ki, onların gəlmələri hələ müəyyən qədər vaxt alacaq. Onların potensialından biz layihə əsasında da istifadə edirik. Məsələn, məzmunun yenilənməsində, onun konsepsiyasının, proqramının, müəllimə olan tələbin hazırlanması, müəllim seçimi və həmin əsas çərçivədə bir neçə fənnin tədrisi ilə bağlı biz xaricdə olan azərbaycanlılarla işləyirik. Xaricdəki potensiallı gənclərimiz SDU-nu dəstəkləyir və əməkdaşlıq etməkdə maraqlıdırlar.
– Universitetdə beynəlmiləlləşmə məsələsi nə yerdədir? Çünki bu, beynəlxalq reytinqlərdə də nəzərə alınan faktorlardan biridir…
Bizim ən çox geridə qaldığımız meyar sırf beynəlmiləlləşmədir. QS və THE kimi reytinqlərdə beynəlmiləlləşmə kriteriyalarında geridə qalırıq. Baxmayaraq ki, beynəlmiləlləşmənin çəkisi 5 faizdir, amma biz burada da irəliləməliyik. Düşünürəm ki, buna daha tez nail ola bilərik, nəinki elmi sahədə. Elm məsələsi çətindir. Beynəlmiləlləşmə ilə bağlı fəaliyyət planı hazırlanıb.
“Bu il ilk dəfə olaraq iki ixtisas üzrə ingilis dilində tədris başlayacaqdır. Bundan əlavə qısamüddətli mübadilə proqramları ilə bağlı plan hazırlanıb və büdcə ayırmışıq, yeni tədris ilində proses başlayacaqdır.”
Tədrisdə ingilis dilini artırmaq üçün professor-müəllim heyəti və tələbələrimiz qısamüddətli ingilis dili kurslarına cəlb olunub. Ümumilikdə beynəlmiləlləşmə strategiyası üzərində işləyirik. Müəyyən etməyə çalışırıq ki, birinci hansı ixtisaslar üzrə və hansı ölkələr bizim əsas hədəfimiz olmalıdır. Energetika sahəsində çox yüksək keyfiyyət göstərmək və sürətli olmaq çətindir. Çünki bunun laboratoriya, avadanlıq, mütəxəssis tərəfi böyükdür. Amma yeni nəsil müəllimləri cəlb etməklə biz İT sahəsində daha sürətli ola bilərik.
– Elm-təhsil-sənaye üçbucağı SDU-da necə təmin olunur?
– Hazırda biz o üçbucağı təmin etmək üçün yola çıxmışıq. Biz həm universitet-sənaye əlaqələrinin genişləndirilməsi üzrə işlərə başlamışıq, həm də bir tədqiqat da aparmışıq ki, bu, niyə baş vermir? Bu, təkcə bizdə deyil, çox yerdə baş vermir. Bu ildən biz tələbələrimizi Sumqayıtda olan ən yaxşı iş yerlərinə təcrübəyə göndərə bildik və çox yaxşı nəzarət elədik ki, onlar həqiqətən də təcrübə keçsinlər. Onların bəzilərini hətta təcrübədən sonra işə də götürdülər. Bu, birinci təmas idi ki, sənaye ilə universitet arasında inam formalaşsın. Mən burada 2 əsas səbəb görürəm ki, bu koordinasiya niyə baş vermir. Birincisi, güvən və ya inamın olmamasıdır. Bunu bizim tədqiqat da göstərdi. Həm sənayeyə, həm də universitetdəki professor-müəllim heyətinə eyni sualı vermişik: “Sizcə, universitetin proqramları sənayenin ehtiyaclarını ödəyirmi?”. Sənaye “yox”, bizim professor-müəllim heyəti isə “hə” deyir. Bu, nə deməkdir? Bu, bir-birinə inanmamaq, bir-birindən məlumatsızlıq, güvənsizlik deməkdir. Yenə də müxtəlif suallar vermişik, tutaq ki, universitetin professor-müəllim heyəti sənayedə bir ekspert kimi cəlb oluna bilərmi müxtəlif məsələlərə? Müəllimlər buna inanır, amma sənaye buna inanmır. Amma həmin tədqiqatda üst-üstə düşən məqamlar da var idi.
Hazırda Sumqayıt Texnologiyalar Parkı (STP) ilə yaxından əməkdaşlıq edirik. STP tərəfindən seçilmiş 200 gənc mühəndisin yetişdirilməsi ilə bağlı əməkdaşlığa da başlamışıq. Əməkdaşlıq üçbucağının formalaşması üçün burada bir zəmin olmalıdır. Birgə kadr hazırlığı, təcrübə proqramları, qısamüddətli kurslar və dual proqramlar bu zəmini yaratmaq üçün ilkin faydalı alətlərdir. Düşünürəm ki, STP ilə SDU birgə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı daha uğurlu layihələrə imza atacaq.
– Yaxşı elmi tədqiqatçını necə və nə vaxtda hazırlamalıyıq ki, alimlik təfəkkürünün nə olduğunu bilsin. Bəlkə, bu, orta məktəbdən aşılanmalıdır?
– Yaxşı sualdır. SDU Sumqayıtda yeganə universitet olduğu üçün bu, bizə bir üstünlük verir. Bizim məktəblərlə çox yaxşı əlaqələrimiz var. Əlaqələr müəyyən layihələr üzərindədir. Məsələn, tez-tez SDU-ya ekskursiyalar təşkil olunur. Tələbələr üçün ayrıca bir proqramımız var. Onlar bizim laboratoriyalarda olurlar, birgə eksperiment aparırlar. Bu, müəyyən mənada maarifləndirmə və həvəsləndirmədir.
“Bu il “Sabahın alimləri” yarışmasında finala çıxan 113 layihənin 23-ü Sumqayıt məktəblilərinin idi. Onların böyük əksəriyyəti SDU-nun elmi rəhbərliyinin dəstəyi ilə həyata keçirilib. 23 layihədən 9-u qalib oldu. Burada bir ənənə var, bu iş yaxşı görülür, çünki məktəblərdə həvəs var. Məktəblərdə çox yaxşı direktorlar və müəllimlər var.”
– Tələbələr daha çox fundamental, ya texniki sahələrdə tədqiqatlar aparırlar?
– Ənənə olaraq SDU-nun güclü olduğu istiqamətlər var. Bunlar, ilk növbədə, kimya ilə bağlıdır. Çünki Sumqayıt kimyaçılar şəhəri olub. “Scopus”a, digər elmmetrik bazalara da baxsaq, sırf kimya, kimya mühəndisliyi üzrə elmi-tədqiqatlar daha çoxdur. İkinci istiqamət daha çox elektroenergetika və proseslərin avtomatlaşdırılması sahəsidir, bu da yenə ənənəvidir və vaxtilə sənayenin ehtiyaclarına uyğun yaradılıb. Əlavə olaraq yenə də riyaziyyatla bağlıdır. Riyaziyyatçılarımızın tədqiqat nəticələri çox yaxşıdır. Bunlar kimya ilə müqayisə oluna biləcək səviyyədədir. Əsasən mühəndislik, riyaziyyat, təbiət elmləri, kimya başda olmaqla, pedaqogika, biologiya, tarix, coğrafiya üzrə də potensial çox yaxşıdır. Burada müəllimlərimiz də potensiallıdır. Hətta bu istiqamətlərdə universitetə qəbul balları daha yüksəkdir. Amma tədqiqatın müasir dünyada tələbi var. Humanitar sahələrdə olan tədqiqatlar daha çox data əsaslı, statistika və empirik olmalıdır. Elmi məqalələrin yeni tədqiqat metodları əsasında yazılması bizim üçün yeni bir sahədir.
– Rüfət müəllim, idarəetmədən əlavə tələbələrlə də ünsiyyətdəsiniz, dərs deyirsiniz… Bu, müəllimliyə xüsusi sevginiz, yaxud gənc alimlər yetişdirmək həvəsi ilə bağlıdır?
– Bəli, SDU-da həftədə iki dəfə tədrislə məşğul oluram. Yəni, tədrislə bağlıyam. Düşünürəm ki, əslində vaxt yoxdur. Xüsusilə temp çox yüksəkdir. Biz çox işlər görməliyik. İslahatlar, özü də yüksək templə gedir. Dərs demək asan deyil. Dərsə hazırlaşmaq, imtahan sualları tərtib etmək lazımdır ki, yaxşı dərs keçəsən. Dərs demək bir neçə aspektdən vacibdir:
1. Dərs deyəndə insan daim özünü öyrənməyə məcbur edir. Məcbursan ki, davamlı oxuyasan, öyrənəsən. Yaxşı müəllim, ümumiyyətlə, tədqiqatçı müəllimdir. Müəllim eyni dərsi 20 ildir deyirsə, onu deməyə ehtiyac yoxdur. Dərsdə davamlı olaraq yeni informasiya, yeni elmi biliklər olmalıdır. Bunları etmək üçün vaxt lazımdır. Ancaq bunu edəndə insan həmişə yenilənmiş olur.
2. Bu, həm də mənə imkan yaradır ki, universitetdə tələbələri daha yaxşı başa düşüm. Tələbələri daha yaxşı öyrənim, ümumi vəziyyəti və nəbzi tuta bilim.
– Sonda universitetlərə qəbul dövründə abituriyentlərə hansı mesajı vermək istərdiniz?
– Əziz abituriyentlər, biz hər bir tələbəni öyrətməyə, onlara xidmət etməyə və həyata hazırlamağa hazırıq. Qəbul balınızdan asılı olmayaraq hər biriniz bizim üçün çox dəyərlisiniz. Hər bir abituriyentin özünəməxsus istedadı olduğuna inanırıq və içinizdə olan öyrənmə həvəsini alovlandırmağa iddialıyıq.
Oruc MUSTAFAYEV
Mənbə: www.muallim.edu.az/news.php