Nəfəs alma səbəbimiz – oksigen necə kəşf olundu?
Oksigen necə aşkara çıxdı?
Xalq içində mötəbər bir nəsnə yoxdur dövlət kimi.
Dövləti-cahanda xoşbəxtlik yoxdur bir nəfəs səhhət kimi.
Osmanlı imperatorluğunun ən məşhur padşahlarından biri Sultan Süleyman Qanuninin xəstə yatağında yazdığı şeirin bu ilk misrası əslində sağlam nəfəs almağın bir imperiyanı idarə edən hökmdarın dilindən də nə qədər vacib olduğunu xatırladır.
İstər insan, istər heyvan, istərsə də bitki kimi hər bir canlının yaşaması üçün müxtəlif formalarda da olsa, havaya ehtiyacı var. Bəs hava nədir, niyə və necə yaranır?
Havanın əsasən azot, oksigen, karbon qazı və su buxarından ibarət qaz qarışığı olduğunu bilirik. Lakin əsrlər əvvəl insanların bu barədə məlumat yox idi. Nəfəs alarkən belə havanın tərkibi o qədər də vacib deyildi Yer üzü sakinlərinə. Amma XVII-XVIII əsrlərdə əhalinin artması, plansız urbanizasiya və havanın çirklənməsi kimi problemlər o dövrdə inkişaf yolu tutan kimya elmi üçün yeni tədqiqat sahəsi yaratdı. Dövrün məşhur kimyaçıları indi bu məqsəd üçün çalışdılar. Görək, antik yunan sivilizasiyasından bəri su, od və torpaqla birlikdə həyatın dörd əsas elementindən biri sayılan hava tam olaraq nədir və tərkibində nəfəs üçün hansı qaz və qazlar var?
İlk həvəskar tədqiqatlar qeyri-kafi qalırdı. Kimyaçılar Jan Baptist Van Helmont (1580-1644) və Robert Boyl (1627-1691) apardıqları araşdırmalarda nəfəs aldığımız havanın müxtəlif qazlardan ibarət olduğunu və yanmaya da havanın dəstək verdiyi ortaya çıxardılar. Lakin qaz qarışığı haqqında konkret məlumat verə bilmədilər. Bu yolda ilk addımı Cozef Blek (Joseph Black, 1728-1799) atdı. O, 1756-cı ildə havada karbon qazını aşkar etdi. Ancaq karbon qazı zəhərli idi və nəfəs almaq üçün başqa qazların da olduğu marağı artdı.
Oksigenin kəşfi təbiətlə bağlı bütün elmi araşdırmalarda və həyatımızda köklü dəyişikliklərə səbəb oldu. Bu element bir-birindən xəbərsiz iki kimyaçı tərəfindən kəşf edilib: İngiltərədə keşiş və kimyaçı Cozef Pristli (Joseph Priestley, 1733-1804) və İsveçdə Vilhelm Şeele (Wilhelm Scheele, 1741-1786) oksigeni kəşf edən ilk adamlardır. Sadəcə Vilhelm kəşfi ilə bağlı elmi işini 2 il gec dərc etdiyi üçün oksigenin kəşfi ilə bağlı ilk olaraq Cozefin adı çəkilir. Pristli təcrübələrində ilk olaraq linzanın köməyi ilə, günəş işığından istifadə edərək, civə oksidini qızdıraraq qaz qarışığı əldə etməyə çalışarkən təsadüfən sınaq borusundan sızan bir qazın masanın üzərindəki şama yönəldiyini və bu zaman alovun daha da parlaqlaşdığını görür.
Cozef Pristli eyni təcrübəni təkrarlayır. Bu dəfə əldə etdiyi yeni elementi bir konteynerə yığır və sonra boğulmadan ölmək üzrə olan 2 siçanı o qutuya qoyur. Siçanlar bu qazın təsiri ilə birdən-birə canlanır. Bunu görən Pristli bir addım da irəli gedərək bu dəfə yeni kəşfini öz üzərində sınayır. Təsadüfən də olsa, saf oksigeni kəşf edən alim Cozef Pristli yazırdı qarşılaşdığı mənzərəni xatirələrində belə təsvir edib: “Sinəmdə xüsusi bir yüngüllük, rahatlıq və xoşluq hiss etdim”.
Beləliklə, eyni dövrdə müxtəlif qazların, xüsusilə də oksigenin kəşfi yaşadığımız dünyanın sirlərini elmi izah etmək istəyən alimlər üçün böyük bir bələdçi oldu. Sultan Süleyman Qanuninin söylədiyi kimi, heç bir nemət sağlam nəfəs qədər insanı xoşbəxt edə bilməz.
https://www.trt.net.tr/