GÜNDƏM

ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır – ŞƏRH

Amerika Birləşmiş Ştatları – Ermənistan hərtərəfli əməkdaşlığının bəlli olan təfərrüatları Vaşinqtonun İrəvan siyasətinin əsl mahiyyətini ortaya qoyur. Ağ evin mütəmadi olaraq elan etdiyi hərtərəfli əməkdaşlıqda təhlükəli ssenarilər hazırlandığı üzə çıxır. İş o yerə çatıb ki, ssenari və planlarla bağlı erməni tərəfi açıq şəkildə fikirlər səsləndirməyə başlayıb. ABŞ-nin Ermənistan hüquq-mühafizə orqanlarının yüksək rütbəlilərini pulla aldığı vurğulanır.

Səslənən ittihamlar ciddidir və onları da sıravi, yaxud ekspertlərdən biri səslədirməyib. Bu ittihamlar onu deməyə əsas verir ki, ABŞ artıq Ermənistanı ələ almaq yolunda heç nədən çəkinmir. Bura məmurların pulla ələ alınmasından tutmuş, bütün məsələlər daxildir.

Məsələn, Ermənistan istintaq Komitəsinin baş nəzarət komitəsinin keçmiş rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan bəyan edib ki, Birləşmiş Ştatlar Ermənistanın hüquq-mühafizə sahəsini öz əlinə alır. Bu hədəfə çatmaq üçün isə istintaq və güc strukturlarını pulla ələ almağa start verib. Generalın sözlərinə görə, Vaşinqton operativ və kəşfiyyat materiallarını əldə etməyi də hədəfə alıb.

Məsələ ondadır ki, son zamanlar Amerikanın yüksək rütbəli hüquq-mühafizə orqanlarının nümayəndələrinin Ermənistana səfərləri mütəmadi hal alıb. Belə ki, avqustun 27-də Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyan Federal Təhqiqat Bürosunun (FTB) nümayəndə heyətini qəbul edərək ona Ermənistanın istintaq sisteminin struktur və funksional xüsusiyyətlərini və İstintaq Komitəsində aparılan islahatların gedişini təqdim edib. Ertəsi gün ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn Daxili İşlər Nazirliyinin rəis müavinləri ilə birlikdə ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən su patrulları üçün keçirilən təkmilləşdirmə kurslarını müşahidə etməkdə ötrü Sevana (Göyçə) səfər edib.

Bundan əvvəl iyul ayında İrəvanda ABŞ dövlət katibinin müavini Üzra Zeya bəyan etmişdi ki, Vaşinqton Ermənistan patrul polisinin yaradılmasına təxminən 16 milyon dollar sərmayə qoyub.

“Bir vaxtlar Rusiya, Avropa ölkələri və ABŞ-nin hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi əsasında görüşlərimiz, qarşılıqlı və işgüzar səfərlər olub, o cümlədən indi ABŞ-yə tabeçilik, “mentorluq” görürük, bu, əvvəllər mövcud deyildi. Biz heç vaxt tərəfdaşlarımızın bizə tələbə kimi yanaşmasına icazə vermədik”, – deyən T.Petrosyan keçmişdə xaricdən maliyyələşdirilən layihələrin mövcudluğunu və onların layiqli münasibətlər sayəsində səmərəli olduğunu bildirib.

O vurğulayıb ki, ümumiyyətlə, müstəqillik illərində Ermənistanın Milli Təhlükəsizlik Xidməti, polis və məhkəmə sistemində islahatlara daha böyük vəsaitlər daxil olub. Amma ədliyyə general-mayoru bu gün baş verən prosesləri bu sistemlərin “alqı-satqısı” prosesi kimi xarakterizə edir: “Mən əminəm ki, bütün məlumatlar, bütün kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi ABŞ-yə veriləcək”.

Ədliyyə general-mayorunun sözlərinə görə, bütün bunlar dövlət səviyyəsində baş verir. Bu cür “uyğunluğun” müqabilində ABŞ Ermənistan hakimiyyətinin atdığı bütün addımları, hətta amerikalıların elan etdiyi demokratiya və insan haqları normalarına zidd olsa belə, rəsmən həvəsləndirir və dəstəkləyir. Nümunə olaraq da bu il iyunun 12-də polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsi hadisəsini və ABŞ səfirliyinin hakimiyyətə loyal münasibətini xatırladıb.

Yeri gəlmişkən, Qərb ekspertlərinin diqqətinə təkcə Ermənistanın hüquq-mühafizə orqanları deyil, hərbi idarəsi də düşüb. ABŞ dövlət katibinin yuxarıda adı keçən müavini Üzra Zeya səfəri zamanı bildirib ki, ABŞ nümayəndəsi daimi əsaslarla Ermənistan Müdafiə Nazirliyində yerləşdiriləcək. Sonradan məlum oldu ki, söhbət Dövlət Departamentinin nümayəndəsindən gedir. Sentyabrın 3-də isə Ermənistan tərəfi Britaniya Hərbi Akademiyasının mütəxəssisinin gələcək erməni zabitlər üçün liderlik kursları keçdiyini bildirib.

Açıqlanan faktlar onu deməyə əsas verir ki, ABŞ və onun Qərb tərəfdaşlarının əsas məqsədi Ermənistanda Rusiyanın təsir imkanlarını sıfıra endirmək, onun hər hərəkətinə nəzarət etməkdir. Bu məsələdə ABŞ və Fransanın aktiv fəaliyyəti müşahidə olunur. ABŞ Ermənistana nəzarəti gücləndirməyi, Moskvaya gözdağı verməyi, eyni zamanda regionun ən zəif bəndi olan bu ölkədən istifadə etməklə hədəflərinə çatmağı planlayır.

İlk baxışdan bu səfərlər rəsmi Vaşinqtonun İrəvana dəstəyi kimi görünsə də, əslində, Ağ ev Nikol Paşinyan hökumətindən istifadə etməklə Cənubi Qafqazla bağlı planını reallaşdırmağa çalışır. Bu səbəbdən də Rusiya və ABŞ-nin Ermənistan uğrunda mübarizəsinin daha da kəskinləşəcəyi gözlənilir. Nəzərə alsaq ki, ermənilər də pula həris və satılmağa meyillidirlər, o zaman “casus müharibəsi”nin daha da genişlənəcəyi gözlənilir.