“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” mövzusunda tədbir keçirilib
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Global researche” layihəsinin multidisiplinar məsləhətçisi Suma Hüseynovanın təşəbbüsü, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə “COP29 çərçivəsində elmin davamlı inkişafi üçün süni intellekt” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin baş direktoru akademik Arif Həşimov təbiətin qorunmasının aktual məsələlərdən olduğunu söyləyib. Arif Həşimov keçən əsrin ortalarında ilk dəfə olaraq akademik Həsən Əliyevin iqlim dəyişikliyi, qlobal istilik haqqında məlumat verdiyini vurğulayıb. O, iqlim dəyişikliklərinin elmi cəhətdən əsaslandırılmasından, bu sahədə Nobel mükafatı qazanmış alimlərdən də söz açıb. Alim, həmçinin COP29-un ölkəmiz və cəmiyyət üçün vacibliyindən danışıb.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın “Dayanıqlı inkişaf məsələlərində süni intellektin rolu” mövzusunda məruzəsi dinlənilib. Sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli süni intellekt barədə fikirlərini bölüşüb.
Videobağlantı vasitəsilə tədbirə qoşulan xarici alimlər tədbirin mövzusu ilə bağlı fikir mübadiləsi aparıblar.