Beynəlxalq Diaspor Mərkəzinin Avropadakı təmsilçilərindən Polşa prezidentinin hərəkətlərinə sərt reaksiya — BƏYANAT
Yeni inkişaf mərhələsi keçən ölkəmizdə milli maraqların qorunmasında, vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında rolu böyük olan, həmçinin müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, eləcə də cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etməklə, respublikamızın ən fəal qeyri-hökumət təşkilatlarından biri kimi özünü çoxdan tanıdan Beynəlxalq Diaspor Mərkəzi, bütün dünyanın qarışdığı bu həssas, mürəkkəb və çətin dönəmdə doğma Vətən naminə öz fəallığını getdikcə daha da artırır. Ən əsası odur ki, BDM düşməni düşmən gözündə görməklə, ona qarşı etdiklərini daha da sərtləşdirir. Deyilənlər qurumun Avropa Nümayəndəliyinin rəhbəri, professor Azər Kərimovun, Polşa üzrə nümayəndəsi Sərdar Oğuzun imzaladıqları və Çex — Azərbaycan Elm-Mədəniyyət Mərkəzi kollektivinin dəstəkçisi olduğu son Bəyanatda da öz əksini tapıb.
“Azərbaycan Respublikasının hərtərəfli inkişafını və beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsini gözləri götürməyənlərin fitnə-fəsad dolu təhrikləri ilə, Qafqazda ikinci cəbhənin açıldığı, müharibənin Azərbaycanla sərhədə yaxınlaşdığı göz qabağındadır. Konkret desək, əzəli və əbədi düşmənimizə çevrilən haram erməni dövlətini idarə edən siyasi hakimiyyətin davranışları, həmçinin oradakı revanşist qüvvələrin fəaliyyətlərinin stimullaşdırılması ilə bağlı atılan iyrənc addımlar Paşinyan hökumətinin hərtərəfli qarşıdurmaya hazırlaşdığını bir daha ortaya qoyur. Bunun reallıq olduğunu xarici təhrikçi qüvvələrin son zamanlar sərgilədikləri bəd əməllər, həmçinin onların Ermənistanın silahlandırılması istiqamətində atdıqları intensiv addımlar da təsdiqləyir. Bütün bunlar isə, regionda sabitliyin pozulmasına gətirib çıxarır.
Hazırda Şərqi Avropada baş verən qarşıdurmalar, həmçinin Gürcüstanda təsir agentlərinin iştirakı ilə cərəyan edən proseslər göz qabağındadır. Söz sahibi nüfuzlu siyasi ekspertlərin və politoloqların da dedikləri kimi, heç bir hüququ statusu və mandatı olmayan, Ermənistan — Azərbaycan sərhədində öz təhrikçi fəaliyyətini Praqa razılaşmasının kobud şəkildə pozulması ilə davam etdirən Avropa İttifaqının bəd əməlləri də bu sıradandır. Üstəlik, Polşa prezidenti Anjey Dudanın Azərbaycana rəsmi səfərindən sonra, sərhəd bölgəsinə, hələ də erməni işğalı altındakı Kərki kəndinə yaxın əraziyə gedərək, ölkəmiz əleyhinə təbliğatda iştirak etməsi də, deyilənlərin bariz nümunəsidir. Elə bunlarla da, yaranmış durumla bağlı son nəticəni çıxarmaq mümkündür. Yəni,
Ermənistanın yenidən canlanmaqda olan müharibə avantürası Qərbin növbəti təxribat ssenarisinin tərkib hissəsi olduğu qənaətinə gəlməyimizə daha bir əsas verir. Çünki Polşa xeyli müddətdir ki, Qərbin keçmiş Sovet respublikalarındakı pozucu, dağıdıcı layihələrinin həyata keçirilməsində iştirak etməklə, qlobal casus şəbəkəsinin formalaşdırılmasına başçılıq edən geosiyasi təzyiq təsisatlarına ev sahibliyi edən, onların fəaliyyətinə dəstək verən bir ölkə kimi özünü tanıdıb. Bir sözlə, bu ölkənin siyasiləri və təsisatları baş verən bütün xoşagəlməz olaylarda birbaşa, yaxud dolayısı ilə iştirak edirlər. Bu da, bir daha onu təsdiq edir ki, düşmən ölkə hakimiyyəti ilə Qərbin xaos ssenarili maraqları üst-üstə düşür.
Bu proseslərdə, daha öncə qeyd etdiyimiz kimi, Polşanın da yer alması danılmazdır. Məhz buna görə də, Polşanın hərəkətləri daim diqqətdə saxlanılmalıdır”, — Bəyanatda xüsusi olaraq qeyd edilir.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalı.