Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü – elmi seminar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda elmi seminar keçirilib.
elminfo.az azertag.az -a istinadən xəbər verir ki, Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü seminarın Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyi münasibətilə təşkil olunduğunu qeyd edib.
Seminarda Şərq-Qərb şöbəsinin müdiri dosent Məmmədəli Babaşlının “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda məruzəsi dinlənilib.
Məmmədəli Babaşlı məruzəsində Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığından bəhs edib, onun bədii əsərlərlə yanaşı tarixə, coğrafiyaya, fəlsəfəyə, astronomiyaya, dinə dair yazdığı əsərlər haqqında məlumat verib. Xüsusilə “Təhzibül əxlaq” və “Nəsihətnamə” əsərlərinin mənəvi-əxlaqi dəyərlərin qorunmasında əhəmiyyətindən danışıb.
Məruzəçi, həmçinin Bakıxanovun 1832-ci ildə yeni tipli üsuli-cədid müsəlman məktəbinin ilk təşəbbüskarı olduğunu vurğulayıb, lakin bu ideyanın Bakıda reallaşmasına çar məmurlarının imkan vermədiyini deyib. Bildirib ki, üsuli-cədid məktəbləri Azərbaycanda ancaq XIX əsrin sonlarında təşəkkül tapıb.
Seminarda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.