“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq
“Galaxy S25 Edge”in rəsmi təqdimatının mayın 13-də keçirilməsi planlaşdırılır.
“Samsung Galaxy S25 Edge”in elan tarixinə nə qədər yaxın olsa, nazik smartfon haqqında bir o qədər detallar ortaya çıxır. Artıq internetdə fotoşəkillər və videolar peyda olub və indi internetdə cihazın əsas xüsusiyyətlərini üzə çıxaran və dizaynı bir daha təsdiqləyən reklam materialları yerləşdirilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Galaxy S25 Edge, gözlənildiyi kimi, çox nazik olacaq. Cihazın gövdə qalınlığı 5,8 millimetr olacaq. Ekran düzdür və çox nazik çərçivələrə malikdir. 12 meqapiksellik selfi kamerası yuxarıda ortada yerləşəcək.
Texniki cəhətdən cihaz “S25 Plus”ın təkmilləşdirilmiş versiyası olacaq: eyni 6,7 düymlük displey, Galaxy çipset üçün Snapdragon 8 Elite, 256 və ya 512 GB daxili yaddaşla birləşdirilmiş 12 GB LPDDR5X operativ yaddaş. Korpus IP69 standartına uyğun olaraq sudan/tozdan qorunacaq.
S25 Edge, 120 ° bucaqlı geniş bucaqlı 12 MP modulu ilə birləşdirilmiş optik sabitləşdirmə ilə 200 MP əsas kameraya malikdir. Qalınlığı azaltmaq üçün akkumulyatorun tutumu 3900 mAh-a endirilib. Bu, S25 xəttindəki ən kiçik batareyadır. Həmçinin, qadcet sürətli simli şarjla öyünə bilməyəcək. Onun gücü yalnız 25 vatt ilə məhdudlaşır.
Ən son renderlərdə S25 Edge üç rəngdə göstərilir: mavi Titanium Icyblue, gümüş Titanium Silver və qara Titanium Jetblack. Əməliyyat sistemi xüsusi One UI 7 interfeysi ilə Android 15-dir. Qadcetin yeddi il ərzində yenilənməsi planlaşdırılır.
“Galaxy S25 Edge”in rəsmi təqdimatı mayın 13-də baş tutacaq. Şirkətdən bildirilib ki, cihaz nazik korpusdan əlavə, zəngin özəl Galaxy AI funksiyaları və flaqman səviyyəli performans alacaq.
“Galaxy S25 Edge”in əsas rəqibi sentyabr ayında satışa çıxarılacaq iPhone 17 Air olacaq. O, “Galaxy S25 Edge”dən daha incə və ehtimal ki, daha ucuz olacaq, lakin Samsung, “Apple2dan fərqli olaraq, texniki xüsusiyyətləri qurban verməyi planlaşdırmır.
Mənbə: Lent.Az