“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına start verildi – FOTOLAR
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi orta qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, 12.05.2025-ci il tarixində layihənin icrasına başlanılması ilə əlaqədar olaraq “Miras” İctimai Birliyinin Bakı şəhəri Yasamal rayonu Zərgərpalan tarixi hamamındakı ofisində İdarə Heyətinin yığıncağı keçirilib. İclasda layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin məqsədləri, həyata keçiriləcək fəaliyyətlər və tədbirlər planı barədə ətraflı məlumat verib, layihə çərçivəsində görüləcək işlər müzakirə olunub. Eyni zamanda layihədə iştirak edəcək tərəfdaş və ekspertlər, cəlb ediləcək hədəf qrupları haqqında fikir mübadiləsi aparılıb. ilkin mərhələdə həyata keçiriləcək fəaliyyətlər üzrə vəzifə bölgüsü müəyyən edilib.
Qeyd edək ki, Bakı şəhərində həyata keçiriləcək bu layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə mədəni irs sahəsində cəmiyyətin maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcəkdir. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, həmçinin müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.
Mənbə: Turkustan.Az