GÜNDƏM

Erməni rəsmilərlə görüşüb nəyi müzakirə edəcəyik? – Elmar Məmmədyarov

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın mətbuata bir müddət əvvəlki açıqlaması diqqət çəkib.

“Tezliklə sülh müqaviləsinin imzalanması ilə əlaqədar xoş xəbər gələ bilər”, – o deyib.

Qeyd edək ki, Azərbaycanın sülh sazişinə dair irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul edilib. Onu da demək olar ki, artıq son zamanlar iki ölkə arasında müxtəlif səviyyəli görüşlər də səngiyib.

Bu isə maraq doğurur.

“Görüşüb nəyi müzakirə edəcəyik?”

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, artıq sülh mətni razılaşdırılıb:

“Azərbaycan Ermənistandan tələb edir ki, konstitusiyasında bizə qarşı ərazi iddialarından imtina etsin. Ermənistan konstitusiyası yenilənməlidir. Artıq elan olunub ki, 10 ay ərzində konstitusiyanı referenduma çıxaracaqlar. Ondan sonra sülh sazişi imzalamaq olar. Bundan öncə sülh sazişi imzalansa, gələcəkdə müəyyən problemlər yaşana bilər. Məsələn, bu gün baş nazir Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan var, amma onlar sabah olmayacaqlar, onda yeni qüvvələr hakimiyyətə gələndə məsələ qaldırıb, sülh sazişinin konstitusiyaya zidd olduğunu deyəcəklər. Buna görə də, ilk növbədə konstitusiya dəyişdirilməlidir. Minsk qrupu da ləğv olunmalıdır. Amma mən inanıram ki, Minsk qrupu sülh sazişi imzalandıqdan sonra ləğv olunacaq. Artıq sülh sazişinin mətni razılaşdırılıb. Görüşməyin mənası yoxdur, nəyi müzakirə edək? Azərbaycanın mövqeyi bəllidir”.

“Mirzoyanın çıxışı təzyiq formasıdır”

“Mirzoyanın dediklərinə gəlincə, bu, təzyiq formasıdır. Onunla demək istəyirlər ki, gəlin Azərbaycana təzyiq göstərək, sülh sazişinə qol çəksin. Sadəcə təzyiqdir”,- sabiq nazir vurğulayıb.









Mənbə: Turkustan.Az