YAZARLAR

Türk dövlətləri birliyi üçün zəmin hazırlayan araşdırıcı

Əli Şamil
[email protected]

Ramiz Əskər dost-tanış yanında yarı giley, yarı zarafat deyərdi: “Əli məni işlətməkdən öldürəcək”. Mən də cavabında deyərdim: “Tarix dərs çıxarmaq üçündür”. Musa Nağıyev haqqında danışanda deyirlər ki, o, yüz ev tiksən, çox yaşayacağına inanırmış. Bir az xəsislik, bir az da tənbəllik etdiyindən 98 ev tikdirdi. Ona görə də 100 il yaşaya bilmədi. 70 yaşında dünyadan köçdü. Sən Musa Nağıyev kimi eləmə, vaxtında 100 kitab yaz, çap etdir ki, uzunömürlü olasan.”

Bizim tələbəlik illərimizdə represiyya olunanlar haqqında bilgilər çox az idi. Sov.İKP-nin 20-ci qurultayından az bir vaxt keçmişdi. Sovet irarəçiliyinin noqsanları ölkəni uzun illər idarəedən İosif Stalinin adına yazılmış və haqsız həbs edilənlərin, güllələnənlərin böyük qisminə bəraət verilmişdi. Əslində bəraət formal olduğundan repressiya olunanların əsərləri nəşr edilmir, onlar haqqında istintaq materialları və arxiv sənədləri araşdırıcıların istifadəsinə verilmirdi.

Qadağan olunmuş mövzulara da həmişə maraq çox olar. Mən də belə maraqlılardan idim. Repressiya olunanlar haqqında 1920-1930-cu illərdə yazılanları oxuyur, həbsdən dönənlər və güllələnənlərin ailəsi ilə görüşürdüm. Oxuduqlarımı və eşitdiklərimi çayxanada, dərsarası söhbətlərdə yaşıdlarımla bölüşür, tez-tez də bu mövzuda müəllimlərimə sual veirdim. Heyif ki, o dövrdə istər yaşıdlarım, istərsə müəllimlərim arasında bu mövzuya maraq göstərənlərin sayı çox az idi. 1937-ci il repressiyası deyəndə Hüseyn Cavid və Mikayıl Müşfiq yada düşürdü. Çünki təbliğ olunanlar onlar idi. Onların yubileyləri qeyd edilir, haqlarında məqalələr çap olunur, radio-televizya verlişləri hazırlanırdı.

Repressiya mövzusun maraq göstərənlərdən biri də bizdən 4 il sonra Azərbaycan (indiki Bakı) dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuş Ramiz Əskər idi. Onunla Əmin Abid, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Salman Mümtaz, Hənəfi Zeynallı və b. haqqında çox danışırdıq. Xalid Səid Xocayevə məndə maraq oyadan Qulam Məmmədli olmuşdu. Onun Cəlil Məmmədquluzadə haqqında xatirə yazan bəzi müəlliflərin yanlışlıqlarını göstərməsi məni heyrətləndirmişdi. Şənbə və bazar günləri Axundov kitabxanasının “Nadir kitablar”, “Azərbaycan kitabı” (arxiv) şöbəsində işləməyi sevən Qulam Məmmədlidən faktları haradan aldığını soruşdum. O da mənə məsləhət gördü ki, Xalid Səid Xocayevin 1929-cu ildə latın əlifbası ilə çap olunmuş “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabını oxuyum. Seminarlara hazırlaşmağı kənara qoyub həmin kitabı böyük həvəslə oxudum. Xalid Səid Xocayevin həyat və yaradıcılığını öyrəndikcə heyrətim artdı.

Şəkildə: Ramiz Əskər Türkmənistanda olarkən aldığı kitabları gözdən keçirərkən. Sağında türkiyəli araşdırıcı Doğan Kaya, solunda Əli Şamil

Onun Mahmud Kaşqarlının “Divanü lüğat-it türk” əsərini Türk dünyasında ilk dəfə çevirdiyini öyrəndim. Amma nə qədər axtardım nə kitabı, nə də əlyazmasını tapmadım. Hətta son kursda oxuyanda Xalid Səid Xocayevin qızı Behcə xanımın ev ünvanını öyrənib onlara getdim. Məni mehribanlıqla qarşılasa da “Divani lüğəti it türkü”ün əlyazmasının harada olduğu haqqında bir bilgisi olmadığını söylədi.

İstər tələbəlik illərində, istərsə də Naxçıvanda qəzetdə işlədiyim illərdə repressiya qurbanları mövzusunda dost-tanışla çox söhbət edirdim. Ramiz Əskərlə də bu mövzuda dəfələrlə söhbətimiz olmuşdu. Onun Yunus Balasaqunlunun “Qudatqu bilig” əsərini dilimizə çevirməsi və bu mövzuda dissertasiya yazması məni həvəsləndirdi ki, Ramizi dilə tutum, qoy Xalid Xəid Xocayevin də çevidiyi “Divanü lüğat-it türk”ü nəşrə hazırlasın.

Ramiz Əskər böyük məmuniyyətlə razılıq verdi. Əlyazmanın harada olduğunu xəbər aldı. Mən onu AMEA-nın Dilçilik İnstitunun kitabxana-arxivində gördüyüm söylədim. Arif Rəhimoğlu namizədlik dissertasiyası yazanda həmin əlyazmadan istifadə etmiş, qaynaq göstərmişdi. Kamil Vəli Nərimanoğlu, Arif Acalov və b. əlyazmanı gördüyünü deyirdi. Lakin institutun direktoru Ağamusa Axundovun yanına neçə dəfə getdiksə də əlyazma tapılmadı ki, tapılmadı.

Əlyazmanı axtardığımız dövrdə və ondan öncə də Ramiz Əskər “Divanü lüğat-it türk” haqqında çox material oxumuşdu. Əlyazmanı tapa bilməyəndə dedi ki, Azərbaycanda araşdırıcıların əksəriyyəti “Divanü lüğat-it türk”dən söz açanda Besim Atalayın çevirməsindən istifadə edirlər. O da respublikamızda bir neçə nüsxədir və əpriyib. Mən əsəri Besim Atalayın hazırladığı kitabdan da istifadə edərək çevirəcəm ki, “Divanü lüğat-it türk” hamı üçün əlçatan olsun.”

Bu məsələdə ona heç nə deyə bilmədim. “Divanü lüğat-it türk”ün Azərbaycanda hamı üçün əlçatan olmasının çoxdan arzulayırdım. Amma şübhədə qalmışdım: “Bu nəhənglikdə əsəri Ramiz Əskər təkbaşına neçə çapa hazırlayacaq? Bu işin reallaşması neçə il çəkəcək? Yaxşı, Ramız 10 ilə bu işi gördü, bəs kitabın nəşriyyat xərcini haradan alacaq?” Suallar beynimi yorsa da onu ruhdan salmamaq üçün heç nə demirdim.

Sanki bir mövüzə baş verdi. Ramiz Əskər qısa müddətəd əsəri nəşrə hazırladı. Həm də Besim Atalay nəşrini olduğu kimi çevirmədi. Onu Özbəkistanda, Uyğurustanda, İranda çap olunan variantlarla tutuşdurdu. Besim Atalay nəşrindəki xətaların bir çoxunu aradan qaldırdı. Qısa müddətə görülmüş bu ağır və zəhmətli işə dodaq büzənlər də oldu, “Ramiz Əskər ərəb dilini bilmir, o Mahmud Kaşqarlının “Divanü lüğat-it türk”ünü necə çevirə bilər. Dodaq büzənlər, dedi-qodu edənlər kitabı oxusaydılar görərdilər ki, Ramiz Əskər çox əzəmətli bir ön söz yazıb. Orada kitabı birbaşa orijinaldan, ərəb dilindən çevirmədiyini də qeyd edib.

No description available.

Şəkildə: Ramiz Əskər Aşxabadın 40-50 kilometirliyindəki Kov ata ocağında. Yerin dərinliyinə enən 200 metirlik mağara kiçik bir kükürdlü su gölməçəsinə çıxır. Yüzillərdi insanlar bu gölməçədə çimib xəstəliklərdən qurtardıqlarından oranın ocaq=pir adlandırırlar

Bəkir Çobanzadənin elmi əsərlərindən istifadə edən araşdırıcıların sayı çox olsa da onun bədii yaradıcılığı haqqında Azərbaycandan araşdırma aparan yox idi. Ramiz Əskərdən xahiş etdim ki, Bəkir Çobanzadənin şeirlərini dilimizə uyğunlaşdırsın. Böyük həvəslə fikrimlə razılaşdı və işə başladı. Bir neçə aydan sonra işi yarıda buraxacağını söylədi. Mən səbəbini soruşanda dedi: “Bəkir Çobanzadənin şeir dili çox qəlizdir. Lüğətlərin içində girinc qalmışam. Bəzi sözlərin mənasını tapa bilmirəm.”

Mən gülərək: “Mənasını tapa bilmədiyin sözləri mənim emailimə göndər. Heç bir lüğətə baxmayacağam və bir həftəyə həmin sözlər məna çalarları ilə sənin stolunun üstündə olacaq”, − dedim. Etiraz etməsə də mənə şübhə ilə baxırdı. Sanki demək istəyirdi: “Nə kələyin var? Məni işə salıbsan indi də belə deyirsən.”

Dediyimə tərəddüdlə yanaşsa da axşam emailimə 30-a yaxın söz göndərdi. Həmin sözlərin mənasını mən heç cür tapa bilməzdim. Krımdakı dostlarıma məktub yazdım və sözləri də göndərdim. Aldığım cavab sevindirici oldu. Sözlərin hamısı mənası çalarları ilə yazılmışdı. Özü də onların hansı dialektdə işlədildiyi də göstərilmişdi. Mən mətnləri Ramiz Əskərə göndərəndə heç bir-iki saat çəkməmişdi zəng vurdu. Əhvalı çox yaxşı idi. Gülərək: “Krımlı dilçilərin emaillərini mənə göndər, daha sənə əziyyət verməyim. Özüm birbaşa onlarla əlaqə qurum, məsləhətləşim.”

No description available.

Şəkildə: soldan Türkmən şairi və araşdırıcısı Oraz Yağmur, ortada azərbaycanlı professor Elmira Fikrətqızı və professor Ramiz Əskər

Onun ayıqlığı, mənim mətni krımlılara çevirtdiyimi bilməsi ürəyimdən oldu.

Bir dəfə də türkmən şairi Məxdumqulu mövzusunda xeyli höcətləşdik. Ramiz Əskərə görə Məxdumqulu kimi Azərbaycanda 19-cu yüzildə yaşamış onlarla şair var idi. Mən isə onu Məxdumqulunu ciddi oxumadığına görə çox ittiham etdim. Hərə öz fikirində qaldı. Bir neçə gün sonra ona Məxdumqulunun bir vücudnaməsini göndərdim. Gecənin yarısı zəng vurdu. Adətən o gecələri işləməyi sevirdi. Mən isə saat 1-2 olanda yatırdım. Səsini eşidəndə bildim ki, Məxdumqulunun vücudnaməsinin təsiri altındadır. Təklif etdi ki, sabah görüşək. Mən də qəsdən mızıldanaraq: “Qoymazsan yatam, bunu sabah da deyə bilərdin”, − dedim. Mənim gileyimə baxmayaraq telefonda yarım saatdan çox danışdı. Onu heyrətləndirən şairin uşağın ana bətnində döllənməsinin mərhələlərini təsvir etməsi idi. Deyirdi: “Məxdumqulu zamanında ana bətnində gedən proseslər haqqında elmi kəşflər edilməmişdi. Bəs Məxtumqulu bunları haradan bilirdi?”

Onun suallarına nə həmin gecə, nə də səhərisi gün uzun çəkən çayxana söhbətimizdə cavab verə bildim. Amma söhbətimizin uğuru onda oldu ki, Ramiz Əskər Maxtumqulu haqqında araşdırmalar aparmağa və şeirlərini dilimizə uyğunlaşdırmağa razılaşdı. Məxdumqulunun bir neçə şeirlər kitabını Türkmənistandan gətirib Ramiz Əskərə verdim. Özü də Türkiyədən hansısa nəşirləri əldə etdi. Böyük ruh yüksəkliyi ilə işə başladı. Çox keçmədi ki, yenə də bəzi sözlərin mənasını dəqiqləşdirməkdə dirəndi. Türkmən dostlarıma yazdım, sağ olsunlar kömək etdilər. Lakin türkmənlərin ağır tərpənişi Ramiz Əskəri əsəbləşdirirdi. İşin ləngiməsini, boş durma kimi dəyərləndirirdi. Deyirdi: “Əlimdəkini bitirmədən başqa işə başlaya bilmirəm.” Türkmən dostlara çox xahiş-minnət etsəm də onlar Ramiz Əskərin sürəti ilə ayaqlaşa bilmirdilər.

No description available.

Səkildə professor Ramiz Əskər, Aşxabaddakı Türkmən-Türk Universitetini türkiyəli müəllimi Zəki Bektaş, Avrasiya Universitetinin professoru Elmira Fikrətqızı və sağdan arxada Nurmammed Kılıcdurduyev Mərv(Mair) şəhərində Molla Nəpəs simpoziumunda

Ramiz Əskər sanki Türkmənistanın vurğununa çevrildi. Onunla birlikdə Mərv (Marı) şəhərinə, Molla Nəpəsə həsr olunmuş elmi konfransa getdik. Oxuduğu məruzə yalnız türkmən araşdırıcılarının deyil, dünyanın 50 yaxın ölkəsindən gələnlərin də diqqətini çəkdi. O, 2010-2012-ci illərdə Molla Nəpəs. “Bu məkana gəlmişəm”, Molla Nəpəs. “Seçilmiş əsərləri”, Məxdumqulu Fəraqi. “Seçilmiş əsərləri”, Nurməhəmməd Əndəlib. “Şeirlər. Poemalar. Dastanlar”, “Türkmən şeiri antologiyası”, Abdulla Şahbəndə. “Seçilmiş əsərləri”, “Türkmən müəmmaları, deyişmələri və vücudnamələri”, Dövlətməmməd Azadi. “Seçilmiş əsərləri” kitablarını nəşr etdirdi.

2022-ci ildə Enver Paşa haqqında ikicildlik kitab oxuduğunu və çevirməyə başladığını söylədi. Mən narazılığımı bildirdim. Xeyli höcətləşdik. O, əsərin Azərbaycan oxucusu üçün maraqlı olduğunu inandırmağa çalışırdı. Mən isə onun daha sanballı və önəmli əsərlər çevirməsini istəyirdim. Əlişi Nəvainin “Xəmsə” nini və neçə elmi əsərini dilimizə çevirmiş, olduqca dəyərli araşdırmalar aparmış Ramiz Əskər üçün bu kitabı çox yüngül sayırdım.

Çox giley-güzardan sonra: “Sən çox insafsızsan. Enver Paşa haqqında kitabın 70-80 səhifəsini çevirmişdim. İndi deyirsən onu qoy, türkmənlərin “Göroğlu” dastanlarını nəşrə hazırla. Əlimdə də çevirməyə kitab yoxdur” − dedi. Mən ona vəd etdim ki, Türkmən “Goroğlu” dastanlarını variantları ilə birgə gətirdəcəm. Beləcə razılaşdıq. Düzdü başlanğıcda bir az kömək etdim. Həmişəki kimi sonra işi Ramizin öhdəsinə buraxdım. O, bacısı, folklorşünas alim Nailə Əskəri bu işə qoşdu. Geçəyi-gündüzə qataraq qısa bir zamanda “Goroğlu, Türkmən qəhrəmanlıq dastanı” kitabını dilimizə çevirdilər, geniş araşdırma və şərhlərlə nəşrə hazırladılar. Mətndə çoxlu arxaik, etnoqrafiq hissələr olduğundan iş heç də asan getmirdi. Buna baxmayaraq Allaha çox şükür ki, işi tanamladılar. Heyif ki, Ramiz Əskər kitabların hamısının nəşrini görə bilmədi. Onun türkmən ədəbiyyatı ilə bağlı son əsərlərindən bir də “Türkmən ədəbiyyatı tədqiqatları” kitabı oldu.

No description available.

Şəkildə Ramiz Əskər və Elmira Fikrətqızı Mərv(Mari) şəhərində keçirilən Molla Nəpəs simpoziumunda Türkmən ağsaqqalları arasında

Ramiz Əskərin bir mövzuya yönləndirmək o qədər də asan olmurdu. Çünki informasiyası çox olduğundan beynində onlarla layihəsi olurdu. Bəzən planlaşdırdığı mövzunun yerini dəyişmək üçün dəfələrlə söhbət etməli olurduq. Razılığa gələndən sonra qarşısında durmaq olmurdu.

Bir dəfə ölçdük-biçdik ki, Əlişir Nəvainin türk dilində yazılmış ilk “Xəmsə”ni nəşrə hazırlasın. Öncə razılıq vermirdi. Əlişir Nəvai haqqında bilgisi geniş olduğundan yükün ağırlığını görürdü. Elə ki, işə başladı ondan sonra Ramiz Əskəri durdurmaq olmurdu. “Xəmsə”ni nəşrə hazırlamağa başlayandan sonra mövzunun əzəməti onu özünə elə çəkirdi ki, qopa bilmirdi. Buna görə də nəinki Əlişir Nəvainin “Xəmsə”sini çevirdi, başqa elmi və bədii əsərlərini də çapa hazırladı.

Kitab daşımaqdan yorulmazdı, bezməzdi. Oğlu, qızı yaşda olanlar da ondan kitab istəyəndə utandığından heç zaman nə pulunu istəyə bilməz, nə də gəl filan yerdən apar deməzdi. Özü gətirib verərdi. Bu məsələdə də xasiyyətlərimizdə oxşarlıq vardı. Araşdırma aparanlar, dissertasiya yazanlar ədəbiyyat, qaynaq axtaranda aparıb Ramizin Əskərin hazırladığı kitabları verərdim.

20-dən çox kitabına məni redaktor yazmışdı. Buna etiraz edərək deyəndə: “Bu kitablara mənim adımın redaktor kimi yazılması doğru deyil. Mən onların ön sözlərini diqqətlə oxuyub səninlə fikirlərimi bölüşürəm. Olsa-olsa bəzi cevrilərində alınmış sözlərin arxaik, dialektlərdə işlənən və ya Türk xalqlarında rastlaşdığım sözlərlə əvəzlənməsini istəyirəm. Sən də onlardan ağlınabatanından yararlanırsın. Bu halda olsa-olsa mənim adımı məsləhətçi yazman doğru olar.” Cavabı təxminən belə olardı: “Əlyazmamı oxuyubsan? Görüşəndə və ya telefonda fikirlərini deyibsən? Bitdi! Redaktə belə olmalıdır. Vacib deyil ki, redaktor qələmi əlinə alıb çızma-qara etsin və ya korrektura işi görsün.”

Son illər şəkər və ürək xəstəliyi onu əldən salsa da yaradıcılığından qalmırdı. Yenə də həsədaparılacaq dərəcədə məhsuldar işləyirdi. Xanımının dünyasını dəyişməsi onun işini xeyli çətinləşdirmişdi. Vaxtında çayını-çörəyini hazırlayıb verən, tərləyəndə paltarını dəyişən olmurdu. Qızları, bacıları nə qədər qulluğunda dursalar da onlar Solmazın yerini vermirdilər.

Ramiz Əskərə əcəl imkan vermədi ki, Türk xalqları haqqında 100 kitabı nəşr etdirib Azərbaycan oxucunsa çatdırsın. 2024-cü il mayın 24-də bu dünyadan köçdü.









Mənbə: Turkustan.Az