YAZARLAR

Dövlətçilik tariximizdə Ağqoyunlu ( Bayanduriyyə) dövləti

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti

II Yazı

Ağqoyunlu əvvəlcə bir tayfa və onun qurduğu əmirliyin və sonra bir ulus və onun qurduğu bir imperatorluğun və dövlətin başında olan xanədanın adıdıdır.

Ağqoyunlu xanədanı özlərini Oğuz elinin Bayandur boyundan bilirdilər. Ona görə də onlara Bayandurxan oğulları və ya Bayanduriyyə deyilmişdir.

Ağqoyunlu elini təşkil edən tayfalar bunlardır:Purnək,Mosullu,Xoca-Haculu,Həmzə-Haculu, Dabanlu, Əhmədlu, İzzəddin-Haculu, Heydərlu, Əmirlu,Yurtçu, Şeyxlu, Süleyman-Haculu, Çavundur, Dodurğa, Dögər, Qarqın, Əfşar və Begdili.Bu tayfalardan ən mühümü Purnək və Mosullu olmuşdur. Bunlar Türkmanlar adı ilə məşhur olmuşlar.

Bu tayfalar el halında Şərqi Anadoluda yerləşib, Diyarbəkir və Mosul ətrafında, yayda Ərzincan-Ərzurum arasında, qışda isə Urfa, Mardin həvaləsində yaşayırdılar. Bu boylar Elxanlı dövləti (1225-1335) zamanında digər Türkmanlarla bərabər Anadoluya gəlib, bu məntəqədə yerləşmişdilər.

Ağqoyunlu xanədanı əmirlik qurub,siyasi qüdrət qazandıqdan sonra, Hələb və ya Suriya Türkmanlarından və Zülqədər elindən də bu elə qatılmışdılar.

Bəhaəddin Qara Osman Yülük ibn Turəli

Osman bəy Əmir Teymur tərəfindən ona verilən Diyarbəkir Əmirliyini genişləndirməklə məşğul olur.Onun səlahiyyətindəki ərazilər bunlar idi. Kemax yaylsağı, Amid və Ərqani. Əmir Teymur daha əvvəl Ərqani ərazisini Əmir Şəmsəddinə soyurqal olaraq vermişdi.Əmir Şəmsəddin isə bir müddət sonra buranı Osman bəyə buraxdı.Döyərlər Fəratın kənarında qışlayan Ağqoyunlu tayfalarından Məhəmməd bəyi qarət etdi. Belə olan halda Məhəmməd bəy gəlb Osman bəydən kömək istəyir. O zaman Ağqoyunlular arasında nizam-intizam yox idi.Lakin Osman bəy uzaqgörən bir şəxs kimi onun köməyinə gedərək Dögərləri məğlub edir. Bu hadisə Ağqoyunluların vahid mərkəz ətrafında toplanmasında mühüm rol oynadı.Osman bəy daha sonra hücum edərək əvvəlcə Mardini mühasirəyə aldı və ətrafını dağıtdı.Sonra isə Salur qalasına hücum edərək qalanı fəth edir.

Bu hadisədən sonra Osman bəy Mardini mühasirəyə aldı.Mardin hökmdarı İsa bəy Məmlük-Suriya valisi Əmir Çəkəmdən kömək istədi. Əmir Çəkəm bölgədəki İnallu, Bayat kimi Türkman boylarına səfərlər edib, onlara əziyyət edirdi.Bu xahişdən sonra Əmir Çəkəm Dimaş, Hələb və Həma əsgərlərini toplayaraq Mardin hökmdarının köməyinə qaçdı.Nəticədə Osman bəy Amid yaxınlığında döyüşdə uduzaraq şəhərə sığındı.Mənbələrə görə,Əmir Çəkəmin bu döyüşdə ən azı 10 min əsgəri var idi və onlar tam təchiz olunmuşdu.Osman bəyin əsgərləri isə ibtidai silahlarla, hətta sapandlarla şəhəri müdafiə edirdilər.Savaş zamanı Əmir Çəkəm bütün xəbərdarlıqlara qulaq asmayıb,düşmən yaxınlaşmasın deyə Osman bəyin qalanın qarşısına axıtdığı suyun içinə palçığa girdi.Bunu görən yaxınlıqdakı Türkmanlar Çəkəmə hücum edərək onu öldürdülər. Başsız qalan Məmlük əsgərləri isə qaçmalı oldu. Bu vəziyyəti görən Osman bəy Amid qalasından çıxaraq qaçan düşmənin üzərinə hücuma keçdi və bir neçə min əsgəri öldürdü.Ölənlərlər arasında Mardin hökmdarı İsa bəy də vardı.Osman bəy bu savaşda oğlanlarından birini-İbrahimi itirsədə hərbi fəaliyyətində ilk böyük uğurunu qazanmış oldu.

1407-ci ildə Mosulda Osman bəy Qara Yusiflə döyüşsə də, daha sonra sülh bağlaməşdı.Urfanı ələ keçirən Osman bəy buradan Mardinə üz tutdu və şəhəri mühasirəyə aldı.Bu dövrdə Mardin Artukluları çox zəifləmişdi və şəhəri müdafiə edəcək gücləri yoxdu.Buna görə də, Qaraqoyunlulardan kömək istədilər.Qara Yusif Osman bəyə verdiyi sözü unudaraq Mardini işğal etmək üçün getdi.1409-cu ildə Osman bəy Qara Yusifə Mardin yaxınlığında məğlub oldu.Bu zəfərdən sonra Qaraqoyunlu hökmdarı Qara Yusif Mardini öz torpaqlarına birləşdirdi.Artuk hökmdarına isə Mosulu iqta kimi verdi.Həmin dövrün yeganə Ağqoyunlu qaynağı Kitabi-Diyarbəkriyyə əsəridir.Osman bəyin əlində sadəcə Amid, Urfa və Ərqani kimi şəhərlər qalmışdı.Bundan başqa Osman bəy davamlı şəkildə Qaraqoyunluların təzyiqlərinə məruz qalsa da,əmirliyini qoruyub saxlamağa nail ola bilmişdi.

1412-ci ildə Qara Yusif Ağqoyunlulara qarşı yeni savaşa başladı. Ağqoyunluları birdəfəlik məhv etmək istəyən Yusif bəy bu dəfə Amid və Çermük əkinlərinə zərər vurduqdan sonra Osman bəyin yerləşdiyi Ərqaniyə yürüş etdi.Ərqani yaxınlığında döyüşdə məğlub olan Osman bəy qalaya sığındı.

Qara Yusif şəhərin ətrafını dağıtdıqdan sonra Təbrizə qayıtdı.1416-cı ildə Osman bəy böyük strateji əhəmiyyətə malik olan və Qaraqoyunluların əlində olan Ərzincanı mühasirəyə aldı.Şəhərin valisi Pir Ömər Qara Yusifdən kömək istədi.O,oğlu İsgəndəri köməyə göndərdi.Bunun üzərinə Osman bəy mühasirəni qaldırıb geri qayıtdı.

1417-ci ildə Qaraqoyunlu Qara Yusifə Kahta yaxınlığında bir daha məğlub oldu və 1 milyon dirhəm,100 at və dəvə xərac verməyə məcbur oldu.Osman bəy Salur qalasını da Qara Yusifə təslim etdi.Lakin bu sülh çox çəkmədi Osman bəy 1418-ci ildə Mardini mühasirəyə alaraq ətrafını dağıtdı.Yaxınlıqdakı 8 qalanı zəbt edərək və 20 kənd əhalisini isə öz torpaqlarına köçürdü.Bunu eşidən Qara Yusif Osman bəyin üzərinə hücuma keçir.Qara Yusif 20 sentyabr 1418-ci ildə onu bir daha məğlub edir. Məğlub olan Osman bəy Hələbə qaçır.Qara Yusif onun ardınca Məmlük torpaqlarına daxil olur.Lakin Məmlük Sultanı Şeyx onu daha irəli getməməsi üçün təhdid edir. Nəticədə Qara Yusif Məmlük torpaqlarını tərk edir.Osman bəy isə Amidə qayıdır.Qara Yusifin bu son səfəri Ağqoyunlu camaatında və Suriyada böyük təşvişə səbəb oldu.Daha əvvəl Ağqoyunlularla birlikdə olan İnalllu,Bayat və Əfşar tayfaları bu əsnada Tripoli bölgəsi ətrafına köçməyə məcbur olmuşdu.

1420-ci ildə Qaraqoyunluların vassalı Ərzincan valisi Pir Ömər Osmanın oğlu Yaqub bəyi tutub Təbrizə göndərmişdi,intiqam almaq istəyən Osman,həmin ilin iyununda qəfil hücumla Pir Öməri öldürdü.Qara Yusif bu xəbəri eşidib hücuma keçmək istəsə də, Şahruxun Azərbaycana yürüşü buna imkan vermədi.O da Pir Ömərin yerinə kiçik oğlu Əbu Səidi Ərzincan valisi təyin etdi.

1420-ci ildə Qara Yusif Teymuri hökmdarı Şahruxu qarşılamaq üçün Təbrizə yola düşdüyü bir vaxtda Təbriz yaxınlığında xəstələnərək vəfat etdi.Nəticədə başsız qalan Qaraqoyunlu dövləti dağılma təhlükəsi altında idi.Bu vəziyyətdən yararlanan Osman bəy Mardin üzərinə hücuma keçir. Lakin bilinməyən bir səbəbdən bu fikrindən daşınaraq geri qayıtdı.Qara Yusifin ölümündən sonra səltənət mübarizəsinə başlayan İsgəndər Mirzə ilə Osman bəy arasında Şeyx Kənddə şiddətli döyüş baş verdi. Dögərlərin Qaraqoyunluların tərəfinə keçməsi nəticəsində Osman bəy döyüşdə böyük məğlubiyyətə uğradı.Döyüşdən sonra o Amidə qayıdır.

Teymurilər (Turan) dövləti hökmdarı Şahrux Mirzə Barlasın (1409-1447) Təbrizdən Şərqi Anadoluya üz tutduğunu eşidən Osman bəy oğlu Əli bəyi 600 atlı ilə birgə onun yanına göndərir.Əli bəy Şahruxa xəbər verdi ki, Qaraqoyunlu İsgəndər Mirzə qardaşı ilə birləşərək onun üzərinə yürüşə hazırlaşır.Şahrux bu xəbəri eşidib ordusu ilə dərhal yola düşdü.Osman bəy bu zaman ordusu ilə onun köməyinə yetişir və tərəflər arasında 1 avqust 1421-ci ildə baş verən döyüşdə Teymurilər dövləti hökmdarı Şahrux Mirzə Barlas qələbə qazanır.Döyüşdən sonra Osman bəy Şahruxdan icazə alaraq ölkəsinə qayıdır.Oğlu Əli bəy isə Azərbaycan valisi təyin edildi.Bu ərəfədə Osman bəy zəifləmiş Qaraqoyunlu dövlətinin əlində olan ərazilərə Ərzincan və Mardin üzərinə dəfələrlə yürüşlər etdi.Qısa müddət ərzində Çemişgəzək, Bayburt, Tərcan və Ərzincan ərazilərini ələ keçirərək öz torpaqlarına daxil etdi.Əhlət və Bitlis əmirləri də Osman bəyə tabe oldu.

1422-ci ildə Osman bəy Harput üzərinə yürüşə keçdi.Buranı fəth edərək oğlu Əli bəyi Harputa vali təyin etdi.Digər oğlu Habil bəyi isə Urfa ətrafında Məmlük ərazilərinə yürüşə göndərdi.Lakin Osman bəyin zəfərlərindən qorxuya düşən Məmlüklər Urfaya hücum edərək Habil bəyi əsir aldılar.Şəhəri isə dağıtdılar.

1430-cu ildə Osman bəy nəhayət ki,Mardini ələ keçirdi və bura oğlu Həmzə bəyi hakim təyin etdi.

1435-ci ildə Ağqoyunlu Qara Osman və Teymurilər dövləti hökmdarı Şahrux Mirzə Barlas Qaraqoyunlulara qarşı Şirvanşah I Xəlilullahla (1417-1465) ittifaq bağlamışdı. Ərzuruma sıxışan Qara İsgəndər geri çəkilməsi üçün Osman bəyə xəbər göndərdi.Lakin Osman bəy onun istəyinə rədd cavabı verdi.Nəticədə tərəflər qarşı-qarşıya gəldilər.Bu döyüşdə məğlub olan 80 yaşlı Osman bəy atdan yıxılaraq öldü. O,Ərzurumda dəfn edildi.

Cəlaləddin Əli bəy (1435-1438)

Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur.O Qara Yülük Osman bəyin oğlu idi.1435-ci ildə Tərcan yaxınlığında qeyri- rəsmi divan toplandı.Onlar Əli bəyi Qara Yülük Osman bəyin varisi kimi tanıdı.Qara Yülük Osman bəy vəfat etməzdən əvvəl oğlanları,qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.Ən böyük oğlu Yaqub bəy Kemax və Qara Hisar,Əli bəy Harput, Həmzə bəy Mardin, qardaşı oğlu Məhəmməd bəy Çemişgəzək,Şeyx Həsən Ərzurum, qardaşı oğlu Qılınc Arslan isə Palu ərazisinin idarəsini həyata keçirirdi. Qara Yülük Osman bəy hələ vəfat etməzdən əvvəl oğlu Əli bəyi özünə vəliəhd seçmişdi.Osman bəyin ölümündən sonra hakimiyyət uğrunda çəkişmələr başladı. Məhəmməd bəy və Qılınc Arslan başda olmaqla Qara Yülük Osman bəyin qardaşı oğlanları da Əli bəyin hakimiyyətinə qarşı çıxmışdı.Lakin Teymurilər dövləti hökmdarı Şahruxun dəstəyini alan Əli bəy Ağqoyunlu idarəsini ələ keçirdi. Əli bəy Ağqoyunlu taxtında oturduğu müddətdə böyük dövlətlərlə yaxşı münasibət qurmağa çalışırdı.Hətta bu məqsədlə Ərzurumda olarkən öz bacısını Şahruxun oğlu Cuki ilə nişanlamışdı.Beləliklə,Teymurilərlə yaxın qohum olan Əli bəy qardaş və qohumlarına qarşı əlini gücləndirdi. Lakin Əli bəyin hakimiyyətə gəlməsinə şərait yaradan Şahrux Teymuri idarəsindən geri çəkildikdə Əli bəy qardaşı Həmzə bəylə təkbaşına mübarizə aparmalı oldu.Bu barədə Əbubəkr Tehraninin Kitabi-Diyarbəkriyyə əsərində aşağıdakı məlumat öz əksini tapır: “İsgəndər Mirzə məğlub edilib Rum sərhəddinə doğru qaçdıqdan sonra,Şahruxun oğlu Cuki Mirzə Ağqoyunlularla münasibətləri möhkəmlətmək üçün Qara Osmanın qızı ilə evləndi.Eyni zamanda o, Diyarbəkri və Ağqoyunlu əmirliyini Əli bəyə tapşırdı və ona qızıl kəmər verib yola saldı.Bu,Ağqoyunlulara hamilik edən Teymurilərin Əli bəyin hakimiyyətini tanıması demək idi.Lakin Əli bəyin qardaşları xüsusən Sultan Həmzə,Məhəmməd bəy və Mahmud bəy heç bir vəchlə onun hakimiyyəti ilə barışmaq istəmirdilər. Elə bu da Ağqoyunlu dövlətini daxili çəkişmə və münaqişələrin bürüməsinə gətirib çıxardı”.

Teymuri Şahruxun bu evlilikdən çox şad olduğu bildirilsə də,Məmlük Sultanı Barsbayı bu müttəfiqlik narahat edirdi. O da Ağqoyunlu dövləti üzərinə yeni bir səfərin hazırlıqlarına başlayır.

Hakimiyyəti Ağqoyunlu bəyliyinin qışlaq torpaqları üzərində qismən qəbul edilən Əli bəy bundan sonra diqqətini Məhəmməd,Mahmud və Qara Osmanın yoldaşlarından biri ilə yanaşı bir neçə idarəçini öz tərəfinə çəkən Həmzə Mirzəyə yönəltdi. O həmçinin Məmlük sultanı ilə barışıq əldə etmək üçün oğlu Hüseyni Qahirəyə göndərir.Lakin onun bu addımına qarşılıq Barsbay Hüseyni zindana saldırdı. Nəticədə tərəflər qarşı-qarşıya gəldi.Əli bəyin oğlu Cahangir bəy rəhbərliyindəki Ağqoyunlu ordusu məğlub oldu.Cahangir bəy əsir düşdü.İki oğlu əsir düşən Əli bəy diqqətini başqa qüvvələr üzərinə yönəltməyə məcbur oldu.1436-cı ildə Qaraqoyunlu İsgəndər Ağqoyunlular üzərinə yürüşə başladı.Əli bəy, Yaqub, Şeyx Həsən, Mahmud, Məhəmməd və Pir Əlilərdən ibarət Ağqoyunlu divanı məşvərət üçün toplandı.Lakin onların səyləri nəticə vermədi.İsgəndər Mirzə Ərzurumu ələ keçirdi.Əli bəy bu mübarizədə məğlubiyyətə düçar oldu.Əli bəy 11 yaşındakı oğlu Uzun Həsəni də qardaşı Həmzə bəyin fəaliyyətini araşdırmağa göndərdi.

Şimalda nüfuzu zəifləyən Cəlaləddin Əli bəy Məmlük Sultanın Barsbayla yenidən danışıqlar aparmağa başladı.Onun məqsədi oğlanlarını geri almaq,cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək idi.Məmlük Sultanı Harput qarşılığında iki oğlunu geri verib hakimiyyətini tanımağı qəbul etdi.Cəlaləddin Əlinin baş qarışıqlığından istifadə edən Həmzə Mirzə Amid üzərinə yeridi. Bu zaman Uzun Həsən Amid Valisi idi.O Həmzə Mirzənin əlindən qaçaraq atasının yanına getməyə müvəffəq oldu.1438-ci ilin qışında Cəlaləddin Əli Ağqoyunlu rəhbərliyindən əl çəkdi.

“Kitabi-Diyarbəkriyyədə bu barədə yazır: “Bütün bunların nəticəsidir ki,Ağqoyunlulara cəmi bir neçə il formal rəhbərlikdən sonra Əli bəy faktiki hakimiyyətindən imtina etmiş və 1443-cü ildə Suriyada Hələb yaxınlığında müəmmalı bir şəraitdə ölmüşdü”.

Sara Xatunla evlənmiş 7 oğlu və 1 qızı olmuşdur.

Ardı var









Mənbə: Turkustan.Az