GÜNDƏM

Aktotı Raimkulova TÜRKPA-nın iclasında iştirak edib – FOTO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında iştirak edib.

Bakupost.az xəbər verir ki, Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk Əsri: parlament diplomatiyasının rolu” adlı 14-cü plenar iclasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib.

Türk Dünyası ölkələri arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi, ortaq strateji hədəflərin müəyyənləşdirilməsi və “Türk Əsri” anlayışı çərçivəsində birliyin siyasi, iqtisadi, mədəni və hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən iclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova türk dünyasının mənəvi birliyinin möhkəmlənməsi üçün belə platformaların keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, əsrlərlə cilalanmış ortaq türk mədəniyyətimizin dirçəldilməsi və gələcək nəsillərə ötürülməsi Fondun əsas missiyasıdır. “Parlamentlərarası diplomatiyanı zəngin türk mirasının keşiyində duran körpü”- adlandıran xanım Raimkulova, bu əməkdaşlığın türk dövlətləri arasında etimad və həmrəyliyi dərinləşdirdiyini qeyd edib. O, həmçinin birgə təşəbbüslərin Türk dünyasında sabitlik və tərəqqiyə güclü təkan verdiyini xüsusi olaraq diqqətə çatdırıb.

Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Erlan Koşanovun sədrliyi ilə keçirilən iclasda Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Turgunbek Uulu, Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Özbəkistan Respublikasının Ali Məclisi Qanunvericilik Palatasının sədri Nuriddin İsmoyılov, eləcə də üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, türk əməkdaşlıq təşkilatlarının, beynəlxalq qurumların və digər tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

Bakupost.azBakupost.az









Mənbə: Turkustan.Az