Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan xalqınının Ümummili lideri, Ulu öndər, müasir Azərbaycanın memarı və qurucusu da adlandırır. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmışdı. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir.
Tarixi fakt, sənəd, elmi ədəbiyyat, o dövrkü yerli və xarici KİV-lərə istinad edərək qeyd edə bilərik ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürülüb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyi ilə olduqları hər yerdə qarət, terror, soyqırımı, cinayətkarlıqla məşğul olan regional və beynəlxalq güclərin dəstəyini alan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki Ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə də xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycanın və dünya yaşayan azərbaycanlıların maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və praktiki addımlarla reallaşdırırdı. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəlxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar.
Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, dövlət suverenliyini, ərazi bütövlüyünü, milli təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək idi. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir ki, Azərbaycanın tarixinin 40 ili Ulu öndərin Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür.
Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xüsusilə də, Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi, əlbəttə ki, dünyada siyasi çəkisi olan, böyük dövlətçilik və strateji təcrübəsi olan Heydər Əliyevin o zaman üçün böyük tarixi və zamanın tələbinə uyğun mühüm tarixi hadisə idi. Ümumilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Resspiublikasını Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”.
Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın Konstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə onun tərəfindən həyata keçirilən xarici siyasət strategiyasında öz əksini tapmışdır. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söyləyirdi ki, “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın büruzə verirdi. Ulu öndər Azərbaycanı regional və beynəxalq güclərin əlindən qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Respublikasının Prezidenti və sillahlı qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin aruzusu yerinə yetirərkən demişdir: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”.
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Xüsusilə də, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, eləcə də İlham Əliyevin Müzəffər Ali baş Komandan kimi hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan dövləti və onu dəstəkləyən qüvvələr məğlub edilərək işğal olunmuş ərazilərimiz azad olundu.
Sübhan Talıblı,
Tarix üzrə fəlsəfə doktoru, dosent