ELM VƏ TƏHSİL XƏBƏRLƏRİ

Respublika birincisi: “Yüksək nəticə üçün gecə-gündüz oxumaq şərt deyil”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Aylin Xəlilova göstərib. O, maksimum nəticə olan 400 bal toplayaraq birinci mərhələdə fərqlənib.

Aylin Xəlilova Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur.

O, hər iki imtahan mərhələsinin nəticələrinə əsasən 697.5 bal toplayaraq IV ixtisas qrupu üzrə respublika birincisi olub. Onun birinci mərhələdə topladığı bal 297.5 təşkil edib.

Azedu.az təəssüratlarını öyrənmək üçün həmin abituriyent ilə əlaqə saxlayıb.

– Aylin, respublika birincisi olmaq necə bir duyğudur?

– Respublika birincisi olmaq möhtəşəm bir duyğudur. Valideynlərimin sevinci ilə yanaşı, müəllimlərimin də sevincini görmək məni daha da fərəhləndirdi. Mənim üçün ən önəmli olan onların etimadını doğrultmaq idi. Bu, həqiqətən də unudulmaz bir hissdir. Allah hər kəsə belə bir sevinc nəsib etsin.

– İmtahan balını gördüyün an nə hiss etdin?

– İmtahan kodumu unutmuşdum və dəfələrlə yazmağa çalışsam da, daxil ola bilmirdim. Sonra xəbərlərdə gördüm ki, Aylin Xəlilova 697 bal toplayıb.

O anda sinif yoldaşlarımla “Son zəng” mərasimindən sonra axşam yeməyində idik. Öz balımı görən kimi sevincimdən qışqırdım, ağladım. O hissləri yenidən yaşamaq istərdim…

– Bu xəbəri ailəndən ilk kimlə bölüşdün?

-Sevincimi bölüşmək üçün ilk olaraq atama zəng etdim. Çünki bilirdim ki, anam sevinəcək, amma mənim üçün ən önəmlisi atamın etimadını doğrultmaq idi. Ona görə əvvəlcə atama, sonra isə anama bu xoş xəbəri verdim.

– Yüksək nəticə toplayacağını gözləyirdinmi?

– İlin əvvəlində mənə desəydilər ki, 697 bal toplayacaqsan, mən bunu yuxumda belə görsəm, qətiyyən inanmazdım. Amma imtahan verdikdən sonra nəticəmin 400 bal olacağını bilirdim.

– Gələcəkdə hansı ali məktəbdə təhsil almaq istəyirsən?

– Azərbaycan Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil almaq istəyirəm.

– Gələcəkdə xaricdə təhsilinə davam etməyi planlayırsan?

– 6 illik bakalavr təhsilimi Azərbaycanda almağı düşünürəm. ATU-nu bitirdikdən sonra uzmanlıq üçün isə hələlik Almaniyanı nəzərdə tutmuşam, amma bunu da gələcək göstərəcək. Ancaq mütləq ki, xaricdə təhsil alıb, ölkəmə qayıtmaq istəyirəm.

– Son olaraq abituriyentlərə tövsiyələrin nə olardı?

– Mən bu sözləri həmişə demək istəmişəm. Abituriyentlərin belə bir fikri olur ki, yüksək bal toplamaq üçün gecə-gündüz oxumalı, istirahət etməməliyəm. Bunları mən də düşünürdüm. Ancaq bu, qətiyyən yanlış fikirdir.

Mənim 8-10 saat yatdığım günlər də olub. İstirahətimi də etmişəm, telefonuma da baxmışam. Ancaq vaxtı-vaxtında dərslərimi də oxumuşam.

10-11-ci siniflər abituriyent üçün ən gözəl vaxtlardır. Sırf imtahanlara görə əyləncədən geri qalmaq düzgün deyil. Bunun üçün də həm dərslərini oxuyub, həm də istirahət etmələrini tövsiyə edirəm.

 

Mənbə: BakuPlus.Az