Şairlər yurdunun əli fırçalı oğlu – Nəvai METİN
Əkbər QOŞALI
Ən azı XX yüzilliyin ikinci yarısından etibarən ədəbiyyatın, özəlliklə poeziyanın paytaxtı, ata ocağı sayılan Qazaxın bir yaradıcı oğlu da var ki, o, şeir yazmır, rəsm çəkir – başqa sözlə, şeiri fırça ilə yazır… Yəni Qazaxlılığını rəngləri danışdıraraq, büruzə verir… Onun adı Nəvaidir – özü kimi qədim, özü kimi millidir və ulu Türküstan ruhludur bu ad. Rəngi də görkəmi, yerişi-duruşu, səsi-sovu kimi türkdür, türkcədir… Sinəsində Qazaxdan uzaqlarda da, hər gün Qazaxdan keçən Ürək döyünür, baxışlarında Azərbaycanın torpağının arzusu – minbir rəngi var, əsərlərində isə bütün Türk dünyasının nəfəsi dolaşır…
Nəvai METİNin sənəti nə yalnız boyadır, nə də sadəcə forma. Onun tabloları bir çağırışdır – ruhumuza, yaddaşımıza, tarixi köklərimizə ünvanlanan vizual bir and yeridir. Yer deyirəm… lap torpaq da deyə bilərik, dağ da. Amma nə qəribədir – onun dəniz mövzulu tablolarında, sanki, dağlardan daha çox doğmalıq var… Bu, bəlkə də, dədə-babalarımızın dağlardan dənizlərə at qoşması ilə ruhi bağlılığın şəkillənmiş halıdır… Bu, ən azı, Qazaxdan keçib Xəzərədək dayanmayan Dəli Kürün arxasınca gəlməyin rəmzləşməsi, təcalla tapmasıdır…
Hər əsərində bir mif var, hər fırça vurusunda bir nəsil nəfəsi… Baxırsan – bir göz yaşı düşür, o biri əsərində gülən adamlar cəm olub, başqa bir küncdə çarpışan qılıncın səsi gəlir, bir yerdə isə ana laylası süzülür… Bu, təsvir deyil, bu – təcəssümdür. Nəvainin yaradıcılığı Azərbaycan təsviri sənətində bir xas istiqamətdir, Türk dünyasına və bütün dünyaya sənət əli uzatmaqdır…
O, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir – bu, sadəcə təşkilati görəv deyil. Bəli, bu, Türk Dünyasının sənət ruhunu özündə daşımaq, fırça ilə soydaşına qardaşlıq əli uzatmaq sorumluluğudur. O, bu sorumluluğu həm də ruhuna hopdurub. Nəvai Metinin əsərləri sınır tanımır – fiziki sınırları deyil, milli-mənəvi sınırları aşır, aşır, aşır…
Qazaxdan başlayan sənət yolu, İstanbulda, Ankarada, İslanabadda, Lahorda, Bişkekdə, Almatıda, Astanada öz izini buraxıb. Onun “rəsm dili” bir növ qardaş dillərin ortaq fonundakı sənət dilidir. Bu dilin adı – türk koloritidir.
Dəfələrlə söyləmişik – bu torpağın şairləri gözəlliyi sözə çevirər, amma bəzi oğullar var ki, gözəlliyin özünü rəngə çevirər. Nəvai Metin həmin oğullardandır. Qazaxın əli qələmliləri olduğu kimi, rənglə danışanları da var və Nəvai bu sıranın ön cərgəsind dayanır.
Altmış illik ömür – altmış addımlıq sənət yolu demək deyil. Bu, ruhun zamandan üstün olduğu, fırçanın taleyə çevrildiyi bir yolçuluqdur.
Bu fırça – yad rəngləri yox, türk ruhunun kölgəsini çəkir.
Bu imza – qələmdən yox, könüldən gəlir.
Bu sənət – zamana yox, milli yaddaşa yazılır.
Nəvai Metin – yalnız rəssam deyil. O, türk ulusunun gözlə görünən, könüllə sezilən rəngli sözdür. Bir mədəniyyət elçisidir o.
Sənətkar, ruhun işıqlı, fırçan sulu boyalı, yolun açıq olsun!
Mənbə: Turkustan.Az