GÜNDƏM

Türkiyə Paşinyana bu jesti etmədi: Diplomatik ehtiyat, yoxsa xəbərdarlıq?

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Nikol Paşinyanın İstanbul Beynəlxalq Aeroportunda Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci tərəfindən qarşılanması diqqət çəkib.

Politoloq Hak Martirosyan yazıb ki, “Nikol Paşinyanın vətəninə (Türkiyəni nəzərdə tutur – red.) səfərinin ilk kadrları çox təsirlidir və birmənalı deyil”. O bildirib ki, Paşinyanın qarşılanması zamanı yerə qırmızı xalça sərilməməsi diqqətçəkən məqamdır.

Qeyd edək ki, bu, N. Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə 13 nəfər daxil edilib.

Xatırladaq ki, artıq bir neçə gündür Ermənistan KİV-i Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərinin müzakirə ediləcəyinə dair xəbərlər dərc edir.

Turkustan.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, qırmızı xalçanın qarşılanma mərasimində yer almaması iki amillə bağlıdır:

“Birincisi, bu, ehtiyatlı diplomatik yanaşmanı göstərir. Türkiyə rəhbərliyi Ermənistan baş nazirinə göstərmək istəyir ki, ona hələ tam etimad göstərilmir, onun bundan əvvəl özünü sübut etməyə ehtiyacı var.

İkinci bir məsələ isə Türkiyə–Ermənistan prosesinin başlasa belə, istənilən mərhələdə dayana bilməsidir. Türkiyə–Ermənistan sərhədi bu ölkənin Azərbaycanla olan münaqişəsinə görə bağlanıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycan və Ermənistan arasında məsələ tam həll edilmədən münasibətlərin normallaşdırılmasından söhbət belə gedə bilməz.


Zeynal Əmrəliyev

Ermənistan isə real addımlar atmaq istəmir. Azərbaycanın məsələ ilə bağlı konkret tələbləri var. Ermənistan Konstitusiyasının preambula hissəsində olan, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü təhdid edən maddələrin dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasının təmin edilməsi bu tələblər sırasındadır. Ancaq rəsmi İrəvan hələ də kənardan gələn əmrlər əsasında bu məsələlərin həlli ilə məşğul olmaq istəmir.

Qırmızı xalça rəsmi protokolda nəzərdə tutulan bir məsələ deyil. Bunu sadəcə protokola hörmət xatirinə edirlər. Görünür ki, Türkiyə buna ehtiyac duymayıb. Əgər Paşinyan özünü sübut edərsə, Türkiyəyə gələcək səfərlərində bu məsələ nəzərə alına bilər”.









Mənbə: Turkustan.Az