Camış ətini niyə sevmirik?
Ölkəmizdə dana və qoyun əti daha çox sevilir və yeyilir.
Ancaq paytaxtın bəzi satış nöqtələrində alıcılara mal əti adı ilə camış əti satılır.
Bildirək ki, camış ətinin tərkibində zülallar və asan mənimsənilən dəmir komponentləri olduğu üçün dadına görə də dana ətindən fərqlənir. Elə rənginin tünd-qəhvəyiyə çalan qırmızı olması da tərkibindəki dəmir tərkibli birləşmələrlə izah edilir.
Lakin ölkəmizdə bu ətə maraq daha azdır. Bunu bəzən təbii otlaqlarda otlayan, bataqlıqlarda yatan camışların ətindən gələn özünəməxsus qoxu ilə əlaqələndirirlər.
Maraqlıdır, ağız dadına o qədər də uyğun olmayan camış ətinə ölkəmizdə tələbat var?
Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, camış əti mal ətindən daha dadlıdır, həm də faydalıdır:
“İnək əti ilə camış ətini çox az adam fərqləndirə bilir. Camış ətinin piyləri dana ətindəki piylər kimi ağ olur. Camış əti həm də az yağlı olur, gözə daha xoş görünür. Camışın qabırğaları nisbətən qalın olur, daha gec bişir, onu bəzən uzun müddət qaynatmaq lazım gəlir. Ola bilsin ki, vətəndaşlar buna görə camış ətinə maraq göstərmirlər”.
Ekspert bildirib ki, camışlar müxtəlif xəstəliklərə qarşı daha davamlı olurlar:
“Parazitar qurd xəstəlikləri xaric, camış daha sağlam, dözümlü və güclü heyvandır”.
Akif Nəsirli qeyd edib ki, dini baxımdan bəzi ilahiyyatçılar camış ətini haram buyurur:
“Bəzi din alimləri bildirirlər ki, camış gövşədiyinə görə ətini yemək düzgün deyil.
Lakin bu doğru yanaşma deyil. Camış da otla bəslənir. Yalnız suyu və palçığı sevir. Orada da qəbahət bir şey yoxdur.
Ona qalsa, Mərkəzi Asiyada at əti yeyirlər, qimis içirlər. Həm at tək dırnaqlıdır, camış isə cüt dırnaqlı. O yüzdən camış ətinin istifadəsini artırmaq və stimu yaratmaq lazımdır”.