ABŞ 24 il sonra bu planı işə saldı – BOP-un növbəti hədəfi Türkiyə ola bilər
Böyük Ortadoğu Projesinin (BOP) növbəti mərhələsinin başladığına dair müzakirələr aparılır. İsrail-İran müharibəsi isə bu layihənin ən ciddi hissələrindən biri kimi qiymətləndirilir. Corc Buş ABŞ prezidenti olduğu dövrdə Türkiyənin BOP-a verdiyi tam dəstək üçün o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyini açıqlamışdı. BOP, Yaxın Şərq və Şimali Afrikada siyasi düzəni dəyişmək məqsədilə ABŞ tərəfindən hazırlanmış strateji bir layihədir və bölgədəki geosiyasi proseslər bu kontekstdə qiymətləndirilir.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Böyük Ortadoğu Projesi (BOP) ABŞ-da Corc Buşun prezidentliyi dövründə elan olunan strateji bir layihədir:
“Layihənin məqsədi Yaxın Şərq və Şimali Afrika bölgəsindəki mövcud siyasi düzənin dəyişdirilməsi idi. Rəsmi olaraq layihə avtoritar rejimlərin demokratikləşdirilməsi, insan haqlarının təmin olunması kimi şüarlarla təqdim edilirdi. Ancaq əsas məqsədlər arxada gizlənirdi: ABŞ-ın bölgədəki maraqlarının təmin olunması, enerji siyasətinin yenidən qurulması, İsrailin təhlükəsizliyinin qorunması və Böyük İsrail ideyasının həyata keçirilməsi. Bu çərçivədə region dövlətlərinin parçalanması və ABŞ-İsrail maraqlarına uyğun yeni regional rejimlərin qurulması nəzərdə tutulurdu”.
Politoloq qeyd edir ki, BOP-un ilk mərhələsi İraqla başladı:
“Vaşinqton ilk addımı 2003-cü ilin mart ayında İraqda atdı. Səddam Hüseynin devrilməsindən sonra ölkənin üç hissəyə bölünməsi planlaşdırılırdı: birinci hissə Kürdüstan, ikinci hissə ərəb-şiə dövləti, üçüncü isə ərəb-sünni dövləti olmalı idi. Bu yanaşma mərhələli şəkildə digər ölkələrdə də tətbiq olunmalı idi. 2011-ci ildə başlayan “Ərəb baharı” prosesi ilə bir çox ərəb liderlərinin devrilməsi göstərdi ki, ABŞ bu layihəni reallaşdırmaq istiqamətində ciddi addımlar atır”.
Z.Əmrəliyevin fikrincə, hazırda baş verən İsrail-İran qarşıdurması da BOP-un davamı kimi qiymətləndirilə bilər:
“Zamanında bu barədə müxtəlif fikirlər səsləndirilmişdi. Mərhum Türkiyə baş naziri Nəcməddin Ərbakan da bu layihəyə qarşı çıxmış və BOP-un bölgəni xaosa sürükləyəcəyini bildirmişdi. Onun açıqlamalarında qeyd olunurdu ki, İraqdan sonra növbə Suriyaya, daha sonra isə İrana çatacaq. Hətta gələcəkdə Türkiyəyə qarşı da analoji addımların atılması istisna olunmur. Hazırkı proseslər də məhz bu ssenariyə uyğun şəkildə inkişaf edir”.
Politoloq əlavə edib ki, ABŞ-ın İraqa müdaxiləsinə Türkiyə də dolayı şəkildə dəstək verib:
“AK Partiya iqtidarı dövründə ABŞ əsgərlərinin Türkiyə üzərindən İraqa keçidinə icazə verilmişdi. Bu qərar Türkiyədə ciddi ictimai narazılıq yaratmış, ölkənin müharibədə tərəf olmaması ilə bağlı narahatlıqlar səsləndirilmişdi. Buna baxmayaraq, proses həyata keçirildi. Bütün bunların fonunda Türkiyə ABŞ-ın regionda əsas strateji tərəfdaşlarından biri olaraq qalır. Hətta Donald Tramp prezidentliyə gəldiyi zaman Türkiyənin İsrail məsələsində tutduğu mövqeyi dəstəklədiklərini açıq şəkildə bildirmişdi”.
Mənbə: Turkustan.Az