ABŞ Yəməndə husilərin yeddi qanadlı raketini vurub
Fevralın 23-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi ədəd qanadlı raketini vurmağa müvəffəq olub.
Elminfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, həmin raketlər “Qırmızı dənizə doğru atılmağa hazır idi və “özünümüdafiə üçün” vurulub.
Mərkəzi Komandanlıq raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və hərbi gəmilər üçün təhlükə yaratdığını iddia edib.
Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər. Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.