AÇIQ ÜRƏKLƏ…
Əkbər QOŞALI
(Fikrət Sadıq – 95)
“Döyüşdə ölmədim
deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.
Dön bax illərə, aylara,
Nəyim varsa para-para.
Qara günüm çoxdu,
qara
torpağı örtün üstümə.
Ümidim yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş,
Yarpağı örtün üstümə.
Göylər niyə zalım olsun,
Tale mənə zamin olsun.
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə”…
Bu şeir şairin özündən daha çox, onun ruhunun səsinə bənzəyir. Elə bil, bir ömür yaşayan deyil, yaşayan ömrü dinləyən bir insan danışır bu şeirdə. Elə bil Fikrət Sadıq (30.05.1930, Şamaxı – 16.11.2016, Bakı) özü yox, onun sözə çevrilmiş taleyi danışır. Və bu tale bir ulusun, bir nəslin, bir şairin keşməkeşli taleyi kimi gəlir adama…
Fikrət Sadıq poeziyamızda təkcə söz demədi – ruh danışdırdı – milli ruh! Onun poeziyası saf, sakit, sadə bir suda dərinliyi sezdirən təmizlik kimidir. Bəzən ulusal ruhunun özü qədər aydın, bəzən isə həmin ruhun üstləndiyi kədər qədər yükümlü…
Bu şeiri təkcə ritmik gözəllik saçmır – bu, şairin varlığını üç təməl simvolun əbədi birliyində çözməsidir: bayraq – vətən, varaq – söz, yarpaq – təbiət… Bu üçlüyün hər biri Fikrət Sadığın yaşamında da, yaradıcılığında da əsas dayaq nöqtələridir. O, bayrağına bağlı, sözə sədaqətli, torpağa sevdalı bir ustad idi. Onun üçün poeziya, bir məqamda torpaqla eyni dəyərə çevrilirdi – həm yazılacaq, həm də üstündə susulacaq yerə…
O, öz dönəminin şairi olsa da, hər dönəmin ağrılarına açıq bir ürəklə yaşadı. Ədib kimi qələm tutdu, əsgər kimi mövqe saxladı. Onun şeirlərində müharibənin, itkinin, (“lampada titrəyən alov” misali) üşümənin, yetim qalmanın səsi var – lakin bu səs heç vaxt ümidsizlik deyil. Hətta “ümidim yaralı bir quş” olanda belə, o ümid hələ uçmağa cəhd edən varlıqdır. Fikrət Sadığın poeziyası da yaralı ümidin himnidir sanki.
Bir çoxları onu publisist, ssenarist, kino redaktoru, kimi tanıyır, bəziləri isə uşaq ədəbiyyatının sevilən müəllifi olaraq anır. Amma onun poetik zərrinliyi – yəni hiss olunan incə, ölçülü-biçili, ləyaqətli duyğu ifadəsi çox vaxt bu səsli şöhrətin kölgəsində qalır. Halbuki Fikrət Sadıq klassik üslubla çağdaş duyğuların çarpazlaşdığı bir poeziya xətti yaradırdı. O, şair təvazökarlığıyla şeiriyyətin bəngü varlığı arasında bir körpü qururdu elə bil…
Fikrət Sadığın bir bu şeiri, bir də, Şəhriyarın farsca yazdığı –
“Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!” nidalı şeirini böyük uğurla doğma türkcəmizə çevirməsi qoşa qanad kimi bəsidir – deyərdim. – Nə “Son şeir”i, nə “Azərbaycan”ı şahanə və şəhriyarə tərcüməsi birdən-birə meydana çıxa bilməzdi, ilələlbət! Deməli, yaradıcılıq zənginliyi olmalıydı, onun əsasında belə gözəlliklər hasil ola bilsin…
Bugün, 95 illik ömrün işığında dönüb onun yaradıcılığına baxanda görürük ki, Fikrət Sadıq özünə bir “dərə məzarı” deyil, oxucusunun qəlbində başıqarlı dağ yeri qazıb. Onun misraları bir ocağın külü deyil, bir dağın ruhi energetikası və nəfəsidir…
Ruhu şad olsun!
Mənbə: Turkustan.Az