ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti arasında əməkdaşlıq genişlənir
İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Ciovanni Molari və nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universitetində olub.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Rektor Molarinin sayca ikinci olan bu səfəri zamanı əsas müzakirə mövzuları sırasında humanitar elmlər sahəsində əməkdaşlıq, ADA Universitetində “İtalyanşünaslıq” proqramının tədrisi, Azərbaycanın mədəni irsi, dili, tarixi, ədəbiyyatı, musiqisi, memarlığı, teatr və kinoşünaslığı, tətbiqi incəsənətini özündə cəmləşdirən “Azərbaycanşünaslıq” proqramını dövrümüzün çağırışlarına cavab verəcək metodlarla tədris etmək, həmçinin mədəniyyət qurumlarını idarə edəcək mütəxəssislər yetişdirmək üçün Bolonya Universitetinin təcrübəsindən yararlanmaq kimi məsələlər yer alıb. Bununla yanaşı, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təhsil alacaq tələbələr üçün italiyan dili və mədəniyyəti üzrə kursların təşkili də müzakirə edilən mövzulardan olub.
Bolonya Universiteti ilə humanitar sahədə bu yeni əməkdaşlıq istiqamətini müzakirə etmək üçün mədəniyyət naziri Adil Kərimlinin və elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə görüşlər keçirilib. Tərəflər sözügedən sahədə mövcud çağırışlar və bu çağırışların həlli üçün qurulan akademik əməkdaşlığın verə biləcəyi töhfələrdən bəhs ediblər. Daha sonra müzakirələr işçi səviyyədə hər iki universitetin nümayəndələrinin iştirakı ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda davam edib. Bundan əlavə, nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, tarixi və dini abidələrin qorunduğu bir neçə məkana baş çəkiblər.
ADA Universitetinin Bolonya Universiteti ilə əməkdaşlığı hazırda İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Kənd təsərrüfatı və qida elmləri istiqaməti üzrə həyata keçirilir, bu istiqamətdə işlər səylə davam etdirilir. Təsadüfi deyil ki, rektor Ciovanni Molarinin 2023-cü ilin aprel ayında ADA Universitetinə ilk gəlişi məhz elə bu sahə üzrə yeni fakültənin açılış tarixində baş tutub. Bu da öz növbəsində kənd təsərrüfatı və qida elmləri üzrə təhsil sahəsində əməkdaşlığa göstərilən önəmdən xəbər verir.