ADPU-nun Şamaxı filialında “Mədəni irsimiz: Dünən və bu gün” mövzusunda sərgi təşkil edilib
ELMİNFO.AZ xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və suverenlik ili” və Quba Soyqırımı Memorial Kompleksinin layihəsi çərçivəsində “Mədəni irsimiz: Dünən və bu gün” layihəsi çərçivəsində sərgi təşkil edilib. Sərginin açılışında çıxış edən Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, Quba Soyqırımı Memorial Kompleksi ilə filial arasında imzalanmış memorandumun bəndlərinə uyğun olaraq həyata keçirilən bu sərgi mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Çıxışda qeyd olundu ki, Azərbaycan dövləti və xalqı tarixi və əzəli torpaqlarında haqlı mübarizəsini beynəlxalq hüquqa əsaslanaraq davam etdirir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti və silahlı qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğal dövründən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu Zəfər yürüşündə həmçinin Ermənistanın xalqımıza qarşı törətdiyi etnik təmizləmə, soyqırımı və vandalizmin qisası alındı.
Ermənistan işğal etdiyi ərazilərdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Hazırda bu abidələrin bərpası və tarixi irsin qorunması istiqamətində araşdırmalar aparılır. Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir.
Daha sonra sərgi haqqında ətraflı məlumat verən filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mədəni irsin qorunmasına və bərpasına dair aktual məsələlərə toxundu. O qeyd etdi ki, Qarabağda işğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu, həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə bir tarixdir, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası həm də bizə keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir. Çıxışda Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı geniş çıxış etdi, abidələrin tarixi və onların bərpa prosesləri ilə bağlı müfəssəl məlumatlar təqdim edildi.
Filialın əməkdaşlarının və tələbə heyətinin böyük maraqla izlədiyi sərginin nümayişi bir neçə gün ərzində davam edəcəkdir.