ELM VƏ TƏHSİL

ADPU-nun Şamaxı fililında seminar keçirilib

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Məktəbdə tədqiqat əsaslı öyrənmə mühiti və gender yönümlü yanaşma” mövzusunda  seminar keçirilib.

elminfo.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova açaraq mövzunun aktuallığından danışıb. Sonra “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı və Bakı Dövlət Universitetinin doktorantı İlahə İsgəndərova mövzu ilə bağlı məruzəsini təqdim edib.  Onlar bildiriblər ki, tədqiqat yolu ilə öyrənmə şagirdlərin təlimə marağını yüksəldir, elmə və elmi araşdırmalara həvəs yaradır, ünsiyyət mədəniyyəti, kollektiv iş bacarığı formalaşdırır. Bu da öz növbəsində qızları və oğlanları birgə fəaliyyət göstərməyə stimullaşdırır, nəticə etibarilə məktəbdə gender əsaslı öyrənməyə, təlim keyfiyyətinin yüksəlməsinə şərait yaranır.

Həmçinin görüşdə Böyükağa Mikayıllı məktəbdə tədqiqat mühitinin yaradılması ilə bağlı beynəlxalq təcrübədən danışıb, dünyanın ayrı-ayrı ölkələrində müvafiq mövzu ilə bağlı apardığı araşdırmalardan bəhs edib. İlahə İsgəndərova isə təlim zamanı gender yönümlü yanaşmanın pedaqoji aspektdən əhəmiyyətini vurğulayıb. Natiqlər həm qız, həm də oğlan şagirdlərin tədqiqat əsaslı öyrənmə, təlimdə irəliləyiş bacarıqlarını asanlaşdırmaq üçün təkliflər veriblər.

Tədbirdə tələbələrin mövzu ilə bağlı ünvanladıqları suallar, məruzəyə nümayiş etdirdikləri fərdi münasibət, yanaşma və baxışları maraq doğurub.

Sonda təlimçilər universitet rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir